Kəmaləddin Heydərov antikorrupsiya mübarizəsinə məhəl qoymur
Mahal İsmayıloğlu: «Əsas diqqət fövqəlnazirin fəaliyyətinə yönəldilməlidir»
Hökumət antikorrupsiya tədbirlərinə start verdiyini elan edəndən sonra əksər nazirlik və dövlət qurumlarında kollegiya iclasları keçirilir, bəzi tapşırıqlar verilir, hətta görüntü yaratmaq xatirinə müəyyən addımlar da atılır. Bu addımlar adətən, geniş səlahiyyəti olmayan bəzi əməkdaşların işdən azad olunmasından ibarətdir. Lakin Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirliyində belə bir toplantı keçirilməyib. Mətbuat bunu daha çox Heydərovun verilən tapşırıqlara məhəl qoymaması ilə əsaslandırır. Digər tərəfdən, antikorrupsiya tədbirlərinin arxasında başqa məqsədlərin də gizlənildiyi barədə fikirlər özünə yer alır. Belə ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev antikorrupsiya tədbirləri adı altında onunla hesablaşmayan nazirləri cəzalandırmağa can atır. Əslində vəziyyət necədir?
Tanınmış jurnalist Mahal Ismayıloğlunun fikrincə, ilk baxışdan Kəmaləddin Heydərovun rəhbərlik etdiyi qurumun geniş fəaliyyət sahəsinin olmadığı görsənir. Lakin əsas diqqət onun öz fəaliyyətinə yönəldilməlidir. Çünki Heydərovun səlahiyyət dairəsi kifayət qədər genişdir.
M.Ismayıloğlu eyni zamanda bəzi nazirlərin Ramiz Mehdiyevin idarəçilik metodlarını bəyənmədiyini, bu səbəbdən də onun tapşırıqlarına məhəl qoymadığını qeyd etdi.
M.Ismayıloğlu Prezident Administrasiyası rəhbərinin onunla hesablaşmayan nazirlərdən qisas ala bilməyəcəyini də vurğuladı: “Ramiz Mehdiyev kartofun, soğanın, bananın qiymətinə qalib gələ bilmirsə, nazirlərə necə qalib gələcək. Bir yandan korrupsiya ilə mübarizə aparırlar, digər tərəfdən ərzaqların qiyməti qalxır. Bunun da arxasında konkret adamlar dayanır. Heç kimi də nəzərə almırlar. Hakimiyyətin rüşvətxorluğa qarşı mübarizəsini imitasiya hesab edirəm, bunun görüntüsünü yaratmaq istəyirlər. Bu da hakimiyyətin süqutunu sürətləndirən amillərdən biridir. Çünki hakimiyyət nə korrupsiyanın qarşısını almağa qadirdir, nə də bunda maraqlıdır. Cəzalandırdıqları adamlar isə beşinci-altıncı sırada duranlardır”.
Fizzə