Rəşid Hacılı: «Hakimiyyət təşvişdədir, bir qığılcım partlayışa səbəb ola bilər»
Prezident seçkiləri yaxınlaşdıqca hakimiyyətin cəmiyyətə, xüsusilə mətbuata qarşı aqressiyası artır. Qəzetlərin, xüsusilə də “Azadlıq”ın ağır məhkəmə cərimələrinə məruz qalması da buna bir nümunədir. Bu və gündəmin digər məsələləri ilə bağlı Media Hüquqları Institutunun direktoru Rəşid Hacılının mövqeyi ilə tanış olduq.
– Seçki ilində dünyanın diqqəti Azərbaycana yönəlsə də, hakimiyyət daha çox aqressiv addımları ilə yadda qalır. Xüsusilə də mətbuata qarşı aqressiya artmaqdadır. Bunun səbəbi nədir?
– Azərbaycanda medianın fəaliyyət sahəsinin daraldılması prosesi uzun illərdir gedir. Geriyə dönsək, görərik ki, tənqidi media üçün əvvəl daha yaxşı imkan olub. Ildən ilə onların sayı azalır. 2005-ci ildəki vəziyyəti və ondan sonranı yada salaq. O zaman tənqidi məzmunlu qəzetlərin sayı çox idi. Getdikcə azalıb və indi fəaliyyət çox daralıb. Aydın görünür ki, dənizin ortasında adalar qalıb. Son vaxtlar tənqidçi mediaya, qəzetlərə, saytlara olan ictimai diqqət sürətlə artır. Cəmiyyətdə fəallaşma prosesi baş verir. Ancaq qəzetlərin satışı ilə bağlı ciddi problemlər əmələ gəldi, əsas satışçılardan olan “Qasid” firmasının köşklərini, küçə ticarətini yığışdırdılar. Regionlara qəzet aparmaq imkanları məhdudlaşıb. Bütün bu məhdudiyyətlər qəzetlərin oxuculara çatdırılmasını daraltsa da, amma yenə də qəzetlərin tiracı artır. Üstəlik də qəzetlərin, xüsusilə “Azadlıq” və “Yeni Müsavat”ın onlayn versiyaları çox populyardır. Bəzən hətta elə məqalələr, videomateriallar olur ki, onlara baxanların sayı bəzi televiziya verilişlərinə baxanların sayına çatır. Bu onu göstərir ki, cəmiyyətdə tənqidi obyektiv fikirlərə ciddi maraq əmələ gəlir. Belə vaxtda müxtəlif vasitələrdən istifadə etməklə bu tənqidi söz məhdudlaşdırılır. “Azadlıq” qəzetinə qarşı iki 30 min kompensasiya tələbi qanunsuzdur. Tamamilə absurddur, heç bir hüquqi, yaxud məntiqi çərçivəyə sığmır. Çünki mənəvi zərərə görə 30 min tələb etmək heç bir ədalət anlayışına sığmır. Təbii ki, bir qəzetə qarşı belə ədalətsiz qərarın çıxarılması və onun aşağıdan yuxarı məhkəmələr tərəfindən təsdiq olunması bunun açıq-aşkar sifariş olduğunu göstərir. Məqsəd də o qəzetin artan imkanlarını, nüfuzunu maliyyə vasitəsilə boğmaq, qəzetin oxuculara çatdırılmasının qarşısını almaq, onu çökdürməkdir. Yəni bunlar heç cür özlərinə gələ bilməsinlər ki, populyarlığını və yayımını artırsınlar. Bu təzyiqlər də artmaqdadır.
“Cərimələr hökumətə qarşı çevrildi”
– İcazəsiz aksiyalara görə cərimələrin də həcmi artıb. Bu təkcə siyasi tələblərlə aksiyaya çıxanlara deyil, həm də sosial problemlər, yaxud əmək haqqının gecikdirilməsinə etiraz edənlərə də aiddir. Bu yolla etirazların qarşısını ala biləcəklərmi?
– Bizim hökumətdə belə mövqe tutan şəxslər dincəlməyə Avropaya gedir, uşaqlarını oxumağa, yaşamağa Avropaya göndərirlər, amma belə pis şeyləri Rusiyadan, digər sərt rejimlərin olduğu ölkələrdən götürməyə çalışırlar. Aksiyalarda iştiraka görə cərimələr məsələsini Rusiyadan götürdülər. Bizimkilər “pis nümunə yoluxucu olur” misalına sadiq qalaraq bu qanunun burda tətbiqinə başladılar.
Bunun birinci tətbiqi çox biabırçı formaya çevrildi. Gənclərə qarşı tətbiq olundu, onlar da bunu kampaniyaya çevirdilər və ödəmədilər. Əslinə qalsa, bu tamamilə hökumətin əleyhinə çevrildi. Rusiyada parlament belə bir qərar qəbul etsə də, Konstitusiya Məhkəməsi yüksək cərimələrin toplaşmaq azadlığına zidd və ədalətsiz olduğunu hesab edib və təsdiq etməyib. Bizim hökumət ən azı bu nümunəni götürməlidir. Çox ciddi məsələlərlə bağlı yüzlərlə məhkəmə qərarları var ki, icra olunmur. Hər bir qərarın icra proseduru var. Bu prosedurlar müəyyən vaxt aparır. Buna baxmayaraq bu cərimələrlə bağlı birbaşa adamların evinə gedirlər. Bununla da hökumətin bu məsələdə qərəzli olduğunu, təşvişə düşdüyünü göstərir.
“Əmlakın müsadirəsi siyasi aksiyadır”
– Cərimələri ödəməyə şəxslərin evlərinə gedib ailələrinə məxsus əmlakı müsadirə edirlər. Bunu necə şərh edərdiniz?
– Bu normal icra proseduruna uyğun deyil. Həm də çox tələsik edilir. Qərar qüvvəyə minir, bundan sonra onun icraya yönəldilməsi ilə bağlı bir neçə prosedurlar keçir. Buna müəyyən vaxt gedir. Icra olunması üçün də insanlara vaxt verilir. Əmlaka yönəldilməsi son tədbirdir. Ona qədər başqa prosedurlar olur. Bunun belə tələsik, biabırçı formada həyata keçirməsi birinci hökumətin açıq-aşkar sifarişçi olduğunu göstərir. Bakı Şəhər Icra Hakimiyyətinə qarşı qərarlar var ki, orda icraçılar gücsüzdür və heç bir tədbir görmür. Burda isə eyni gündə müxtəlif yerlərdə icraçılar müxtəlif adamların evinə gedirlər. Elə bir xüsusi əməliyyat qrupu var və cərimələrin icraçı ilə eyni gündə məşğul olmalıdır. Bu onu göstərir ki, sifariş yuxarıdan gəlir və siyasi aksiyadır.
“Cəmiyyət bu biabırçılığa birtəhər dözə-dözə yaşayır”
– Gündəmin əsas mövzusu Elşad Abdullayevin açıqladığı videolardır. 5 aydan sonra Gülər Əhmədova həbs olundu. Bu işin araşdırılmasından obyektiv nəticə gözləyirsinizmi?
– Daxildə hamı hər şeyi onsuz da görür. Dövlət məmurlarının, hakimiyyət içində müxtəlif məmur qurumlarının nə işlə məşğul olduğu ilə hamı qarşılaşır, bu biabırçılığa birtəhər dözə-dözə yaşayırlar. Amma bu videolar bizi bütün dünyada biabır edən məsələdir. Adam oğurluğu, pul qoparıb nəsə vəd etmək Azərbaycanı gözdən salan məsələlərdir. Dəhşət doğuran odur ki, bu videolar yayılmamışdan uzun illər əvvəl hökumətə göndərilib. Bu videoların varlığı barədə hüquq-mühafizə orqanlarının, dövlət qurumlarının məlumatı var idi. Amma bununla bağlı heç bir tədbir görmürdülər. Bunlar yayılandan və hökumət bütün dünyada biabır olandan sonra bu tədbirləri görülürsə, bu hökumətin baş vermiş cinayətlərə, hökumət içində qrupların törətdiyi cinayətlərə qarşı nə dərəcə effektiv reaksiya vermək qabiliyyətinin olduğunu göstərir. Əgər bu bir neçə il əvvəl onlara məlum idisə, niyə o zaman tədbir görülməyib. Əvvəldən tədbir görsəydilər, bəlkə də bu videolar geniş yayılmazdı. Sonuncu videoda çox yüksək vəzifəli şəxsin danışığı, müzakirə etdiyi məsələ, verdiyi vədlər dəhşət doğurur. Bunları dinləyərkən orda olanları bildiyimə baxmayaraq bəzən şoka düşürəm. Baş verənlər göstərir ki, hökumət daxilində çox ciddi qruplaşma, qarşıdurma var. Belə cinayət xarakterli faktlar olduğu halda bu qarşıdurma, çəkişmələr işlərin ədalətli, düzgün, normal həllinə ciddi şəkildə təsir göstərir.
“Nazirlərin dindirilməsini hökumət nüfuzuna xələl kimi qəbul edir”
– Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı məsələdə də yüksək rütbəli məmurların adları çəkilir. Bu işin istintaqının ədalətli aparılacağı, həmin məmurların dindiriləcəyi nə dərəcədə inandırıcıdır?
– Normal ölkədə hətta adi prokurorun yüksək səviyyəli məmurları dindirmək hüququ, səlahiyyəti var. Hətta adi müstəntiqin əlində toplanmış materiallara əsasən kiminsə dindirilməsinə ehtiyac varsa, həmin şəxsin nazir yaxud başqa kim olmasından asılı olmayaraq, bu məsələ həllini tapır. Əks halda cəmiyyət bu istintaqa inanmaz. Bizdə isə təəssüf ki, bu məsələlər qanun çərçivəsində həll olunmur. Siyasi müstəvidə həll olunur. Naziri dindirməyi hökumət öz nüfuzuna zərər kimi qəbul etdiyindən bunu etməyəcəklər. Bu faktiki olaraq aydın, effektiv idarə olunan və qanunlara söykənən idarəetmə sisteminin, hüququn aliliyinin olmaması anlamına gəlir. Bu da nəticə etibarı ilə insanlarda hökumətə, dövlətə qarşı dəhşətli münasibət doğurur.
“Saxta pasport məsələsinə izahat verilməlidir”
– Son videoda Ramil Usubovun qohumu olan yüksək rütbəli məmur saxta pasport təklif edir və hətta lazım olsa, 5 saxta sənəd düzəldə biləcəyini deyir. Kifayət qədər ciddi məsələdir. Bununla bağlı əslində hansı tədbirlər görülməlidir?
– Saxta pasport məsələsi yeni cinayətlərə yol aça bilən çox ciddi cinayətdir. Hətta beynəlxalq səviyyədə skandala səbəb olan məsələdir. Çünki saxta pasport insanın ölkədən çıxarılması, başqa ölkədə yaşaması deməkdir. Ona görə bu məsələ birmənalı olaraq çox ciddi araşdırılmalıdır. Bəlkə o blef edir. Amma bütün hallarda, hətta blef olsa da, yüksək səviyyəli məmurdur, bu sözünə görə izahat verməlidir. Bütün hallarda bü yüksək rütbəli zabitə yaraşmayan bir məsələdir. Əgər faktiki olaraq belə cinayət varsa, onda ciddi tədbirlər görülməlidir.
“Hökumət etibar limitini itirib”
– Prezidentin keçirdiyi son müşavirədə məmurları tənqid etməsi ölkədəki gərginliyə su səpmək kimi qiymətləndirildi. Bundan sonra hər hansı dəyişiklik gözləməyə dəyərmi?
– Birincisi, ölkədə bir neçə partlayış olmuşdur. Məsələn, ötən il Qubada baş verən hadisə. Bu sadəcə olaraq icra başçısının əhalinin özünə təhqir hesab etdiyi ifadələr işlətməsindən irəli gəlmişdi. Nəticə etibarı ilə bu çox ciddi partlayışa gətirib çıxardı, icra başçısını ordan qovdular. Bunun ardınca Binə və Ismayıllı hadisələri oldu. Ismayıllıda da adi qarşıdurmadan partlayış baş vermişdi. Binədə isə daha dərin səbəblər var idi. Adi bir konflikti, söyüşü belə qarşıdurmaya, partlayışa çevirən nədir, bunu demək lazımdır. Hökumət birinci bu suala cavab verməlidir. Insanlar hakimiyyət qurumların hərəkətindən bezib. Insanlara qıcılcım bəs edir, partlayış baş versin. Vəziyyət partlayış vəziyyətinə gəlib, bir qığılcım onu partlada bilər. Bunu hansısa müşavirə ilə həll etmək mümkün deyil. Bu total qanunsuzluq, korrupsiya, insanların hüquqlarının addım-addım pozulması, onların rəyinin nəzərə alınmaması, vəzifəli şəxslərə qarşı inamının itməsi insanların istənilən an adi qıcılcımdan onlara qarşı çıxmağa hazır olduğunu göstərir. Hökumət etibar limitini itirib. Bu limitini geri qaytarmaq imkanı yoxdur. Ölkə barıt çəlləyinə bənzəyir. Partlayış baş verə bilər və bunun zərərini hamı görəcək. Hökumətin bunun qarşısının alınması istiqamətdə atdığı addımlar yaranmış situasiyaya adekvat deyil, stabillik üçün təhlükə yaradır. Ola bilsin qısa müddətdə hardasa kimlərisə sakitləşdirmək olar. Amma müşavirədə kimini danlamaqla, hətta kimisə işdən çıxarmaqla bu məsələ həll olunan deyil. Bu ciddi islahatlar tələb edən məsələdir. Hökumətə, yerli qurumlara insanların inamını qaytara biləcək çox ciddi addımların nəticəsi ola bilər. Belə müşavirələr qısa müddətə vəziyyəti sakitləşdirə bilər. Ancaq nəticə etibarı ilə həm də insanlarda belə bir ümid yaradır ki, onlar ayağa dursalar, yerli icra başçısını qovacaqlar. Ona görə problem bu yolla həll olunmur. Problem çox ciddi islahatlar və insanların inamını qazana bilən addımlarla həll oluna bilər.
“Prezident özü səmimi olmalıdır”
– Ölkə başçısı məmurları qudurğanlıqda ittiham etdi. Ancaq öz ad günündə hər il bir icra başçısı xüsusi tort bişirtdirir, eyni zamanda Əliyev atasının ad günündə milyonlarla manat pul xərclənir, güllər gətirilir, atəşfəşanlıq olur. Bundan sonra onun kimlərisə sadəliyə səsləməsi nə dərəcədə normaldır?
– Bütün hallarda başqalarını nəyəsə çağırırsansa, öz nümunəni göstərməlisən. Prezident dedi ki, öz 50 yaşımı Ağcabədidə qaçqınlarla birgə keçirmişəm, ancaq siz dəbdəbəli ad günləri keçirirsiniz. Ancaq bütün hallarda nəsə etmək istəyi varsa, deyilən hər bir söz tam səmimi olmalıdır. Qarşı tərəf də onun səmimi olduğunu görməlidir. Onda öz addımlarını korrektə edə bilərlər. Belə fikirlərin səslənməsi cəmiyyəti bir qədər sakitləşdirmək üçündür. Bu mesajdır ki, bunları tənqid edirəm və əl-qolların yığışdırmağa çalışıram. Ancaq düşünmürəm ki, bunun böyük effekti ola bilər. Prezident deyib, ola bilər məmurlar öz məişətlərini təfəzökarlaşdırsınlar. Ancaq bu çox çətindir. Çünki korrupsiya, mənəviyyatsızcasına darmadağın etmə, oğurlama belə insanların övladlarını cəmiyyətə hörmət ruhunda tərbiyə etməsinə imkan vermir, bu mümkün deyil. Ona görə bu çağırışların effekti olacağını düşünmürəm.
Fizzə