«İlham Əliyev Rusiyadan ehtiyat edir, buna görə də Ramiz Mehdiyevdən canını qurtara bilmir»
İş adamları Nurəddin və Loğman Zülfüqarlı qardaşlarının işi üzrə uzun müddətdir ki, məhkəmə prosesi gedir. Bu məsələ ilə bağlı hazırda vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün iş adamlarının vəkili Aslan İsmayılova müraciət etdik. Vəkillə söhbətimizdə fürsətdən istifadə edib digər mövzularda suallarımızı da ünvanladıq.
– Aslan müəllim, iş adamları Nurəddin və Loğman Zülfüqarlı qardaşlarının işi ilə bağlı vəziyyət nə yerdədir?
– Biz bu işlə bağlı Avropa Məhkəməsinə müraciət etmək istəyirik. Lakin hakimiyyət bunun qarşısını almaq üçün maraqlı bir oyun kəşf edib. Biz rayon məhkəmələrində iddia qaldırırıq, iddiamız rədd edilir, Apellyasiya Məhkəməsinə müraciət edirik, birinci insntansiyanın qərarı qüvvədə saxlanılır və biz üz tuturuq Ali Məhkəməyə. Oyun da burada başlayır. Ali Məhkəmə qərarı ləğv edib işi yenidən Apellyasiya Məhkəməsinə qaytarır. Apellyasiya Məhkəməsi isə növbəti dəfə bizim iddianı rədd edir və biz yenidən Ali Məhkəməyə müraciət edirik. Ali Məhkəmə də əvvəlki kimi qərarı ləğv edib geri qaytarır. Beləliklə, bu işin Avropa Məhkəməsinə getməsinin qarşısı bu cür biabırçı şəkildə alınır. Bu təkcə məhkəmə sisteminə hörmətsizlik deyil. Bu həm də Ali Məhkəmədə çalışan hakimlərin özlərinə hörmətsizliyidir. Yetkinlik yaşına çatmış bir şəxs belə özünə qarşı bu cür hörmətsizlik etməz. Ali Məhkəmənin üzvləri buna necə gedir, məətəl qalmışıq.
– Bir müddət əvvəl mətbuata açıqlamasında bildirmişdiniz ki, bu məsələ ilə bağlı beynəlxalq səviyyədə iş aparılır. Hətta bir çox nüfuzlu nəşrlərin bu məsələni işıqlandırdığını söyləmişdiniz. Deyəsən, proses uzandıqca artıq bu məsələyə beynəlxalq diqqət də azalıb.
– Xeyr. Bu məsələyə indi də beynəlxalq diqqət çoxdur. Almaniya, Fransanın nüfuzlu nəşrləri, telekanalları, Qətərin məşhur “Əl Cəzirə” kanalı bu məsələni işıqlandırmaq üçün mənə müraciət edib. Hətta ABŞ-ın bir sıra nüfuzlu təşkilatları da bu məsələyə ciddi maraq göstərirlər.
Sadəcə müdafiə etdiyim şəxslər buna ehtiyac görmürlər.
– Səbəb nədir?
– Bu günlərdə öyrənmişəm ki, sən demə, “Baku Steel Company”nin rəhbəri Rasim Məmmədovla onların arasında danışıqlar gedir. Yeri gəlmişkən, çoxlarımız elə hesab edirdik ki, Rasim Məmmədov qurbanlıq quzudur. Lakin bu belə deyil. Rasim Məmmədov özünü prezidentə çox yaxın şəxs sayır. Mənim müştərilərimlə isə birbaşa Ramiz Mehdiyevlə Bəylər Əyyubovun adından danışıb. Onlara zavodların qaytarılacağını, yaxud da bunun əvəzini veriləcəyini bildirib.
– Zülfüqarlı qardaşları da Rasim Məmmədovun dediklərini real sayır?
– Bəli. Onlarda inam var ki, ya zavodları qaytarılacaq, ya da bunun əvəzi veriləcək.
– Bəs siz necə düşünürsünüz?
– Mən bunun əksini düşünürəm. Mövqeyimi Zülfüqarlı qardaşlarına da açıqlamışam. Bir daha da mətbuat vasitəsilə deyirəm ki, Rasim Məmmədovun dedikləri real deyil. Təcrübə göstərir ki, bunlar aldıqlarını qaytarmırlar. Mən hesab edirəm ki, bu sadəcə oyundur və məqsəd işin beynəlxalq müstəviyə çıxarılmasının qarşısını almaqdır. Digər tərəfdən ölkədə vəziyyətdə pisdir və istəyirlər ki, indiki həssas vaxtda bu məsələ arxa planda qalsın. Lakin düşünmürlər ki, axı başqa sahibkarların da oxşar problemləri var.
Mən bu yaxınlarda Azərbaycanda əmlakı əlindən alınmış sahibkarların hüquqlarının müdafiəsi cəmiyyətini təsis etmək niyyətindəyəm. Ilk dəfə olaraq bunu sizə açıqlayıram. Çünki mülkiyyət hüquqları ilə bağlı o qədər müraciət edən var ki, mən təsəvvür etməzdim ki, bu sahədə vəziyyət bu qədər dəhşətlidir. Özü də bu qanunsuzluqların əhəmiyyətli hissəsi gedib çıxır Ramiz Mehdiyevə. Mən bir-iki fakt deyim. Imişlidə Məcnun adlı sahibkarın bazarını alıblar. Bunu edən Ramiz Mehdiyevə yaxın olan və “Bəy Mamed” kimi tanınan şəxsdir. Bundan başqa Ramiz Mehdiyevin kürəkəni Ilham Əliyev “Heolit” restoranının yanında vətəndaşların 4 hektar torpağını, Rüfət Dadayev adlı şəxsin səhv etmirəmsə Nizami 68-də yerləşən evini, Novxanıda onlarla insanın hektarlarla torpağını əllərindən alıb. Güc yolu ilə. Mən təəccüblənmərəm ki, sabah gəlib məni ofisimdən çıxarıb deyərlər ki, bura bizimdir. Amma bunlar fikirləşmirlər ki, axı sona qədər bu cür davam edə bilməz. Bunun sonu faciədir. Ən azı mən Zülfüqarlı qardaşlarını ilə sonuncu dəfə görüşəndə onlar arasında mübahisənin şadidi oldum və buradan belə qənaətə gəldim ki, mülkiyyət hüquqlarının pozulması sonda Azərbaycanda qanlı qarşıdurmalara səbəb olacaq.
– Zülfüqarlı qardaşları nəyin mübahisəsini edirdi ki, siz bu qənaətə gəldiniz?
– Onlar 9 qardaşdır. Aralarında dəliqanlıları var. Digər tərəfdən Zülfüqarlı qardaşlarına məxsus zavodlarda işləyən fəhlələrin onları çox böyük hörməti var. Həmin o dəliqanlı qardaşlar Nurəddin Zülfuqarlıya deyirdi ki, sən icazə ver, biz o fəhlələrlə gedək zavodlarımızı alaq. Bizdən zorla alıblar, biz də zorla geri alaq. Bu gün Nurəddin Zülfuqarlı onların qarşısını kəsibsə, sabah kəsə bilməyəcək. Digər sahibkarlar da bezib oxşar addımlar atacaq. Mən bir söz deyim. Siz elə bilirsiniz ki, Qubada, Ismayıllıda baş verənlər təkcə rayon sakinlərinin təhqir olunması ilə bağlı idi? Xeyr, orada da əmlak məsələsi var idi. Rayonun imkanlı şəxsləri görürlər ki, hər yeni gələn başçı onların əmlakına göz dikir, əllərindən alır və almağa cəhd edir. Onlar da bunun qarşısını almaq üçün altdan-altdan işlərini görürlər.
Dəhşət onda olacaq ki, bu proses Bakı, Sumqayıt və Gəncədə baş verəcək. Çünki bu şəhərlərdə baş verənlərin qarşısını ala bilməyəcəklər. Məgər bu hökumətin 9 milyonu polisi var?
– Bəs hökumət bu barədə düşünmür?
– Düşünmür. Əksinə məmurlar daha ağzınlaşır. Məsələn, Səbayel məhkəməsində Elnur Həsənov adlı pambıqla baş kəsən bir hakim mənə qarşı ağzınlıq etdi. Mətbuat bu məsələni işıqlandırdı, nə olsun? Tədbirlər gördülərmi?
Başqa bir fakt deyim sizə. Fevralın 27-i Yasamal rayon Məhkəməsində bir prosesə çıxmışdım. Hakim Talışinksi soyadlı bir şəxs idi. Sıradan bir işdir. Bir nəfər əsassız iddia ilə məhkəməyə müraciət edib və əslində bu ərizə dərhal rədd olunmalı və bildirilməlidir ki, bu işməhkəmədə baxılmalı deyil. Amma hakim 4 dəfədir ki, onlarla adamı məhkəməyə çağırır. Məsələ də məişət məsələsi olduğundan tərəflər bir-birlərini küçə söyüşləri təhqir edir. Bu bir yana. Sanki məhkəmə zalı həmin bu hakimin evidir və biz onun evinə qonaq gəlmişik. “Əəə”, “Iii” – adamlarla bu cür danışır. Mən ona dəfələrlə müraciət etdim ki, bura məhkəmədir, siz də hakimsiniz, danışığınıza fikir verin. Amma qanundan başı çıxmayan bu adam üstümə qışqırır ki, şikayətçinin sualına cavab ver. Bu adam bilmir ki, mən vəkiləm və şikayətçi mənə sual verə bilməz. Mən prosesdən çıxan kimi dərhal ədliyyə nazirinin müavininə zəng vurdum və bildirdim ki, şikayət ərizəsi hazırlayacam. Hər halda Yasamal məhkəməsi ən müasir məhkəmə hesab olunur, zallarda kamera quraşdırılıb. Buyurub, baxsınlar və ölçü götürsünlər. Əvvəllər belə ədəbazlıq, harınlıq yox idi. Ölkə başçısı Ilham Əliyev müşavirə keçirdi, sərt çıxış elədi. Amma bundan bir qədər sonra sizin qəzet və “Əli və Hino” mağazalar şəbəkəsinin sahibi, şəxsiyyətinə hörmət etdiyim Higar xanım qorxmadan Səbayelin icra başçısının məktubunu yaydı. O məktubda sahibkardan guya şəhid ailələri üçün ərzaq tələb olunurdu.
Ilham Əliyevin müşavirəsində iştirak edən Rasim Məmmədov müşavirədən dərhal sonra yenə də adam tutdurur, yenə də öz işindədir, camaatın əmlakını əlindən alır.
– Sizcə, məmurlar ölkə başçısını saymırlar, yoxsa bütün bunların başında özü dayanır?
– Açığı, mən bunu hələ özüm üçün ayırd edə bilməmişəm. Əgər ölkəni Ilham Əliyev idarə edirsə, o zaman Elşad Abdullayevin videolarından sonra Ramiz Mehdiyev istefaya göndərilməli idi. O, Milli Məclisin sədri deyil ki, parlament yığışsın, bunu səsə qoysun və s. Adi sərəncamla olan bir işdir. Niyə Ilham Əliyev ehtiyatlanır, mən bilmirəm.
– İlham Əliyev Ramiz Mehdiyevdən qorxur?
– Hadisələrin gedişi göstərir ki, Ramiz Mehdiyevin vəzifədə qalması heç də Ilham Əliyevin istəyi ilə deyil. Ramiz Mehdiyev məsələsi ciddiləşəndən sonra “Milyarderlər ittifaqı” ortaya çıxdı, bu günlərdə Gürcüstan prezidenti Mixail Saakaşvilinin məlum çevriliş bəyanatını verdi. Ola bilsin ki, Ilham Əliyev Rusiyadan ehtiyat edir, buna görə də Ramiz Mehdiyevdən canını qurtara bilmir. Hamı bilir ki, Ramiz Mehdiyev Kremlə bağlı şəxsdir. Amma bir məsələ də var ki, Ilham Əliyev xalqa müraciət edə bilər.
– Düşünürsünüz ki, xalq İlham Əliyevi müdafiə edər?
– Əslində bu da heç bəlli deyil. Ən azı rüşvətxorluğun, korrupsiyanın kökü kəsilməlidir ki, xalq Ilham Əliyevi müdafiə etsin. Amma bu baş vermir. O zaman əlbəttə ki, xalqın da ölkə başçısını müdafiə edəcəyi sual altına düşür. Çünki bir tərəfdən xalqın əmlakının yağmalanmasına, korrupsiyaya göz yum, digər tərəfdən xalqdan kömək istə, bu alınan işə oxşamır.
– Aslan müəllim, fevralın 28-də Sumqayıt hadisələrinin üzərindən 25 ili tamam oldu. Siz də bu hadisələrlə bağlı tədbir keçirdiniz. Sənədlərə əsasən yazdığınız “Sumqayıt hadisələri: SSRI-nin süqutunun başlanğıcı” kitabının ingilis dilində yeni versiyasını təqdim etdiniz. Amma nədənsə həmin tədbirdə nə hakimiyyət nümayəndələri, nə də telekanallar gəldi. Yalnız Türkiyənin TRT kanalı tədbiri işıqlandırdı. Hakimiyyət təmsilçilərindən və yerli telekanalları dəvət etməmişdiniz, yoxsa onların tədbirə gəlməməyinin başqa səbəbləri var?
– Bu tədbir keçirilməmişdən 3 gün əvvəl mətbuatda məlumat getmişdi. Bundan başqa sosial şəbəkələrdə tədbirlə bağlı ciddi müzakirələr gedirdi. “Event” yaradılmışdı. Yəni, hər kəsin bundan məlumatı var idi. Hesab edirəm ki, telekanallara və orada iştirak etmək istəyən hakimiyyət nümayəndələrinə ən yuxarı səviyyədə, daha dəqiq desəm, Ramiz Mehdiyev səviyyəsində göstəriş verilib ki, getməyin.
– Ramiz Mehdiyevin marağı nədir ki?
– Çünki Ramiz Mehdiyev həmin vaxt büro üzvü olub. Onun da bu hadisələrdə məsuliyyət payı var. Ona görə də həqiqətin üzə çıxmasını istəmir. Amma bu həqiqət dövlətə, xalqa lazımdır. Ermənilər bu günə qədər Sumqayıt hadisələrinə görə bizi ittiham edir. Amma mənim sənədlərə əsasən hazırladığım bu kitab erməniləri ifşa etmək üçün yaxşı mənbədir.
Bir məqamı diqqətinizə çatdırım. Mən bu kitabı yazdıqdan sonra Sumqayıt hadisələrilə bağlı cinayət işi təzələndi. Amma 3 ildir ki, ortada heç bir iş yoxdur. Bir dəfə məni istintaqa çağırıblar, onda da hiss eləmişəm ki, yazdıqlarımı yalana çıxarmaq istəyirlər.
Bundan başqa mən təhsil naziri Misir Mərdanovla görüşmüşəm ki, kitab dərsliklərə salınsın. Orta məktəblərdə tədirs olunsun ki, uşaqlarımız Sumqayıtda əslində nəyin baş verdiyini bilsinlər. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə görüşmüşəm. Çünki Rüstəm Ibrahimbəyov kitabın əsasında ssenari yazmışdı. Filmin çəkilməsi üçün 5 milyon dollar lazım idi. Ziyafət Əsgərov parlamentdə deputatların qarşısında mənə demişdi ki, bu işdə sizə hər cür dəstək verəcəyik. Əvvəl hamı razılıq verirdi, lakin sonradan səsləri kəsildi. Söhbət kitabın təbliğindən getmir. Mən onsuz da işimi görürəm, yayıram bu kitabı, gənclər bu işdə mənə dəstək olur.
Sadəcə məni təəccübləndirən odur ki, hakimiyyət bu məsələni ört-basdır edir. Təsəvvür edin, 650 milyona stadion tikirlər, amma dövlət üçün çox əhəmiyyətli və vacib olan bir filmə 5 milyon ayırmırlar. Büdcəsi bizim büdcəmizdən dəfələrlə az olan Ermənistan isə 30 milyon ayırıb “Genosid” filmi çəkir. Sonra da biz dünyadan ədalət tələb edirik. Sən ədaləti əvvəl öz ölkəndə bərqərar elə. Yoxsa öz ölkəndə insanların əmlakını tala, şərləyib həbs elə, sonra da dünyadan tələb et ki, ədalətli ol. Belə olmaz. Başqa bir məqam. Oliqarxların övladları kimdir ki, gedib Qarabağı təbliğ etsin. Hansısa xarici soruşacaq ki, bu adam kimdir. Desələr nazir övladı, xaricinin cavabı belə olacaq ki, bu korrupsioner balasıdır, bunun dedikləri doğru ola bilməz.
Vidadi