Son vaxtlar bir “Asan xidmət” nağılıdır, başını alıb gedir:
Ay məmur süründürməçiliyi bitəcəkmiş, ay korrupsiyanın kökü kəsiləcəkmiş, ay rüşvət tarixə qovuşacaqmış, ay bundan sonra nazirliklər, komitələr güllük gülüstanlıq olacaqmış, daha nə bilim nə!
Dəyərli həmkarımız Şahvələd Çobanoğlu bu mövzuda yaxşı yazıb: “Ilham Əliyev bu ”Asan xdimət”i yaratmaqla etiraf etdi ki, həyatımız çox çətindir…”.
Amma “Asan xidmət” yaratmaqla həyatımızın asanlaşacağını gözləmək də sadəlöhvlükdür. Axı normal ölkədə hər bir dövlət qurumunun vəzifəsi xalqa xidmətdir, özü də həqiqi xidmət. Bunun üçün ayrıca qurum yaratmaq nə üçün? Belə bir komediya ola bilərmi?
Təsəvvür edin, “Asan xidmət” mərkəzində neçə-neçə nazirliyin, komitənin əvəzindən xeyli asanlaşdırılmış hüquqi xidmət həyata keçirilməlidir, amma deyən yoxdur ki, bəs o nazirliyin, komitənin başında dayananlar nə vaxt özünəxidmətdən xalqa xidmətə keçəcəklər?
Əslində isə belə hoqqabazlıqlara, gözdən pərdə asmaqlıqlara, “xalqa xidmət” görüntüsü yaratmaqlıqlara ehtiyac yoxdur.
Oğurlamasınlar yetər.
Yalandan, yaltaqlıqdan əl çəksinlər yetər. Hüququ çeynəməsinlər, qanunlara tüpürməsinlər yetər.
Milli iradəyə sayğı duysunlar yetər.
Qısası: illah ki, xalqa asan xidmət etmək istəyirlərsə, biryolluq çəkilib getsinlər artıq.
Əmin olsunlar ki, xalqa edəcəkləri ən böyük yaxşılıq, ilk və son xidmət elə budur!
“Asan xidmət” ölkəsinin “Rahat market”i
Budur, mən bu sətirləri yazarkən Iqtisadi Inkişaf Nazirliyi rəsmi məlumat yaydı ki, adı “Rahat”, başı isə hakimiyyətdə kiməsə bağlı olan mağazalar şəbəkəsində guya oradakı qiymətlər başqa mağazalardan ucuzdur deyə alıcıları aldadırlarmış.
Bunlar belədirlər: nə yaradırlarsa bəzəkli-düzəkli adlar qoyurlar – “Asan xidmət”, “Rahat market”… Həyatımızda isə çətin və ağır olmayan heç nə yoxdur.
Sərdar Cəlaloğluna “əməkdar” sualı
Hörmətli Sərdar bəy!
Bir müxalifətçi, bir müxalifət partiyası sədri aylardan bəridir durmadan, dayanmadan, nəfəs dərmədən, ara vermədən hakim rejimə qarşı deyil, onun opponentlərinə qarşı ağır söyləmləri ilə…
Rejimin başında dayanan adama qarşı deyil, özünü ona rəqib görən adamlara qarşı sərt çıxışları ilə gündəmə gələrsə, onun müxalifətçiliyindən hər kəs quşqu duyar…
Onun haqqında hər kəsin beynində sual işarələri yaranar.
Necə ki, artıq mən sizin haqqınızda o şübhələri daşımaqdayam.
Necə ki, mən artıq sizinlə bağlı o sualları özümə verirəm.
Nələr olur, Sərdar bəy?
Sonuncu dəfə Ilham Əliyevə hansı birbaşa, hədəfə dəyən, yaddaqalan çıxışı etdiyiniz bəlli deyilkən günün 24 saatı hansısa müxalifət liderinin ünvanına ən zəhər-zəmbərək sözləri deməyə məcbur edən nədir sizi?
Sizə də elə gəlmirmi ki, artıq məsələn, Isa Qəmbəri tənqid edə-edə Ilham Əliyevi tənqid etməyi unudubsunuz? Bunu sizə unutduranmı var yoxsa?
Dünən də Isa Qəmbərlə Etibar Məmmədovu “prezidentliyə əməkdar namizəd” adlandırmısınız. Tanış sözlərdir, Siyavuş Novruzovun “müxalifət liderləri artıq köhnəlib, getməlidirlər” məntiqindən əsla fərqlənmir.
Ey Sərdar bəy! Etibar Məmmədov iki dəfə prezidentliyə namizəd olub – birində (1998) seçkinin faktiki qalibidir, haqqı oğurlanıb.
Isa Qəmbər isə ümumiyyətlə, cəmi bir dəfə prezidentliyə namizəd olub, onda da seçkini udub, onda da onun haqqı oğurlanıb.
Yaxşı, indi siz durub cəmi bir dəfə prezidentliyə namizəd olmuş və o seçkini udmuş, cəmi iki dəfə prezidentliyə namizəd olmuş və birini udmuş adamlara “əməkdar prezidentiliyə namizəd” deyə kinayə edərsinizsə, onları Siyavuş Novruzov zehniyyəti ilə vurmağa çalışarsınızsa, o zaman doğrudan da, mənə maraqlıdır:
indiyədək ölü yerdən 3 dəfə deputatlığa namizəd olmuş, amma parlamentdə otura bilməmiş (o ayrı ki, onların ən azı birində qələbənizin oğurlandığına adımın Elnur olduğuna əmin olduğum qədər əminəm) birinə – yəni sizə, kimsə qalxıb “əməkdar deputatlığa namizəd” desə nə cavab verəcəksiniz?