Uşaq idim, rəhmətlik anam qonşunun tavasında mürəbbə bişirirdi. Necə oldusa tavanın dibi yandı. Bütöv günü külnən sürtsək də, yanıq izləri tam getmədi. Tavanı qaytarmaq lazım gələndə hərə bir bəhanə ilə aradan çıxdı. Mən dinməzcə tavanı aparıb verdim qonşuya. Yaxşı yadımdadı, tavanın təhvil verilməsindəki əməyimə görə bir neçə gün evdə kimsə məni heç bir işə buyurmadı. Üstündən xeyli keçmişdi ki, anam həmin qonşudan nehrəmizi gətirəndə görür ki, nehrə çatlayıb. Demə, evin gəlini uşağa nəsə atanda nehrəyə dəyib. Rəhmətlik qaynanası gəlinə təpinib anama dil-ağız edəndə gəlin mızıldanır ki, nehrə guya bizdən gedəndə çatlaq olub. Anam da bir kəlmə deyir ki, nehrəni sağ-salamat veribmiş. Onda gəlin qayıdıb ki: “Bəlkə tavanı da mən yandırmışam?”. …Əlqərəz, bir də gördük yazıq Anam nehrəni götürüb kor-peşman gəlir. Pərtliyinin səbəbini soruşanda: “Bənövşənin gəlini dərsimi verdi, deyib, nehrənin çat yerini sığalladı. Sonra yavaşdan bir də dilləndi: ”Kişinin qızı düz deyir də, tavanı o yandırmayıb axı…”.
Martın 25-dən bəri Qəbələdə baş verənlərə təkrar toxunmağa ehtiyac yoxdu, əllərinə sağlıq, ölkə mediası hadisələri bol-bol işıqlandırdı. Martın 25-dəki tətildən, sonrakı məhkəmələrdən və aprelin 5-nə təyin edilmiş aksiyaya qədər həm peşəkar kimi, həm də sadə vətəndaş kimi bəzən fiziki gücümü aşan mövqeyimi hər kəs bilir. Sonuncunu dəstəkləmədiyimi açıqca həm tətilçilərə şifahi şəkildə, həm də “feysbuk” səhifəmdə yazıb bildirdim. Məntiqə və faktlara söykənən şübhələrimi ünsüyyətdə olduğum tətilçilərə açıq-aşkar izah elədim.
Aprelin 5-dəki mini tədbirdə şükür, heç bir təxribat baş vermədi, sadəcə polislər vərdişdən qalmamaq üçün dörd nəfəri şöbənin qapısından içəri salıb buraxıblar. Qaldı ki, adamların həmin gün yığışmamağı, bundan ötrü qarşıda hələ nə qədər vaxt var. Əsas olanı indiki həssas məqamda başlanan tətil ənənəsinin qorxulu hala çevrilməsinin qarşısını almaqdır. Bunun üçün çalışanların əlinə yersiz fürsət verməməkdir.
Son günlər aksiyanın baş tutmamasındakı “müstəsna rolumun” əksini sübut etmək niyyətindən uzağam. Bu barədəki fikirlərimi artıq dəfələrlə izah eləmişəm. Yəni həyatımın bu dönəmində özümü təsdiqə heç bir ehtiyacım yoxdur. Yaşadığım ərazidə kim olduğumu və nəyə xidmət elədiyimi hamı bilir. Ona görə də adımın “hakimiyyətə yaxın” adamlar ibarəsiylə hallandırılmasını mənasız hesab edirəm. Üstəlik, əsl tətillə əlaqəsi olmayan öyrədilmiş beş-üç nəfərin “Nazlı xanım aprelin 5-i aksiyasını dəstəkləməməklə bizə xəyanət etdi” kimi ittihamları gülməlidir. Əvvəla, mən tətil iştirakçısı deyiləm, müstəqil jurnalistəm və harda, nə zaman olmağıma özüm qərar verirəm. Üstəlik, bildiyim bütün yollarla bu məsələylə bağlı qərarımı əvvəlcədən bildirmişəm. Yeri gəlmişkən, bu barədə yazdığım əvvəlki köşə yazımda son cümlə “iştirak etmək barədə düşünməyə dəyər” əvəzinə “iştirak etməyə dəyər” kimi gedib. Həmin yazı zatən nəzərdə tutulan aksiyadan sonraya düşmüşdü, amma yenə yol verdiyim texniki qüsura görə oxucularıma bir üzür borcum olduğunu düşünürəm.
Hər şeyə rəğmən martın 25-də “Azəri Trans” şirkətinin qarşısında keçirilən uğurlu fəhlə tətili Qəbələnin tarixinə öz səhifəsini yazdı. Ən azı ona görə ki, məhz həmin aksiyada əməyi “xozeyin” üsul-idarəsiylə istismar edilən adamlar qanuni fəhlə olmaq tələbini qoymuşdular. Medianın ev sahibəsi qismində yaşadığım xoş həyəcan və yorğunluqdan sonra qanımı qaraltmağa cəhd edənlər buna dəyməsələr belə, onlara xırda bir sürprizim var:
“Həbsdəkilər verilən sutkalarını sağ-salamat başa vurub azadlığa çıxdılar. Fəhlə tətilinin rəhbəri Tehran Musayev aprelin 5-dəki aksiyanın alınmaması hesabına baş tutmayan hər hansı insidentə görə bizlərə səmimi razılıq etdi. Bu təqdirə ehtiyacımız olmasa belə, qarışıq və çətin bir şəraitdə hətta həbsdəkilərin fikirləriylə üst-üstə düşən qərarımıza görə sevindik. Allah hər kəsi haqq etdiyi qədər sevindirsin.
Qaldı ki, bəzi saxta qəhrəmanlara: Tavanı mən yandırmamışam, amma onu yandırmağa cəhd edən qüvvəni tanıyıram. Gözlərinizi yaxşı-yaxşı silib, güzgüyə baxın…
09.04.2013