Hakimiyyət gənclərə qarşı repressiyaları davam etdirir
“NİDA” Vətəndaş Hərəkatının üzvləri Aygün Pəncəliyeva və Üzeyir Məmmədlinin Baş Prokurorluğun ağır cinayətlər üzrə istintaq idarəsinə şahid qismində çağırıldığı haqda məlumat vermişdik. Hər iki gənc fəal martın 18-də istintaq idarəsində olmuşdular. Təkrar ifadə alınması isə bayrama görə təxirə salınmışdı. Martın 30-da isə Üzeyir Məmmədliyə cinayət məcəlləsinin 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi açılıb. Cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb, və məhkəmənin qərarı ilə Üzeyir Məmmədliyə qarşı 3 ay həbs -qətimkan tədbiri seçilib.
Saxlanılan digər NİDA-çı Rəşadət Axundov isə ilkin olaraq Ağır Cinayətlərə dair İstintaq İdarəsinə aparılıb. Rəşadət Axundova da cinayət Məcəlləsinin 228.3 maddəsi ilə cinayət işi açılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Rəşadət Axundova qarşı da 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin bu maddəsi 5 ildən -8 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
“NİDA”çı gənclərin vəkli Fəxrəddin Mehdiyev bildirdi ki, “Üzeyir Məmmədliyə və Rəşadət Axundova qarşı həbs- qətimkan tədbirinin seçilməsi qanunsuzdur, heç bir hüquqi əsası yoxdur”.
Fəxrəddin Mehdiyev qanunsuz məhkəmə qərarından apellyasiya şikayəti verəcəklərini bildirdi.
Xatırladaq ki, Martın 8-də “NİDA” fəalları Məhəmməd Əzizov, Bəxtiyat Quliyev, Şahin Novruzov həbs olunaraq, qanunsuz silah və narkotik maddə əldə etmək ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunublar. Ayın 15-də isə “NİDA” İdarə Heyətinin üzvü Rəşad Həsənov odlu silah saxlamaqda ittiham olunaraq həbs olunub.
Beynəlxalq təşkilat “Amnesty İnternational” gəncləri “ vicdan məhbusu” elan edib.
İlham