Saakaşvili Azərbaycan iqtidarını necə tələyə saldı?
Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanın Azərbaycanda dövlət çevrilişinə hazırlaşdığını bəyan etdi. Bunun ardından ən müxtəlif bəyanatlar, analizlər səsləndi. Əlbəttə, gözlənildiyi kimi, hamı bir-birini ehtiyatlı olmağa çağırdı. Hətta politoloq Vəfa Quluzadə sıx birləşməyi də təklif etdi.
Ilin-günün bu vaxtında bizi məcbur elədilər ki, Rusiyanın və Əliyevlərin kim olduğunu yenidən izah etməyə çalışaq. Və yaxud da bunlar bir-biri üçün kimdir?
Kreml Azərbaycan tarixində hər zaman bizə qarşı şərin planlaşdırma məkanı olub. Dünya isə buranı despotizmin, zorakılığın, haqsızlığın yuvası kimi tanıyır. Buna şübhəsi olan varmı? Yoxdur.
Rusiya Ermənistanla 50 illik hərbi müqavilə imzalayıb. Buna Əliyevlərin səsi çıxdımı?
Rusiya Azərbaycan torpaqlarının işğalında əvəzsiz rol oynayıb. Bunu Əliyev dilə gətirirmi?
Ilham Əliyev 366-cı alayın əsl sahibinin Kreml olduğunu unudubmu? Əlbəttə ki, yox. Bəs niyə dinmirdi? Çünki Azərbaycan xalqını kim əzirsə əzsin, bu, ancaq Əliyevlərin hakimiyyət marağına xidmət edir. Elə Əliyevlərin özü də 1995-ci ilin martında, 2003-cü ilin oktyabrında azərbaycanlılara qarşı Rusiyadan xüsusi təyinatlı ordu bölmələri gətirməmişdilərmi?
Xülasə, bəs niyə indi hakimiyyət belə narahatdır? Çünki, Ilham Əliyev “WikiLeaks” açıqlamalarında Rusiya ilə körpüləri yandırmışdı. Putini açıq şəkildə təhqir eləmişdi. Rusiyadakı despot da indi bu söyüşlərin cavabını verir. Ilham Əliyevin əleyhinə olan adamlara onu tənqid etmək qadağası qoymur.
Əliyev Azərbaycanı düşünmədiyi kimi, Putin də Rusiyanı düşünmür. Onlar elə “vətənpərvər”dilər ki, lazım olsa, öz dövlətləri naminə bütün əhalini qırarlar. Belə adamların münasibətləri niyə dövlətlərarası münasibət kimi şərh olunmalıdır ki? Bunlar nə vaxtdan dövlət adamı olublar ki?
Azərbaycan dövlətçiliyi üçün Ilham Əliyevdən daha təhlükəli adam varmı? Son olaylar göstərdi ki, bütün dövlət orqanları bir adam oğurluğunda ya oğrudur, ya da vasitəçi. Bu cür dövlətçiliyə təhlükəmi var? Bu dövlət özü ən böyük təhlükə və qorxu mənbəyi deyilmi?
Saakaşvili niyə belə edib?
Gürcüstan prezidenti bu məsələdə sırf özünün biznes maraqlarını güdüb. O bilir ki, bu bəyanatı nə Kremldə, nə də Vaşinqtonda heç kim ciddi qəbul etməyəcək. O bilir ki, bütün başı işləyən adamlar onun nə etmək istədiyini anladı.
Gürcüstanda yeni hökumət var və bu hökumət Saakaşvilinin Əliyevlərlə biznesinə maneə yarada bilər. Buna görə də Saakaşvili bir bəyanatla Ivanaşvilini düşmən cəbhəsinə atdı. Əliyev isə yenidən bu hökumətlə problemə girməklə Mişaya Gürcüstanda biznes forpostu olmaq imkanı verdi.
Azərbaycanlılar nə bilir?
Azərbaycanda təşkilatlanmış müxalifət partiyaları və gənclər hərəkatları Qərb dəyərlərini, demokratiyanı, azad bazarı, fikir və ifadə azadlığını dəstəkləyən, ölkənin gələcəyini Avroatlantik məkanda görən qüvvələrdir. Vətəndaşlar neçə illərdir ki, azad və ədalətli məhkəmədən, əxlaqlı və vicdanlı idarəçilərdən ötrü təşnədir. Azərbaycan əhalisi oxuma-yazması 30 faizi keçməyən ərəb ölkələri deyil ki… Bu millət 200 ildir üstünə şərin haradan gəldiyini bilir zatən. Elə ona görə də Azərbaycanda bir inqilab olacaqsa, o da Rusiyanın başımıza bəla etdiyi bu rejimə qarşı olacaq. Onların bir-birini əzməsi bizim sadəcə, işimizə yarayar.