Əksər YAP-çılar PA rəhbərinin ideya müəllifi olduğu kitabın təqdimatına gəlmədi
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin ideya müəllifi olduğu “Azərbaycanda Olimpiya Hərəkatı: daim yüksəlişdə” adlı 2 cildli kitabın təqdimat mərasimi keçirilib. Dünən “Gülüstan” sarayında baş tutan təqdimat mərasimində diqqətçəkən məqam YAP-ın icra katibi Əli Əhmədov başda olmaqla hakim partiyanın əsas simalarının əhəmiyyətli hissəsinin tədbirdə görünməməsi olub.
“Azadlıq” hələ bir müddət əvvəl yazmışdı ki, YAP-ın kurasiya edilməsi Ilham Əliyevin iqtisadi məsələlər üzrə köməkçisi, eyni zamanda PA rəhbərinin müavini Əli Əsədova tapşırılıb. Bu addım Paşayevlərlə Ramiz Mehdiyev arasında gedən savaşın təzahürü kimi ortaya çıxıb. Ilham Əliyevin hakimiyyətə gəlişindən sonra güclənən Paşayevlər YAP-ı Ramiz Mehdiyevin nəzarətindən çıxarmaq üçün hakim partiyanı öz yaxın adamlarına tapşırıblar. Bu isə YAP-da ikitirəliyə səbəb olub. Hakim partiyanın icra katibi Əli Əhmədov və ona yaxın olan şəxslər Əli Əsədovun kuratorluğunu qəbul etsələr də, Ramiz Mehdiyevin tərəfdarları bunun əleyhinə çıxıblar.
Əli Əhmədov başda olmaqla bir çox tanınmış YAP-çıların Ramiz Mehdiyevin tədbirinə qatılmamasının kökündə də bu amil dayana bilər. Hakimiyyətdaxili mənbələr də YAP-ın əsas simalarının bir çoxunun tədbirə qatılmamasını bu cür dəyərləndirir. Bundan əlavə iddia edilir ki, Əli Əhmədovun vaxtaşırı bölgələri səfərinin arxasında da YAP-dakı ikitirəlik dayanır. Icra katibi bölgələrə səfəri zamanı yerli təşkilatları da Əli Əsədovun kuratorluğuna “hə” deməyə sövq edir. Əli Əhmədovun yerli təşkilatlardakı bütün görüşlərində bu məsələ qırmızı xətlə keçir.
Informasiya şöbəsi