Təxribatın ardınca həbs və hədələr gəldi; İctimai Palata partiyanın müdafiəsinə qalxdı
Hakimiyyət AXCP-yə qarşı növbəti təqib-təzyiq kampaniyasına start verib. Bir neçə gün əvvəl Saatlının Musalı kəndində 2 nəfərin qəbir daşlarını dağıtmasını AXCP-nin ayağına yazmaq cəhdlərinin ardınca partiya fəalları Bakı polisinə çağırılaraq hədələnib, Sabirabadda isə partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qardaşı ilə dayısı oğlu həbs olunub. AXCP-yə son təzyiqlərlə bağlı məlumatları təqdim edirik:
Bakı polisi cəbhəçi gənci həbslə hədələdi
Fevralı 26-ı axşam saatlarında Xətai Rayon 35-ci polis bölməsindən polislər Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsi fəalı Türkel Əlisoyun evinə gəliblər. Onun ailə üzvlərinin şəxsiyyət vəsiqələrini götürüb, qeydiyyata alıblar. Valideynlərinə bildiriblər ki, Türkel 35-ci bölməyə gəlməlidir. Fevralın 27-i səhər saatlarında isə Türkel Əlisoyun evinə 35-ci polis bölməsinin silahlı iki polis əməkdaşı gələrək onu zorla bölməyə aparıblar. Bölmədə aydın olub ki, onun “Facebook” sosial şəbəkəsində “Azərbaycanlı tələbələrin boykot günü” tədbirinə dəstək verdiyi üçün saxlayıblar. Türkelin redaksiyamıza verdiyi məlumata görə, onu sosial şəbəkədə yazdıqlarına görə narahat edirlər. “Silahlı polislər evimizə gəldilər. Dedilər ki, əgər xoşluqla gəlməsən əlinə qandal vurub aparacağıq. Mən də razılaşıb getdim. Əvvəlcə 35-ci polis bölməsinə apardılar. Orda rəis mənimlə bir az söhbət etdi. Sonra Bakı Şəhər Baş Polis idarəsinə apardılar. Orada isə 50-60 vərəqi qabağıma qoydular. “Facebook”da yazdığım hər şey orada var idi. Dedilər ki, əgər siyasi fəaliyyətini dayandırmasan sənə cinayət işi açacağıq. “Facebook” profilimi bağlmağımı istədilər. Dedilər ki, bir də yazsan və aksiyaya, mitinqə çıxsan cinayət işi açacağıq. Guya tələbələrin boykotuna dəstək verdiyim üçün məni çağırıblar. Amma elə deyil. Ümumilikdə fəaliyyətimə görə narahatdılar. Çünki yanvar ayının 26-da aksiyada sutkalıq həbs cəzası almışdım. Mən təcridxanada olduğum müddətdə də evimizə gəlib məni axtarmışdılar.
Bundan əlavə BŞBPİ-nin rəis müavini mənə dedi ki, bugün dərsi boykot edən tələbələrdən ikisi universitetdən qovulacaq. Sonra onlara sənin əleyhinə izahat yazdırıb səni həbs etdirəcəyik.
Mən isə bildirdim ki, aksiyanın təçkilatçısı deyiləm və təşkilatçıları da tanımıram. Tələbələrin boykotunu dəstəkləmişəm. Dəstəkləməyə də davam edəcəyəm. Sonda mənə izahat yazdırdılar. Peşman olmadığımı və fəaliyyətimi davam etdirəcəyimi yazdım”.
***
Daha bir cəbhəçi polisə aparılıb
AXCP-nin Suraxanı rayon təşkilatının fəal üzvü Rahib Hacıyev Bakı Şəhər baş Polis İdarəsinə çağırılıb. Rafiq adlı müstəntiq Rahib Hacıyevi “Facebook”da event yaradaraq tələbələri boykota çağırmaqda, zərərli yazılar yazmaqda ittiham edib. Daha sonra Rahib Hacıyevə təzyiq göstərərək onun partiya sıralarndan çıxmasını, partiyada qalacağı təqdirdə isə polislə əməkdaşlıq etməli olduğunu söyləyiblər. Rahib Hacıyevdən AXCP sədri Əli Kərimlinin hardan maliyyələşdiyini də soruşublar. Sonda isə müstəntiq Rahib Hacıyevə deyib ki, onunla tez-tez əlaqə saxlayacaqlar.
Qeyd edək ki, polis idarəsinə çağırılmaqla bağlı Rahib Hacıyevə heç bir rəsmi bildiriş göndərilməyib.
Rahib Hacıyev isə polisə bildirib ki, tələbə deyil, heç kimi boykota çağırmayıb. AXCP-nin sıravi üzvüdür, heç bir qanunsuz fəaliyyətlə məşğul olmur.
***
AXCP fəalı təqib olunur
Fevralın 26-da “İsmayıllıya dəstək” aksiyasında Səbail məhkəməsi tərəfindən 500 manat cərimə olunan AXCP üzvü Orxan Carçı təqib edildiyini deyir. Gənc cəbhəçi cəriməni ödəmədiyi üçün Qazax rayonunda yaşayan valideynlərini də yerli hüquq-mühafizə orqanları və icra hakimiyyətinin incitdiyini, əmlaklarını siyahıya alacaqları ilə hədələdiyini bildirib.
“Artıq təzyiqlərdən bezmişəm. Mənim bu məbləği ödəməyə pulum yoxdur. Valideynlərimin də imkanı yoxdur bu cəriməni ödəməyə” deyən O.Carçı elə bu məqsədlə də Səbail məhkəməsinə müraciət edib ki, qanunsuz cəriməni ödəməyə pulu yoxdur, haqqında başqa cəza növü seçə bilərlər. Səbail rayon məhkəməsi isə onun müraciətini Qazax rayon məhkəməsinə yönəldib. O.Carçı indi Qazax məhkəməsinin nə qərar verəcəyini gözləyir.
Bu arada Qazaxda fəaliyyət göstərən müxalif partiyaların üzvləri, ictimai fəallar, QHT nümayəndələri O.Carçıya dəstək üçün bir araya gəlib və müdafiə tədbirlərini nəzərdən keçiriblər.
***
Natiq Ədliovun qohumları həbs edildi
Fevralın 27-də səhər saatlarında AXCP Mətbuat Xidmətinin rəhbəri, “Azadlıq” qəzeti və “Azərbaycan saatı” TV proqramının əməkdaşı Natiq Ədilovun qardaşı Murad Ədilov və dayısı oğlu Səbuhi Nadirov həbs edilib. Hadisə onların yaşadığı Sabirabad rayonu Xələfli kəndində baş verib. Murad Ədilov evlərindən aparılıb. Səbuhi Nadirov isə yolda saxlanılıb.
Murad Ədilov və Səbuhi Nadirovun hansı səbəbdən saxlandığı haqda ailə üzvlərinə və yaxınlarına heç bir məlumat verilməyib.
Bakıda iş yerində olan Natiq Ədilov bu barədə məlumat alan kimi rayon Polis Şöbəsi ilə bir neçə dəfə əlaqə saxlayıb, qohumalrının saxlanma səbəbini öyrənmək istəyib. Lakin Şöbədən ona da heç bir məlumat verməyiblər. Natiq Ədilov daha sonra Daxili İşlər Nazirliyinə müraciət edib, amma yenə də hər hansı məlumat ala bilməyib.
Yalnız günün ikinci yarısında Murad Ədilov və Səbuhi Nadirovun narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edildikləri haqda məlumat yayılıb. Məlumatı Sabirabad Rayon Polis Şöbəsinin rəisi Mübariz Quliyev APA-ya verib.
Natiq Ədliov isə yaxın qohumlarının həbsini bilavasitə özünün siyasi fəaliyyəti ilə əlaqələndirir. O, “azadliq.info”ya açıqlamasında deyib ki, qardaşı və dayısı oğlunun narkotik vasitələr və ya narkomitlə heç bir əlaqəsi yoxdur və ola da bilməz. Bu, sadəcə ona təzyiq göstərmək məqsədilə uydurulmuş ittihamdır.
Natiq Ədliov bildirib ki, martın 10-da AXCP Sabirabad şöbəsinin məclisi keçirilməlidir və o da rayon məclisinin üzvüdür. Hər belə tədbir ərəfəsində, rayon şöbəsində fəallıq artıqda ona və rayonun başqa cəbhəçilərinə qarşı təzyiqlər olur. Natiq Ədilov onu da qeyd edib ki, qardaşı ilə dayısı oğlunun həbs əməliyyatını həyata keçirən polislər bir müddət əvvəl onu və AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlını Sabirabadda həbs edən polislərdir.
Natiq Ədilov belə təzyiq vasitələri ilə onu siyasi fəaliyyətindən çəkindirməyin mümkün olmayacağını bəyan edib, rayon və ölkə rəhbərliyinin vətəndaşlara qarşı bu cür qanunsuz hərəkətləri dayandırmalı olduğunu bildirib.
Natiq Ədilovun qardaşı Murad Ədilov
İctimai Palatadan AXCP-yə dəstək bəyanatı
İctimai Palata AXCP-yə qarşı yenidən başlayan təzyiqlərlə bağlı bəyanat verib. Bəyanatda deyilir:
Azərbaycan hakimiyyəti ölkənin demokratik qüvvələrinə qarşı repressiv siyasətini davam etdirir. Ölkənin ən böyük müxalifət partiyalarından biri, İctimai Palatada təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) hakimiyyətin yeni təxribatçı əməlləri və təzyiqi ilə üz-üzədir.
Hələ bir neçə gün qabaq Saatlı rayonunda necə və hansı məqsədlə törədildiyi şübhəli olan kənd qəbiristanlığında 2 nəfərin 80-dən artıq başdaşını dağıtması faktından AXCP-yə qarşı təxribat niyyətli xəbər hazırlayıb bəzi media orqanlarına, o cümlədən telekanallara ötürdülər. Guya qəbir daşlarını dağıdanlardan birinin atası vaxtilə AXCP üzvü olub, hadisənin bu partiya rəhbərliyinə hansısa formada aidiyyatı var. Hərçənd, sonradan müstəqil mətbuat üzə çıxardı ki, vaxtilə AXCP üzvü olduğu iddia edilən şəxs 2003-cü ildən rəsmən YAP-ın üzvüdür və Rayon İcra Hakimiyyətinin qarşısındakı “Heydər Parkı”nda bağban işləyir, onu bu işə İcra Hakimiyyətindən təyin ediblər.
Bu hadisədən AXCP-yə qarşı təxribat üçün istifadə cəhdi ortadan qalxmamış, partiyaya qarşı növbəti hücumun konmturları daha aydın görünməyə başladı.
Fevralın 27-də AXCP fəallarının Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldığı və hətta zorla aparıldığı, İdarədə onlara siyasi fəaliyyətdən, o cümlədən Facebook kimi sosial şəbəkələrdə fəallıqlarından imtina etmələri üçün təzyiq olunduğu haqda məlumatlar yayıldı. Belə təzyiq və hədə-qorxuya məruz qalan fəallardan ikisinin – Türkel Əlisoy və Rahib Hacıyevin adları mətbuata bəllidir. Ölkə boyu başqa AXCP fəallarının da bu səpkili təzyiqlə üzləşdiyi haqda məlumatlar daxil olur. Polis və başqa hakimiyyət orqanları vasitəsilə AXCP fəallarından partiya sıralarını tərk etmək, yaxud partiya əleyhinə casusluq etmək təklif olunur, onlardan partiyanın sədri Əli Kərimli ilə bağlı məlumatlar tələb edilir.
Nəhayət, fevralın 27-də Sabirabad polisi AXCP mətbuat xidmətinin rəhbəri, eyni zamanda “Azadlıq” qəzeti və “Azərbaycan saatı” TV proqramının əməkdaşı Natiq Ədilovun qardaşı Murad Ədilov və dayısı oğlu Səbuhi Nadirovu həbs edib. Rayon Polis Şöbəsi onların narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edildiyi haqda ilkin məlumat yayıb. Bu ittihamın uydurma olduğu, həmin şəxslərin bilavasitə yaxın qohumları Natiq Ədilovun siyasi və jurnmalist fəaliyyətinə görə həbs edildikləri isə heç kimdə şübhə doğurmur.
İctimai Palata baş verənləri hakimiyyətin siyasi müxalifətə qarşı qanunsuz hərəkətləri olaraq qiymətləndirir və AXCP-yə qarşı təzyiqləri dayandırmağı tələb edir.
İctimai Palata bəyan edir ki, AXCP funksioneri Natiq Ədilovun yaxın qohumlarını onun ictimai-siyasi fəaliyyətinə görə həbs etməklə Azərbaycan hakimiyyəti həm də ölkədə növbəti mənəvi-əxlaqi prinsiplərdən uzaq, iyrənc presedenti dərinləşdirməklə məşğuldur. Belə ki, hakimiyyət bununla müxalif fəalları susdurmaq üçün təkcə onların özlərini yox, həm də qohumlarını və yaxınlarını repressiyaya məruz qoyacaq qədər rəzilliyi özünə yaxın buraxdığını göstərərək cəmiyyətə “göz dağı” vermək istəyir. Bu xüsusda AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovun heç bir günahı olmadığı halda, yalnız yaxın qohumu olan AXCP sədrindən qisas almaq məqsədilə bir ildir ki, MTN-də faktiki girov saxlandığı da xatırlanmalıdır.
İcitmai Palata bir daha hakimiyyətdən siyasi müxalifətə qarşı repressiyanı dayandırmağı, ölkədə süni gərginlik yaratmamağı tələb edir. İctimai Palata xəbərdar edir ki, xüsusən də seçki ilində ölkədə belə təhlükəli gərginlik yaratmaq hakimiyyətin özünə də yaxşı perspektiv vəd etmir.