Elşad Abdullayev Məmmədxan Rəsulovun zəhərlənməsinin təfərrüatlarını danışdı
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yeni video yayacağı barədə məlumat vermişdik. Bu barədə qəzetimizə açıqlamasında Elşad Abdullayev özü bildirmişdi. Onun sözlərinə görə, yeni video “Terrazina” ləqəbilə tanınan Əli Bayramov (Zəngilanski) adlı şəxs barədədir. Həmin şəxs Elşad Abdullayevə bildirib ki, qardaşı Mahir Abdullayev MTN-də saxlanılır, pulunu ver buraxsınlar.
Elşad Abdullayev Əli Zəngilanski barədə də maraqlı açıqlamalar vermişdi. Onun sözlərinə görə, bu şəxs adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvüdür. Eyni zamanda bir sıra hay-küylü qətllərin iştirakçısıdır. Bu sırada o, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Məmmədxan Rəsulovun zəhərlənməsini göstərib. Sabiq rektor bildirib ki, dekan “Qurd Qapısı” restoranında zəhərlənib və bu işdə Əli Zəngilanskinin də rolu var.
Sabiq rektor sui-qəsdin təfərrüatlarını da “Azadlıq”a bildirmişdi. Bu yazıda həmin təfərrüatları oxuculara təqdim edirik. “Məmmədxan Rəsulov kifayət qədər nüfuzlu şəxs idi. O əslən Zəngilandan idi. Qarabağla bağlı bir təşkilat yaratmışdı və Qarabağın erməni işğalından azad olunması istiqamətində müəyyən addımlar atırdı. Onun nüfuzu getdikcə artırdı. Bu baxımdan da Məmmədxan müəllimi aradan götürdülər. Məmmədxan müəllim ”Qurd Qapısı” restoranında Əli Zəngilanski ilə çörək yeyib. Məni də ora çağırmışdılar.
Səhəri gün Məmmədxan müəllimin ailə üzvləri mənə zəng etdi. Narahat idilər ki, o evə gəlməyib. Mən bildirdim ki, bəs, o, “Qurd qapısı” restoranında olub. Sonradan Məmmədxan müəllimin meyiti Novxanıdakı bağından tapıldı. Zəhərləmişdilər. Mənim qardaşımı da eyni qaydada “Qurd qapısı” restoranında zəhərləmişdilər. Sevinc Babayeva da bu cür zəhərlənib”.