İlham Əliyevin on ildir əkdiklərinin bəhrəsi 2013-də görünməyə başlayıb: aparılan “uğurlu” xarici siyasətin nəticəsində Rusiya Azərbaycana silah satışını dondurub, Ermənistan isə limitsiz olaraq bu ölkədən silah alır; sərhədlərimizə rus ordusunun toplandığı haqqında vaxtaşırı olaraq məlumat gəlir; ölkəmizdəki siyasi proseslərə xarici müdaxilə imkanları ilə bağlı iqtidar təmsilçilərinin həyəcanlı ritorikasında hədəfə götürülən şəxslərin arxasında Putin Administrasiyasının durduğu bildirilir; Iran parlamenti Azərbaycanı özünə birləşdirmək yolunda “hüquqi bazanı” hazırlamaq üçün çabalar göstərməkdədir…
Bu məngənədə yeganı tutalğacımız olan Türkiyə hökumətinin Azərbaycan hakimiyyətinə hər kəsə bəlli olan münasibətini isə yumşaq şəkildə və ən yaxşı halda belə ifadə edə bilərik: sevmirlər!
Bəs, Qərblə ilişgilər hansı səviyyədədir? Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycanın Rusiya və Iran gücləri qarşısında üzünü tutacağı beynəlxalq birlik, qüvvə varmı?
ABŞ da daxil olmaqla, dünyanın ən böyük dövlətlərinin nüfuzlu mətbuat orqanlarında sistemli olaraq tənqid edilən, Dubay mülklərindən tutmuş Virciniya adalarındakı ofşor hesablarına qədər, bir çox gizlinləri, o cümlədən son illərdə Azərbaycandan 48 milyard dolların çıxarıldığı həqiqəti açıqlanan iqtidara Qərbin münasibəti ortada. Bunun qarşılığında Almaniyada insan haqlarının vəziyyətini öyrənməyə girişən, “üç badam, bir bərk qoz” qəzetində fövqəlgücləri hədəf seçən Azərbaycan hakimiyyətinin yeridib-yürütdüyü təkəbbürlü siyasətlə hansı normallaşmadan və tərəfdaşlıqdan söhbər gedə bilər ki?
Nüfuzlu QHT-lərə qarşı son “soyqırım” kampaniyası isə Azərbaycan hakimiyyətinin sözün tam mənasında siyasi korafəhmliyinin bariz nümunəsidir. Bu addımlar nəyə hesablanıb? Azərbaycan hakimiyyəti bölgədə maraqları olan dövlətlərlə savaş ritorikasında kimə güvənir? Özünə və xalqınamı?
Ölkə – başdan-başa rüşvət və korrupsiya içində can verməkdədir, neftin başına bağlanmış gəlirlər ağına-bozuna baxmadan, özləri demiş, “dünyada analoqu olmayan” səviyyədə – magistral yolların keçdiyi qəsəbələri görünməz edən hasarların tikilməsi təfəkküründə – talanır, yağmalanır, dağıdılır. Daxili siyasətin atributları isə… – “El” hərəkatını ofisdən qovmaq, ziyalıları rayonlara buraxmamaq, gəncləri müxtəlif bəhanələrlə, narkotik və “Molotov kakteyli” hazırlamaq kimi gülünc ittihamlarla türmələrə doldurmaq, istiqlalçı deputatın başına torpa keçirmək, prezidentliyə namizədliyini ortaya qoyan şəxsi seçicilərlə görüşə buraxmamaqdan ibarətdir.
Bu ölkənin “ümumilli problemi” ilə ilgili bir şəxsin, Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərovun Kəlbəcərdə ermənilərin məktəb tikməsinə verdiyi reaksiyanı gördünüzmü? Işğal olunmuş rayonun icra başçısı Mahmud Quliyevin Isa Qəmbərin seçicilərlə görüş təşəbbüsünə cavabını oxudunuzmu?
Hələ daha dəhşətli faktlar var: Samir Əsədlinin dediyinə görə, Novxanıda keçirilən tədbirə soxulan şanlı polislərimiz treninq iştirakçılarını divara dirəyiblər ki, tez eləyin, “Fridrix Nauman” və “Britiş Konsul” adlı xarici vətəndaşları bizə göstərin! Yəqin Fridrix Naumanın cibindən narkotik tapmağa gəliblərmiş… Almaniyanın Fridrix Nauman Fondu və Britaniya Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirin mahiyyətini anlamayan, amma iştirakçıların üstünə qırğı kimi şığıyan polis təfəkkürü iləmi Azərbaycanı qorumaq və inkişaf etdirmək istəyir Ilham Əliyev?
Bu ağıl dəryaları polis polkovniki Əlövsət Əliyevin Haqq dərgahında olan valideynlərini polis idarəsinə çağırıb da, övladlarının tərbiyəsi ilə bağlı “profilaktik söhbət” etmək niyyətindədirlər… “Gənclərlə söhbət” komandasını can-başla icra etməyə girişənlər və gündə onlarla gənci qeyri-qanuni olaraq idarəyə çağıranların olmayan başlarını necə itirdiyini görürsünüzmü?
Bunlardır Ilham Əliyevin komandası; bunlardır sağı-solu yağı ilə dolu Azərbaycanda xalqa “arxalananlar”, hakimiyyətin mənbəyinin xalq olduğunu təşəxxüslə dilə gətirənlər. Bu DANƏlərlə sən nə deyib xalqa güvənir və dünyaya meydan oxuyursan?
YAP-ın ağır vuran artilleriyası Əli Əhmədovdursa və adam açıq-açığına, “El” hərəkatını nəzərdə tutaraq: “Bu, bir güc deyil, ortada bir şey yoxdursa, nəyə hücuma keçəsən”, – deyirsə və dolayısı ilə müxalif siyasi rəqiblərini, güc hesab etdiklərini dövlətin zor aparatı ilə dağıtdıqlarını təsdiqləyirsə, rayon təşkilatları, icra başçıları, bölmə rəisləri hansı siyasi-diplomatik bacarıq ortaya qoymalıdırlar?
Ilham Əliyev bunlaramı güvənib, dünya dövlətlərinə iradə göstərir?..