Rusiyada fəaliyyət göstərən təşkilat rəhbərləri iqtidarı yerdən-yerə vurdu
«Xalqına xidmət edən insanları cəzalandırmaq və ləkələmək Azərbaycan hakimiyyəti üçün adi haldır»
Rusiyanın Moskva, Nijeqorod, Samara, Yaroslavl vilayətləri və Tatarıstan Respublikasında fəaliyyət göstərən Azərbaycan diasporlarının rəhbərləri Qalib Ağayev, Vidadi Abbasov, Şirvan Kərimov, Osman Hüseynov və Sübhan Əhədzadə Azərbaycan ictimaiyyətinə müraciət edib. Müraciətdə bu vaxta qədər Rusiyada yaşayan azərbaycanlı ziyalıların Qarabağ həqiqətlərini Rusiya ictimaiyyətinə çatdırmasında, mədəniyyətin və dilin qorunmasında rəsmi Bakı tərəfindən dəstək görmədikləri deyilir.
Müraciət müəlliflərinin sözlərinə görə, Rusiyadakı diaspor təşkilatları Azərbaycana sadəcə lazım deyil. Çünki hakimiyyət Rusiyada güclü Azərbaycan diasporasının yaradılmasıda maraqlı deyil.
Müraciət müəllifləri 2012-ci ilin avqustunda Rusiyada yaşayan azərbaycanlılara yardım məqsədi ilə yaradılan Rusiya Azərbaycan Təşkilatları Ittifaqının rəsmi Bakı tərəfindən aqressiv qarşılandığını yazır: “Hakimiyyət təhlükə uyduraraq təşvişə düşüb. RATI üzvləri dəfələrlə xoş niyyətlə fəaliyyət göstərdiklərini desələr də, Azərbaycan hakimiyyətini inandırmaq mümkün olmadı. Artıq 8 aydır davam edən isterika totalitar rejimlərə xas şizofreniyaya çervilib. Elə təəssürat yaranır ki, Azərbaycanda başqa problem yoxdur. Yalnız bir problem var – azad, müstəqil düşüncəli Rusiya azərbaycanlıları. Artıq 8 aydır RATI və Söyün Sadıqov tərəfindən Azərbaycana qarşı ”hazırlanan” planlar uydurulur, daha sonra bunu müzakirə edir, bekar-siyasətbazlar bəyanatlar verir. Bizə bunlara ancaq gülmək qalır. Paralel Rusiyadakı azərbaycanlıların ağsaqqalı Abbas Abbasovun qohumları həbs olunur, digər qorxutmaq metodları işə salınır. Sivil dövlətlərdə ictimai-siyasi xadimlərə qarşı qohumlarının həbsi və hədələr vasitəsilə təzyiqlər edilmir. Belə üsullar fərqli fikri qəbul etməyən qəsbkarlara xasdır. Hakimiyyətin qohumluq və klan münasibətləri üzərində qurduğu ölkədə başqa cür olmur. Xalqına xidmət edən insanları cəzalandırmaq və ləkələmək Azərbaycan hakimiyyəti üçün adi haldır. Biz buna görə utanırıq. Biz həm də reytinq xatirinə bu milli biabırçılığı bütün dünyaya işıqlandıran KIV-ə görə də utanırıq. Biz utanırıq ki, Azərbaycanda belə həvəslə işğaldakı torpaqların azad edilməsi yolları, korrupsiyaya görə lider olan neft ölkəsindən insanların kütləvi miqrasiya məsələsi və nəhayət Şimalı Koreyadakı situasiya ilə müqayisə ediləcək totalitarizm müzakirə olunmur.
Hörmətli həmvətənlərimiz! RATI və “Azərros”a qarşı başlanan çirkin təbliğata inanmayın. Onlar xalqına sadiq olan və ona xidmət edən oğullardır. Məhz xalqına, onun maraqlarına xəyanət edən hakimiyyətə deyil”.