Ermənistanda bir qrup ali məktəb tələbələri dərsləri boykot edir və prezident seçkilərinin rəsmi nəticələrinin “etibarsız” tanınmasını tələb edir.
Üçüncü gündür ki, bir neçə yüz ali məktəb tələbələri Ermənistan prezident seçkilərinin rəsmi nəticələrini etibarsız tanıyıb, yeni prezident seçkiləri keçirilməsini tələb edirlər.
Onlar bəyan edirlər ki, 18 fevral prezident seçkilərinin nəticələri saxtalaşdırılmış tanınmayınca tətil edəcəklər.
Tələbələrin aksiyası Yerevan Dövlət Universitetinin baş tədris korpusundan başlayıb.
Fəallar əvvəlcə Facebook şəbəkəsi vasitəsilə, sonra əyanı şəkildə başqa ali məktəblərin qarşısında piketlər keçirir, tələbələri tətil elan etməyə çağırırlar.
Piketçilər əllərində “Bu ölkənin sahibi bizik” şüarları tutur, auditoriyalardakı tələbələrə “Birləşin, birləşin” çağırışları ilə müraciət edirlər.
Bir sıra universitetlərin qapılarını və darvazalarını bağlayıb tələbələri binaya daxil olmağa və ya nümayişçilərə birləşməyə buraxmayıblar.
Bəzi ali məktəblərin qarşısına tələbə şuralarının rəhbərliyilə boykota qarşı çıxış edən tələbələr düzülüb, piketçiləri tədris prosesinə mane olmamağa çağırıblar.
Bəzi ali məktəblərin qarşısına xüsusi təyinatlı polis dəstələri düzülüb.
Tələbələrin etiraz aksiyası Mərkəzi Seçki Komissiyası qarşısında davam edib. Nümayiş iştirakçıları “Saxtakarları həbs edin” şüarlarını irəli sürüblər. Burada onlara keçmiş prezidentliyə namizəd Andrias Ğukasyan da birləşib.
MSK binası polis dəstələri tərəfindən əhatəyə alınıb, lakin polis aksiyanın keçirilməsinə mane olmayıb.
Prezident seçkilərinin rəsmi nəticələrinə əsasən ikinci yeri tutmuş İrs Partiyasının lideri Raffi Hovhannisyan tələbələrin “spontan aksiyasını” alqışlayıb və ədalətli seçkilər üçün mübarizəni davam etdirməyə çağırıb.