Kişinyov bir atletə görə Azərbaycandan bir Olimpiya Kompleksi “qopardı”
Azərbaycan Moldovadan milliləşdirəcəyi olimpiya mükafatçısı Kristina Yovuya görə bu ölkədə Olimpiya Kompleksi tikəcək. Bu barədə “newsru.ua” xəbər yayıb. Xəbərdə deyilir ki, adı çəkilən ağırlıq qaldıran idmançıya görə Moldova ilə Azərbaycan arasında yaşanan qalmaqal Kişinyovda Olmpiya Kompleksinin tikilməsi ilə həll ediləcək.
İdmançının məşqçisi Serqey Kretsu sayta bildirib ki, neft ölkəsi olan Azərbaycanda pul çoxdur. «Azərbaycanda 30 Olimpiya Kompleksi tikilib. Moldovada isə biri də yoxdur. Biz qərara gəldik ki, Moldovada müasir avadanlıqlarla bir Olimpiya Kompleksi tiksinlər, Yovunu onlara verək milliləşdirsinlər».
Xatırladaq ki, Moldovanın qadın ağırlıq qaldıranı, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Kristina Yovu bir aydır Azərbaycandadı. “Moldnews”un məlumatına görə, idmançı vətəninə qayıtmaqdan boyun qaçırır.
İş ondadır ki, Yovu Moldovada sərhəd polisinin əməkdaşıdır, praporşikdir. Yovu yanvarın 1-də Bakıya təlim-məşq toplantısına gəlib. Ağırlıq qaldıran bir aydan sonra qayıtmalı olsa da, bu, indiyədək baş verməyib.
Moldova Milli Olimpiya Komitəsinin prezidenti Nikolay Juravski “Moldnews”a bildirib: “Biz bilmək istəyirik ki, Yovu fərarilik edib, yoxsa müvəqqəti gedib, qanuna əməl olunurmu? Belə başa düşdüm ki, yaxın müddətdə qayıtmasa, onun işi ilə İnterpol məşğul olacaq, axtarışa veriləcək”.
Moldova mətbuatının yazdığına əsasən, Yovuya Azərbaycan yığmasında çıxışı qarşılığında sərfəli müqavilə təklif olunub. Moldova Milli Olimpiya Komitəsi isə ağırlıq qaldıranı yığmamızda çıxış etməyə razılıq verəcəyi halda ya 2 il müddətinə diskvalifikasiya etməyi, ya da Azərbaycandan keçid üçün kompensasiya almağı təklif edib.
Azərbaycan təklifi nəzərdən keçirilib və saytın yazdığına görə, Moldovada dəyəri üç milyon dollar olan Olimpiya Kompleksi tikcək.