Məmmədhəsən əmi eşşəyin yükünü boşaldıb ev adamına səsləndi:
– Eşik dağılsa xəbəriniz olmaz! Haradasınız, a millət?
Böyük oğlu Isgəndər əlində kitab damdan hoppanıb həyətə düşdü. Əvvəl eşşəyin boynunu sığalladı, sonra da atasının pencəyini çiynindən götürüb sütundakı mıxdan asdı. Məmmədhəsən əmi ani fikrə getdi: “Eşşəyi dədəsindən çox istəyir zalım oğlu, ağzımı da açsam, heyvan haqları deyib duracaq. Nəsə, zəmanə uşağı olmadı bu”.
Birdən kiçik qız uşağı pilləkənə qaçııb:
– Ana, dədəm gəldi, dədəm gəldi – deyə atılıb-düşməyə başladı.
Ana eyvandan donquldadı:
– Gəldimi evi dağılmış, iş-işdən keçəndən sonra neynirəm daha dədəni?
Atası yuxarı qalxan kimi kiçik qız həyətdə kitab oxuyan qardaşının yanına gəlib ona qısıldı.
Isgəndər əlindəki kitabı örtüb balaca Nazlının başını sığalladı:
– Eşşəyi çox istəyirsən, yoxsa qağanı?
Nazlı sevincək dilləndi:
– Ikinizi də!
Analarının gözü qəfil onları tutdu:
– Gül kimi qardaşınızı aparıb salıblar polisə, siz burda az qalıb eşşəyin ağzına girəsiniz…
Isgəndər dinmədi. Anası onun bu hərəkətindən daha da coşdu:
– Daş doğaydım bunu doğunca, gördün, cavab da vermədi mənə…
Sürahıya dirsəklənib qəlyanını tüstülədən Məmmədhəsən əmi arvadına tərs-tərs baxdı:
– Özünə əl qatma, Zeynəb. Sənin doğduğun daş şöbədədir. Biz də qalmışıq o daşın altında.
Zeynəb doluxsundu:
– Indi nə olacaq a kişi, getmirsənmi anası ölmüşümün dalınca?
Məmmədhəsən əmi Zeynəbin üstünə qışqırdı:
– Getmək asandırmı, a tünbətünün qızı, gedib hansı üznən deyim ki, stalovoyda yumruq oynadan qoçunun dədəsiyəm?
Zeynəb pilləkəndə oturub astadan zarımağa başladı: “Iki oğul verdin bizə ay allah, biri dünyadan küsüb, əlindən kitab düşmür, o biri də ki, tanrısına təpik atır. Barı atası gedib qurtara uşağı…”.
…Buraxılış məntəqəsi adlanan budkada oturan polis Məmmədhəsən əmini böyük binaya sarı yönləndirdi.
Məmmədhəsən əmi yuxuda gördüyü koridorla gedib kabinetə daxil oldu, otaqdakı da yuxusundakı həmin adam idi. Amma bu dəfə əyninə adi adam paltarı deyil, polis forması geyinmişdi. Həmin şəxs Məmmədhəsən əmiyə oturmağa yer göstərib ucadan:
– Mən əslində rəisi əvəz eləyirəm, amma siz mənə rəis deyə bilərsiniz,- dedi.
Məmmədhəsən əmi stulun qırağına çöküb yavaşdan danışmağa başladı:
– Yoldaş rəis, bizim gədəni ağıl dərdindən gətirib bura salıblar. Bu gün stalovoyda dalaşan uşaqdı. Buralarda cəmi bir dəfə olmuşam, o da ki, yuxuda eşşəyimi aparmağa gəlmişdim. Bir qəzadı olub, uşağı versəydiniz, aparıb evdə tənbehini edərdik.
Rəis oturduğu yerdəcə fırlanmağa başladı:
– A kişi, uşaq eşşək-zaddı ki, başını buraxaq, elə-belə aparıb gedəsən? Bilirsən, ictimai asayişi pozmaq nə deməkdir? Üstəgəl, adam döymək, təhqir zəminində hörmətli adamların adlarını çəkmək, rayonumuzun abadlığına qəsdən ziyan vurmaq, dördüncüsü…
Məmmədhəsən əmi gördü, yox, rəis belə getsə barmaqlarının hamısını yumacaq, tezcənə ayağa durub rəisə müraciət etdi:
– Bildim yoldaş rəis, bizim gədə başından yekə qələt eləyib, cəzasını da qoy çəksin, bundan sonra daha onu versən də aparmaram. Eşşəyi idarənizin qabağındakı dirəyə bağlamışam. Allah eləməsin, heyvan birdən rayonumuzun inkişafına-zadına xətər yetirər, bu da mənə ikinci xəcalət olar. Izin ver, daha mən gedim.
Məmmədhəsən əmi bir-iki addım atmışdı ki, rəis onun qabağına qondu:
– Ağsaqqal, hara gedirsən, uşağı aparmırsan bəs?
Məmmədhəsən əmi:
– Aparmıram, – dedi, – basın qoduqluğa, ağlı başına gəlsin.
– Ay əmi, indiki zamanda polisdə uşaq qoyub gedərlər?
– A bala, ən etibarlı yer polis döyülmü, nəsi varmış ki, polisin?
– O mənada demirəm, yəni oğlunuz maşallah, mərifətli uşaqdı, özüm söhbət eləmişəm. Həm də evdən ayrı qalmayıb birdən-ikiyə.
– Qalmayıb, qalsın da. Bu gün-sabah əsgərliyiə aparacaqlar, onda anası da getməyəcək ki, onunla?
– A kişi, nə əsgərlik-flan, adam var komissarlıqda, danışıb alaq uşağın biletini. Orduda baş verənlərdən xəbərin yoxdumu?
Məmmədhəsən əmi ötkəm-ötkəm soruşdu:
– Bacoğlu, sən bizim gədəni məndən çox istəyirsən?
– Əlbəttə, ağsaqqal, sənin oğlun mənim kiçik qardaşımdı. Olmaya inanmırsan?
Məmmədhəsən əmi bic-bic gülümsəyərək rəisi başdan-ayağa süzüb cavab verdi:
– Inandım oğul, ona şübhən olmasın, amma mənim dediyim başqa şeydi: Sən ayının əmisi oğlusan, yoxsa hökumətin polisi?..