Payızın axırında Qəbələnin rəsmi idarələrinin sıralandığı “çöl yol”dan keçəndə gözümə Statistika idarəsinin binasındakı belə bir lövhə sataşdı: “Bizim Dövlət Statistika Komitəmiz var, yaxşı statistika aparır” H. Əliyev. Fotoaparatım olmadığına görə həmin cümləni dəqiq köçürüb “fasebook”a atdım. Həyat və yaradıcılığımı diqqətlə izləyən rayon rəhbərliyi lövhəni götürdü. Bu günlərdə yenidən yolum ora düşəndə Statistika idarəsini hələ “çılpaq” gördüm. Məmur milləti oturub fikirləşir, görəsən, Heydər Əliyev statistika barəsində daha nə deyib? Tapmasalar, Ramiz Mehdiyevdən soruşacaqlar. Hörmətli akademik də yaddaşını eşələyib bir şey kəşf edəcək.
Ötən dəfələrdə Qəbələnin mərkəzində məşğulluq idarəsinin belə bir elanını görmüşdüm: “Mirzəbəyli kəndində icra nümayəndəliyinə xadimə tələb olunur”. Külfətin çörək pulu naminə iki otağa üç süpürgə çəkməyə kim razı olmaz? Razı nədir, ağzının içindəki belə bir işdən ötrü hər kəs sinov gedər. Amma yox, nə deyirsiniz, əhalinin canını işsizlik, bunun davamı olan digər bəlaların didib parçaladığı vaxtda məmur milləti xadimə ştatı üçün guya rayon mərkəzinə elçi düşür. Bu barədə “Bişmiş toyuğun gülməyi” adlı bir yazı yazdım, qəzetdən bir gün sonra gəlib elanı qopartdılar. Görəsən, bişmiş toyuğun gülməyi gəlməsəydi, acından və bekarçılıqdan əsnəyən xalq bu sürətlə işlə təmin olunardımı?
Belə misallar o qədərdi ki… Yerli iqtidardakı bir nəfər dostumuz deyir ki, burda sənin yazılarını toplayıb bir qovluğa yığırlar. Düzü, bu səviyyəyə çatmağıma inanmağım gəlmir, amma opponentlərimi nəzərə alsaq, naəlac razılaşmağa məcburam. Indi deyəcəyim axırıncı əhvalatı eşidincə siz də bunlara inanacaqsınız.
Qəbələnin bütün küçələrində kirayə yaşayandan sonra on ildir anamla kommunal mənzildə məskunlaşmışdıq. Ölənlərinizə rəhmət, anamdan sonra da mən bu şərtlərlə həmin ünvanda qeydiyyatla mövcud olmaqdayam. Bu illər ərzində qəza vəziyyətindəki tikiliyə təzə bir daxmanın pulunu qoyub bura qədər salamat gətirmişəm. Qəbələdəki bu təyinatlı bütün evlər, o cümlədən bizim damın altındakı – indi oturduğum otaqla nazik “fanerka”nın ayırdığı qonşuma məxsus olan hissə də artıq sakinlərinə sənədləşib. Mənə qalanda “mümkün deyil”, dedilər. Avam-avam məktublar yazdım yuxarılara, məlum resseptlə üstümə göndərdilər: “Sizin prezident I.Əliyevə göndərdiyiniz”… axırda da “olmaz” və “nəzərə almağınızı xahiş edirik” kimi nəzakətli bir söyüş!
Hələ bu, harasıdır, bizim küçənin o tayındakı yaşayış evini söküb yerində park saldılar. Mülkiyyətçilərlə iş məhkəməyə düşəndə evin yiyəsinə deyirlər ki, sökülən evin əvəzində altı il əvvəl indi yaşadığım evi guya mənə veriblər. Özümü öldürürəm ki, ay adam, altı il əvvəl siz hardan bilirdiniz ki, bu ev söküləcək? Deyək ki, hakimiyyətin uzaqgörən siyasəti nəticəsində belə şey mümkün oldu, bəs bu evdə mən komxozun müqaviləli kirayəçisiyəm axı, üstəlik, bu günə qədər illərdir məhz həmin evi mənə versinlər deyə ölkənin hər yerinə yazıram da… Siz də vermirsiniz. Daha hardan bu ev mənim olası oldu? Artıq nəinki sənədləşmə barədə danışmağı tövbə elədim, beş aydır, var gücümlə məhkəmələrə bu evin mənə məxsus olmadığını sübut etməyə çalışmaqla məşğulam. Gör bir qulaq asan varmı? Bu məqsədlə qarşı tərəfin “xoda” salıb canlandırdığı, indi yapçılara canfəşanlıq edən keçmiş cəbhəçi Süleymanov adlı vəkil məhkəmədə məni ortaya salmaq üçün min oyuna girir. Vallah-billah deyirəm, milli rəqslərə hörmətlə yanaşsam da, “Süleymani” sümüyümə düşmür. Xüsusən də şikəst ayağımın sümüyünə. Əlqərəz, məsələ “it əl çəkdi, motal əl çəkmədi”yə dönüb. Çünki üstəlik, arayış dalınca qaçmaqdan mənim günüm doğrudan da it günüdür, iqtidar motalının da yeri məlum, içindən cürbəcür maddələr çıxır…
Indi kimə necə sübut eləyəsən ki, gilanizm rejimi bu rayonda yaşamaq hüqüqundan başqa məndə heç nə qoymayıb. Fövqəlnazirin zəbtetmə kursunun ucbatından bir ovuc halal torpağımda hər yetən oturub tum çırtlayır. Hansı dildə bunlara başa salasan ki, bura mənim vətənimdir, mən burda doğulub, burda böyümüşəm, yazmağa burda başlamışam, sona qədər burda yazıb, icazənizlə burda da öləsiyəm…
P.S. Söz bura çatanda vahimələndim: Hər sökülən evə görə məni cavabdeh edəcəklərsə, birdən, məsələn, Ramiz Mehdiyevin nəhəng “dağ evini” söksələr, o qədər hektarların altından necə çıxaram? Uy da, bəs Qəbələdəki bütün villalar?!