İlham Əliyevin seçkidə iştirakı qətiləşsə, PA rəhbəri postunda qalacaq, əks-təqdirdə «vurulacaq»
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin postunda qalıb-qalmaması məsələsi iyul ayında bəlli olacaq. Bu barədə “Azadlıq”a hakimiyyət daxilindəki mənbə məlumat verib. Mənbənin sözlərinə görə, ölkə başçısı Ilham Əliyev Paşayevlərlə Ramiz Mehdiyev arasında gedən savaşla bağlı qəti qərarını məhz iyul ayında verəcək. Əgər hakim ailə ölkə başçısının növbəti dəfə prezident seçkisində iştirakını qərarlaşdırsa, o zaman Ramiz Mehdiyev postunda qalacaq və seçkinin keçirilməsi ona tapşırılacaq.
Əks-təqdirdə PA rəhbəri və komandası “vurulacaq”.
Mənbə bildirib ki, Ilham Əliyevin iyula qədər gözləməyi dünya birliyinin seçkilə bağlı qəti mövqeyini müəyyənləşdirmək istəyilə bağlıdır. Hakimiyyət Qərbin Ilham Əliyevin 3-cü dəfə prezident seçilməsinə mənfi münasibət bəslədiyindən məlumatlıdır. Lakin Qərbin yumşalacağına ümidlər də var.
Yada salaq ki, hələ konstitusiyaya məlum dəyişikliklər ediləndə, yəni bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyət aradan qaldırılanda Ilham Əliyev CNN-ə müsahibəsində bu məsələ ilə bağlı tərs suallarla üzləşmişdi. Həmin vaxt ölkə başçısı mürtəce dəyişiklikləri əsaslandırmaq üçün krallıqları nümunə gətirmişdi. Jurnalistin isə “Siz özünüzü kral hesab edirsiniz?” sualı Ilham Əliyevi pis vəziyyətə salmışdı. Bu hakimiyyətdə mürtəce dəyişiklərlə Qərbin reaksiyası kimi dəyərləndirilirdi. Məhz bu səbəbdəndir ki, Ilham Əliyev bir müddət sonra “Əl-Cəzirə” telekanalına müsahibəsində bir qədər ehtiyatlı mövqe tutdu. Növbəti dəfə namizədliyini irəli sürüb-sürməyəcəyi barədə qəti mövqe bildirmədi. Elə bu müsahibədən sonra Paşayevlərlə Ramiz Mehdiyevin komandası arasında ziddiyyətlər kəskinləşdi. Bəzi məlumatlara görə, bu Ilham Əliyevin yeni namizəd barədə düşünməyə başlaması ilə bağlıdır. Təbii ki, bu namizəd də hakim ailədəndir. Ramiz Mehdiyev və komandasının Ilham Əliyevdən başqa hakimiyyətdə heç bir kəsi namizəd qəbul etmək istəyi yoxdur.
Namiq