Vüqar Bayramov: «Korrupsiyaya qarşı mübarizə davamlı aparılarsa, bu, mənzillərin xərcinin təxminən 40 faiz aşağı düşməsinə, nəticədə qiymətlərin ucuzlaşmasına gətirib çıxarar»
Nüsrət Ibrahimli: «Kənar xərclər aradan qalxsa, tikintinin rentabelliyi artacaq, bu sektor investorlar üçün cazibədar olacaq»
Bakıda mənzillərin qiyməti hətta Avropa şəhərlərindən bahadır. Bu fikirlər dəfələrlə səsləndirilib. O da sirr deyil ki, mənzillərin qiymətinin baha olmasının səbəblərindən biri də əlavə xərclərdir. Tikinti sektorundakı korrupsiya hətta maliyyə böhranı dövründə mənzillərin qiymətlərini ucuzlaşmağa imkan vermədi. Görünür, hökumətin antikorrupsiya tədbirləri adı altında atdığı addımlar da mənzil bazarına ciddi təsir etməyib. Ekspertlərin fikrincə, bazardakı durğunluğa baxmayaraq tikinti şirkətlərinin mənzillərin qiymətlərini aşağı salmamasının əsas səbəblərindən biri tikinti zamanı çəkdiyi xərclərin yüksək olmasıdır.
Iqtisadçı-ekspert Vüqar Bayramov mətbuata açıqlamasında qeyd edir ki, monitorinqlərin nəticəsinə əsasən, tikinti şirkətlərinin xərclərinin təxmini 40 faizini qeyri-rəsmi ödəmələr təşkil edir. Bu da tikinti zamanı müxtəlif dövlət qurumlarına verilən qeyri-rəsmi ödənişlərdir.
Ekspertin sözlərinə görə, korrupsiyaya qarşı mübarizənin aparılması birmənalı şəkildə tikinti sektoruna təsir göstərəcək. Əgər korrupsiyaya qarşı mübarizə kompleks və davamlı aparılarsa, bu, mənzillərin xərcinin təxminən 40 faiz aşağı düşməsinə, nəticədə mənzillərin qiymətinin də bir o qədər ucuzlaşmasına gətirib çıxarar.
NBA Konsaltinq Şirkətinin rəhbəri Nüsrət Ibrahimov isə bir qədər fərqli fikirdədir. Ekspert ümumi tikintinin maya dəyərində lüzumsuz xərclərin dörd faiz təşkil etdiyini deyir. Bu səbəbdən də mənzillərin qiymətinin əhəmiyyətli dərəcədə ucuzlaşacağı inandırıcı görsənmir.
Ekspertin sözlərinə görə, kənar xərclər aradan qalxsa, tikintinin rentabelliyi artacaq, bu sektor investorlar üçün cazibədar olacaq. Nəticədə mənzil bazarı inkişaf edəcək. Bu da mənzillərin qiymətinə təsir göstərə və qiymətlər 10 faizə qədər ucuzlaşa bilər.
Fizzə