Tədbir iştirakçıları soyqırım qurbanlarını anmaqla yanaşı, beynəlxalq aləmdən ədalətli yanaşma tələb ediblər
Xocalı soyqırımından 21 il keçir. Faciənin ildönümü ilə əlaqədar Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində də anım tədbirləri, aksiyalar keçirilib. Almaniyanın Frankfurt şəhərinin mərkəzində Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Almaniyanın Mainz və Frankfurt şəhərlərində yerləşən Azərbaycan təşkilatları birgə keçirdikləri tədbirdə həmçinin beynəlxalq aləmdən baş verənlərə ədalətli yanaşma tələb olunub.
Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda da Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimdə Iranın Xarici Işlər Nazirliyinin rəsmisi, yerli media təmsilçiləri, Türkiyənin Təbrizdəki Baş Konsulluğunun əməkdaşları, həmçinin, şəhər ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Amerika Alyansı (AAA) Xocalı soyqırımı ilə bağlı növbəti geniş maarifləndirmə kampaniyası keçirir. Alyansdan APA-ya verilən məlumata görə, kampaniya çərçivəsində “XOCALI… Azərbaycana qarşı Bəşər Faciəsi” başlığı altında yüzlərlə məlumatlar Vaşinqton və Nyu-York şəhərlərinin metro stansiyalarına, avtobus dayanacaqlarına, avtobuslarôôôa, sabit və səyyar elan lövhələrinə vurulub.
Pakistanın Lahor şəhərində yerləşən COMSATS Universitetində Azərbaycan-Pakistan Fondu tərəfindən Xocalı soyqırımına həsr edilmiş “Xocalı soyqırımı – BMT-yə ünvanlanmış suallar” adlı seminar keçirilib. Tədbirdə COMSATS Universiteti, həmçinin Pəncab əyalətinin digərali təhsil müəssisələrinin professor-müəllim və tələbə heyətləri iştirak ediblər.
Isveçdə parlament binasının qarşısında – Mynttorget meydanında da etiraz aksiyası keçirilib. Stokholmda yaşayan azərbaycanlıların təşkilatçılığı ilə baş tutan aksiyaya Iraq Türkmən Federasiyası, Türk Işçi Dərnəkləri Federasiyası, Isveç-Uyğur Maarifləndirmə Cəmiyyəti və digər icmaların nümayəndələri də qatılıb.
Danimarkada yaşayan azərbaycanlılar isə Kopenhagenin mərkəzi meydanı “Radhusplads”da etiraz mitinqi keçirib.
Fransanın paytaxtı Parisdə Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar məşhur Monmart təpəsi yaxınlığındakı meydanda aksiya keçirilib.
Londonda ASAIF-in təşkilatçılığı, Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərini təmsil edən və müxtəlif şəhərlərdən Birləşmiş Krallığın paytaxtına üz tutan tələbələrin iştirakı ilə Xocalı faciəsinin 21-ci il dönümünə həsr olunan “Xocalıya Ədalət!” aksiyası keçirilib.
Sidneydə Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyətinin Türk Dayanışma Dərnəyində (Turkish House) tədbir keçirilib. Tədbirdə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktından, Xocalı soyqırımından, dünyanın bu soyqırıma olan münasibətindən söz açılıb.
Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş Konsulluğu da Xocalı soyqırımının ildönümü ilə bağlı anım mərasimi keçirib.
Baş Konsulluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə soydaşlarımızla yanaşı, tanınmış qazax ziyalıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində Xocalı soyqırımını əks etdirən foto sərgi təşkil olunub, Azərbaycanın Aktaudakı Baş konsulu Rəşad Məmmədov çıxış edərək, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Xocalı soyqırımı barədə danışıb, “Xocalıya ədalət” kampaniyası barədə geniş məlumat verib.
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepropetrovsk Vilayət Təşkilatı və Dnepropetrovsk Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Dnepropetrovski şəhərində Xocalı soyqrımının 21-ci ildönümü ilə bağlı mətbuat konfransı və anım mərasimi keçirilib.
Bəyim Həsənli