İki dəfədən artıq prezident seçilənlər dünyanın hansı hissəsindədir?
Belələri arasında Bəşər Əsəd, Uço Çaves və Şimali Koreya diktatoru da yer alıb
Ötən prezident seçkilərindən dərhal sonra hakimiyyət konstitusiya dəyişikliyinə getdi və “heç kəs iki dəfədən artıq Azərbaycan Respublikasının prezidenti seçilə bilməz” qadağası ləğv olundu. Bununla da Ilham Əliyevin istədiyi qədər prezident seçilməsinə şərait yaradıldı. Ancaq hakimiyyət bir məqamı nəzərə almadı ki, qanunun geriyə qüvvəsi olmadığından müddətsiz prezidentlik institutu Ilham Əliyevə şamil oluna bilməz. Lakin bütün qanunları ayaq altına atan YAP iqtidarı bunu da nəzərə almadı və prezident seçkiləri yaxınlaşdıqca hakim partiya təmsilçiləri yenə də Ilham Əliyevin namizədliyinin irəli sürüləcəyini dilə gətirir. Bununla da hakimiyyət sivil dünya ilə ayaqlaşmaq istəmədiyini bir daha ortaya qoydu. Hətta bir çox hallarda bir şəxsi istədiyi qədər prezident seçilməsini nümunəsinin inkişaf etmiş ölkələrdən götürüldüyünü iddia etməkdən də çəkinmirlər. Əslində digər ölkələrdə vəziyyət necədir və Azərbaycanı bu məsələdə hansı ölkələrlə bir sıraya qoymaq olar?
Qədim Yunanıstanda və Romada hətta senatda təmsil olunmaq müddətinə də qadağa qoyulurdu
Amma əvvəlcə bir qədər tarixə baş vuraq və hakimiyyətdə təmsil olunan şəxslərlə bağlı qadağanın hansı dövrdən tətbiq edildiyinə nəzər salaq.
Hakimiyyət müddətinə məhdudiyyətin qoyulması qədim tarixə malikdir. Hələ qədim dövrdə ali rəhbərlərin hakimiyyət müddəti əsasən dini mülahizələrə görə məhdudlaşdırılırdı. Qədim Yunanıstanda və Romada hətta senatda təmsil olunmaq müddətinə də məhdudiyyət qoyulurdu. Yəni bir şəxs iki müddətdən artıq təmsil oluna, yaxud ona rəhbərlik edə bilməzdi. Müasir dövrdə prezident respublikalarının əksəriyyətində ali rəhbər vəzifələr üçün müddət məhdudiyyəti qoyulur. ABŞ-da 1951-ci ildən qüvvədə olan qanuna görə, bir şəxs iki dəfədən artıq prezident ola bilməz. Bəzi ştatlarda isə qubernator və qanunverici orqanlarda təmsil olunanlar üçün də bu tip məhdudiyyətlə mövcuddur. hakimiyyət müddətinə qadağalar Latın Amerikasında geniş yayılıb. Məsələn, Meksikada 1917-ci ildə qəbul olunan qanuna əsasən, Konqress üzvləri yalnız bir müddətə seçilə bilər. Prezident də cəmi bir dəfə altı il müddətində bu postu tutan bilər.
Ümumiyyətlə, respublika idarəçiliyi sistemi olan ölkələrdə bir şəxsi hakimiyyətdə qalması müddəti ilə bağlı üç əsas məhdudiyyət növü var.
– bir dəfə seçilmək imkanı,
– yol verilən müddətlərin sayı,
– bu müddətlər arasında fasilənin mövcudluğu (yaxud yoxluğu).
Bir müddət: cəmi 4-7 il (11 ölkə)
Bu müddətin 4 il olduğu ölkələrin sayı ikidir: Qvtaemala və Honduras.
Prezidentlik müddəti 5 il olan ölkələrin sayı dörddür: bunlar Paraqvay, Salvador, Surinam, Cənubi Koreyadır.
3 ölkədə prezident 6 il müddətinə seçilə bilər: bunlar Qırğızıstan, Meksika, Fillipindir.
Iki ölkədə isə prezident 7 il müddətində ölkəyə rəhbərlik edir: bu ölkələr Vanuatu və Israildir.
Istər fasilə ilə, istərsə də fasiləsiz bir nəfərin iki müddətə seçilməsinə 68 ölkədə imkan verilir. Müddət ümumilikdə 6-10 ildir.
Yalnız bir ölkədə prezident hərəsi 3 il olmaqla (cəmi 6 il) iki müddətə seçilə bilər. Bu ölkə Naurudur.
Iki dəfə hərəsi 4 il olmaqla (cəmi 8 il) 14 ölkədə prezident seçilmək mümkündür. Bu ölkələr Qana, Nigeriya, Misir, Iraq, Tayvan, Latviya, Mikroneziya, Marşall adaları, Palau, Braziliya, Kolumbiya, Dominikan Respublikası, Ekvador və, ABŞ-dı.
53 ölkədə prezident hərəsi 5 il (cəmi 10 il) olmaqla iki müddətə prezident seçilə bilər: bunlar Əlcəzair, Anqola, Benin, Botsvana, Burundi, Kaabe Verde, MAR, Demokratik Konqo Respublikası, Keniya, Madaqaskar, Malavi, Mali, Mavritaniya, Makriki, Mozanbik, Namibiya, Niger, San Tome və Prinsipi, Syerra-Leone, CAR, Tanzaniya, Zambiya, ,Əfqanistan, Ermənistan, Banqladeş, Gürcüstan, Indoneziya, Malayziya, Maldiv, Monqolıstan, Timor-Leste, Albaniya, Bolqarıstan, Xorvatiya, Kipr, Estoniya, Almaniya, Yunanıstan, Macarıstan, Litva, Makedoniya, Malta, Çernoqoriya, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə, Fidci, Boliviya, Qayana, Nikaruquadır.
Fasilə ilə iki müddətə (cəmi 10-12 il) 7 ölkədə dövlət başçısı seçilmək olar.
Bunlardan üçündə dövlət başçısının bir prezidentlik dövrü 5 ildir (cəmi 10 il). Bu ölkələr Haiti, Panama, Trinidad və Tobaqodur.
Dörd ölkədə prezidentlik müddəti 6 ildir (cəmi 12 il): bunlar Efiopiya, Liberiya, Şri-Lanka, Avstriyadır.
17 ölkədə prezident fasiləsiz iki müddətə seçilə bilər (cəmi 8-14 il).
Bu ölkələrdən üçündə prezidentliyin bir müddəti 4 ildir (cəmi 8 il): bu ölkələr Çin, Argentina və Moldovadır.
Hərəsi 5 il olmaqla fasiləsiz iki müddətə 6 ölkədə seçilmək olur (cəmi 10 il). Bunlar isə Fransa, Slovakiya, Çexiya Respublikası, Hindistan, Pakistan, Ukraynadır.
Iki ölkədə iki dəfə fasiləsiz prezidentliyin bir müddəti 6 ildir (cəmi 12 il): bu ölkələr sırasında Finlyandiya, de-yuri Rusiya yer alıb.
Altı ölkədə isə iki dəfə fasiləsiz prezidentliyin bir müddəti üçün 7 il nəzərdə tutulub (cəmi 14 il). Bunlar Ruanda, Konqo Respublikası, Seneqal, Tacikistan, Özbəkistan, Irlandiyadı.
Cəmi üç ölkədə prezident üç müddətə (ümumilikdə 12-15 illik) seçilə bilər.
Bunlardan ikisində – Kiribati və Iranda prezidentliyin bir müddəti 4 il davam edir (cəmi 12 il). Bu ölkələrdə bir şəxs iki dəfə ardıcıl, bir dəfə də fasilədən sonra seçilə bilər.
1 ölkədə – Seyşeldə prezident bir müddəti 5 il olmaqla üç dəfə (cəmi 15 il) ölkəyə rəhbərlik edə bilər.
Doqquz ölkədə bir şəxs arada fasilə olmaq şəxsi ilə bir neçə dəfə, ancaq ümumilikdə 17 ildən artıq olmamaq şərti ilə seçilə bilər.
Bir ölkədə – San-Marinoda bir müddətlik prezidenlik üçün 6 ay vaxt verilir. Isveçrədə prezidentlik müddəti 1 ildir. Federal şura üzvləri arasında seçilən dövlət başçısı məhdud səlahiyyətlərə malikdir. Fasilələrlə təkrar seçilmək imkanı verilsə də, bu ölkədə hələ heç kim bu hüququndan istifadə etməyib.
Üç ölkədə fasilələrlə 4 il müddətinə dövlət başçısı seçilmək mümkündür. Bunlar Kosta-Rika, Çili, Bosniya və Hersoqovina (fasiləsiz hərəsi dörd il olmaqla iki müddət, daha sonra fasilə mütləqdir).
Üç ölkədə bir şəxs hərəsi 5 il olmaqla fasilələr bir neçə dəfə dövlət başçısı seçilə bilər. Bu ölkələr Komor, Peru, Uruqvaydı.
Bir ölkədə – Livanda isə bir şəxs hər dəfə 6 il müddətinə fasilələrlə dövlət başçısı postunu tuta bilər.
Azərbaycan, Belarus, Şimali Koreya…
On bir ölkədə isə bir şəxs fasiləsiz istədiyi qədər prezident seçilmək hüququna malikdir. Ancaq Azərbaycanın da yer aldığı bu ölkələrin siyahısına nəzər salaq. Bu sırada yeganə Avropa ölkəsi olan Islandiyada prezidentliyin bir müddəti 4 ildir.
Səkkiz ölkədə – onların arasında Azərbaycan da var, prezidentliyin bir müddəti 5 ildir. Ölkəmizlə yanaşı bu sırada Belarusu, Vyetnamı, Qazaxıstanı, Kubanı, Turkmənistanı, Şimalı Koreyanı, Sudanı görmək olur.
Iki ölkədə – Venesuela və de-fakto Rusiyada prezidentliyin bir müddəti 6 ildir.
Cəmi bir ölkədə – hazırda dünyanın nəzər diqqətini özünə cəlb edən Suriyada bir prezidentlik müddəti 7 ildir.
Bu siyahıda Rusiyanın adı iki yerdə çəkilir. Rusiya de-yuri və de-fakto. De-yuri Rusiyada fasiləsiz iki il müddətinə dövlət başçısı seçilmək olur. Eyni zamanda bu ölkənin konstitusiyasına edilən bəzi dəyişikliklərə əsasən, de-fakto bir nəfər məhdudiyyətsiz olaraq dəfələrlə dövlət başçısı postuna yiyələnə bilər.
Rusiyanın yer aldığı “qruplardan” birini avtoritar dövlətlərin qrupu da adlandırmaq olar. Çünki Islandiya istisna olmaqla digər ölkələrin hamısı, o cümlədən də Azərbaycanda avtoritar rejimlər hökm sürür. YAP hakimiyyətinin özünə nümunə seçdiyi ölkələrə bir daha nəzər salaq – Avropanın son diktaturası adlandırılan Belarus, kommunizm rejiminin hökm sürdüyü Vyetnam və Kuba, postsovet məkanındakı avtoritar rejimlərdən Qazaxıstan və Türkmənistan, həmçinin Sudan, əlavə təqdimata ehtiyacı olmayan Uqo Çavesin rəhbəri olduğu Venesuela, iki ilə yaxındır xalqının qanını axıdan Bəşər Əsədin rəhbərlik etdiyi Suriya və nəhayət dünyanın ən kasıb, geridə qalmış dövlətlərindən olan və diktaturanın hökm sürdüyü Şimalı Koreya.
Inkişaf etmiş ölkələrlə yanaşı inkişafda olan, hətta bəzən kasıb və geridə qalan ölkələrin əksəriyyətin isə göründüyünü kimi bir nəfərin dəfələrlə seçilməsinə məhdudiyyət var. Xatırladaq ki, Azərbaycanda konstitusiyada bu istiqamətdə dəyişikliyə hazırlığın getdiyi ərəfədə ölkə başçısı Ilham Əliyev Davosda olarkən “Reyters” agentliyinə verdiyi müsahibədə gözlənilən dəyişikliyin demokratiyaya xidmət etdiyini demişdi. Əliyev o zaman hətta Qərbi bu məsələdə ikili standartlar tətbiq etməkdə günahlandırırdı: “Siz Avropa Birliyinin bir üzvünü də tapa bilməzsiniz ki, lideri xalqın onu bu vəzifədə saxlamaq istədiyi qədər hakimiyyətdə qala bilməsin. Bu, demokratikdir? Bəli. Demək eyni prinsip də Azərbaycana tətbiq olunmalıdır. Bu, demokratikdir, odur ki, xalq bu və ya digər lideri dəstəkləyirsə, onu seçmək hüququna malik olmalıdır. Məncə, məhdudiyyətin qaldırılması məhdudiyyətlərin olmasından daha demokratikdir”.
Ancaq bəlli olduğu kimi, Avropada elə bir ölkə yoxdur ki, prezident üsuli-idarəsi olsun, amma prezidentin iki dəfədən artıq seçilməsinə məhdudiyyət olmasın. Ümumiyyətlə, Avropada prezident üsuli- idarəsi olan ölkələrin sayı o qədər də çox deyil. Tipik prezident üsuli-idarəsi Fransadadır. Bu ölkədə də seçilmə müddətləri ilə bağlı məhdudiyyətlər mövcuddur.
Qərbi ikili standartlada günahlandıran Əliyev Azərbaycanı müqayisə etdiyi Avropa ilə deyil, Şimalı Koreya ilə bir sıraya qoydu. Bunun fəsadları isə ilk növbədə onun özü üçün ağır ola bilər.
Fizzə