Sabiq rektorun danışıq apardığı şəxslər ondan qardaşına nə yazmasını istəyib?
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin oğurlanmış qardaşı Mahir Abdullayevlə bağlı yeni video “Azadlıq. TV”yə təqdim edilib. Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi tərəfindən təqdim edilən videoda maraqlı məqamlar yer alıb.
E.Abdullayevin kabinetində çəkilən videoda, E. Abdullayevin özü, qardaşı Elsəvər Abdullayev, prezidentin mühafizə xidmətinin əməkdaşları olduğu bildirilən, Babaşov Natiq Cabbar oğlu, və soyadının dəqiqləşdirilməsi mümkün olmayan Sahib (videoda Sahibə Seyid deyilərək müraciət edilir) arasında Mahir Abdullayevin azad edilməsi barədə söhbət gedir. Aparılan danışıqdan məlum olur ki, M.Abdullayev Azərbaycanda saxlanılır. Lakin M.Abdullayevi oğurlayan dəstənin rəhbərliyi Rusiya Federasiyasının Santk-Peterburq şəhərində olur. Natiq Babaşov bir dəfə Sankt-Peterburqa səfər edib və növbəti dəfə səfərə getməsi planlaşdırılır. Vidonun steqoramı ilə tanış olun:
E.A: Bu faciədir gəlib başımıza bunun çıxış yolunu tapmalıyıq. Sən ağıllı adamsan, Ştirlits kimi bir şeysən. Bunun çıxış yolunu tapmalısan Ştirlits. 16 gündür heç nə yoxdur ortalıqda.
Seyid: Bax burda (əlini kağızın üzərinə qoyur) göz var. Allah sirri idi. Bizim üçün qaranlıq bir şey idi. Mən haradan bilirdim? Bir qardaş kimi düzünü danışmaq lazımdır. Mən haradan bilirdim ki, Qulu (Qulu Cəfərov Mahir Abdullayevin tələbəlik dostu, MTN polkovniki Akif Çovdar ovun yaxın qohumu olduğu bildirilir) kimdi? Düzünü danışaq. Əgər bu söhbət yoxdursa, bu reallıq yoxdursa, bunların əlində deyilsə (M. Abdullayev nəzərdə tutulur) biz bunları haradan bilirik?
E. A: Bax indiki vəziyyətdə nə edək? Gedirik şəkilimizə qol çəkmir. Gedirik telefonumuza cavab vermir. Nə edək yolunu göstərin.
Seyid: Bəlkə 1 vərəq kağız yazasan?!
E.A: Nə yazım kağıza?
Seyid: Mahir adam ol. Elə belə Bizimlə danış. Ailə-uşaq hamı narahatdır səndən ötrü. Belə bir cümlə yaz, ağsaqqalın sözünü yerə salma. Bu işlə məşğul olan şəxs hörmətli yoldaşdır. Hamımız səndən ötrü narahatıq. Bir kəlmə ilə, nə məktubumuza cavab ver, nə də telefonumuza. Versinlər içəri. Insandı bəlkə vicdanı oyandı.
E.A: Ağlabatan şeydi.
Seyid: Vallah da. Bir balaca kağızdır. Qızıl deyil, brillyant deyil. Yaz ki, Mahir bizi narahat eləmə. Uşaq əldən gedir. Bax belə. Ağsaqqalın sözü yerə düşməsin. Bizə cavab ver.
E.A: Vallah bu 18 yaşındakı qız zad deyil ki, məktublara cavab yazmasın.
Seyid: Belə tonla yazın. Yazın ki, Mahir bizə cavab ver. Bizə sənin səsin, imzan lazımdır.
N.B: Yazın, üstünü də “peçatlayın”.
Seyid: Yazın ki, cavab ver bizə.
E.A: Eldənizlə gedib çıxa bilməzsiz ora?
N.B: Qurban olum sizə. Bir söz deyim. Bax siz bununla danışmasaz mənə inanmarsınız. Belədir də söhbət. Mən də istəyirəm ki, siz onunla danışasız. Sonra gedim rahat işimi görüm. Ondan sonra gəl tut yaxamdan de ki, get gətir. Gətirməsəm əclafam. Hə.
E.A: Onda gəlin işi konkretləşdirək.
N.B: Iş konkretləşib.
E.A: Onda gedin gətirin. Onda məsləhət ver biz nə edək?
N.B: Mən bədbəxt oğlu nə edim?
E.A: Nə təklif edirsən?
N.B: Siz mənə inanmırsınız. Vallah mənə inanmırsınız. Bu inamsızlıqla mən heç nə edə bilmərəm.
E.A: Bəs biz nə edək? Sənin bu işdə təcrübən var. Sən de biz edək.
N.B: Siz onu (M. Abdullayev nəzərdə tutulur) yola gətirin. Elə edin ki, danışsın.
E.A: Apar məni onun yanına yola gətirim.
N.B: Elə şey deyirsiniz ki, alınmayan şeydir.
E.A: Onda alınan yolunu de.
E.A: O mənim kiçik qardaşımdı. Ona bir söz deyərəm qaqaş Mahir danışar. Təşkil edə bilərsən? Mən bilirəm onun dilini.
Seyid: Bəlkə bir kəlmə yazasan ki, kişi ol. Bizi başa düş.
E.A: Məktub gedə cavab gələ.
Seyid: Elşad müəllim maşında oturub “vız” getdilər, “oxrandı” nədir ona verirlər. Oradan tapşırıq verirlər ki, çatdırın ona.
E.A: Sabah çıxın gedin, sağ-salamat qayıdın gəlin.
N.B: Allah haqqı ilişib qalmışam. Allah haqqı Şahin (Şahin soyadı məlum deyil. Əslən Cəlilabad rayonundan olduğu və kriminal aləmdə tanınmış şəxs sayıldığı bildirilir) bundan hirsləndi telefonu bağladı. Dedi söz sənindir.
E.A: Onda sən Şahinlə danış. Selektorla danışaq. Denən telefonu ver qardaşı ilə danışsın. Sahibin (Seyidi nəzərdə tutur) dediyi sözlərlə biz ona müraciət edək.
N.B: Danışsın da qurtaraq bu söhbəti. Mən ona demişəm ey, mən siz tərəfdənəm.
E.A: Onda Şahinlə danış indi.
N.B: Şahin dincəlir.
Otağa kimsə daxil olur. Söhbət kəsilir. Elsəvər Abdullayev Seyidin yerinə əyləşir.
E. Abdullayev qardaşı Elsəvər Abdulayevə xitabən bildirir ki, M. Abdulayevə məktub yazmaq lazımdır. Yenidən Mahirlə telefon danışığı məsələsi müzakirə edilir.
N.B: Mirbaba (soyadı məlum deyil. Milliyyəti ləzgi, kriminal aləmdə nüfuzlu şəxs olduğu söylənilir) ilə danışdım. Mirbaba deyir ki, danışmır, vuraq onu?
E.A: Danışmamağının səbəbini deyir? Heç danışmır?
N.B: Susub danışmır. Özün səsini eşitmisən. Açıqla da. Qardaş verdiyiniz nömrəni vermişəm. 627 65 91.
Seyid: Danışmır da.
E.A: Bəlkə bizim telefonumuzu ora aparasız?
N.B: Mən o variantı demişəm onlara.
E.A: Elsəvərlə mən bu gün təzə nömrə götürmüşük. Verim o nömrələri.
Bir müddət telefonun Mahirə çatdırılması məsələsi müzakirə edilir.
E.A: Qardaş bilirsiz nə var? Bizə onun səsi lazımdır. Heç nə də lazım deyil. Onun iki uşağı yoldaşı nə gündədirlər onlar. Kişinin başına iş gələr. Başımıza iş gəlib. Ona görə də qardaş, bax gedək 2 dənə telefon al. 3 dənəsini al özünüz bilərsiniz. Öz kanallarınızla alarsız, özünüz bilərsiniz. Versinlər o telefonu ona. Biz həmin nömrələrlə ona zəng edək. Bəlkə bu işin öhdəsindən gəldik. Bəlkə bir kaset yazıb verək ona. Deyək a bala bizimlə danış.
Seyid: Kaset də olar. Bax belə iri hərflərlə yazın. Mahir bizimlə danış. Ailə uşaq hamı narahatdır. Və danışmamağın ağsaqqalımızı hörmətdən salır. Bax belə yazın.
Elsəvər Abdullayev E. Abdullayevə xitabən: Ver mənə yekə kağız. Var səndə? Onun şəkili var? Ver şəkilinin arxasına yazım. Bir qol çəkim. Mən onunla danışım. Özü də mən danışacam onunla. Bir kəlmə söz soruşacam. 16 ildir bu işlə məşğulam. Özü də bir adama mərdimazarlıq etməmişəm. Bir kəlmə söz soruşacam ondan. Görüm sağdır, ordadır. Mən başqa şey istəmirəm. Ondan sonra görüşün.
Daha sonra E. Abdullayev qardaşı Elsəvər Abdullayevə Beynəlxalq Universitetin rəsmi blankını verir. Bildirir ki, blankın içində loqo var.
E.A: Özü bilir bunu? Mənə bir dənə yekə şəkilini də ver. Niyə susur o? Mənə cavab verəcək. Onu ən çox danlayan mən olmuşam.
Daha sonra Elsəvər Abdullayev M.Abdullayevə məktub yazır.