«Fövqəlnazir» ayaqqabı biznesini məşhur bankirin nəzarətindən çıxarır
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakının Binə qəsəbəsində böyük ayaqqabı fabriki tikdirib. Bu barədə məlumatı gunxeber.com saytı yayıb. Məlumata görə, bu fabrikin istehsal gücünün Azərbaycanın ayaqqabı bazarının böyük bir hissəsinə nəzarət etməsi nəzərdə tutulur. Yeni fabrikdə hər çeşiddə ayaqqabı istehsal olunacaq və qiymətlər alıçılar üçün cəlbedici olacaq. K.Heydərov bununla ayaqqabı bazarına tam nəzarət etməyi və bu bazarda indiyədək hegemonluq edən digər müəssissələri sıradan çıxarmaq istəyir.
Gunxeber.com-a bəlli olub ki, indiyədək Azərbaycanın ayaqqabı bazarına əsasən Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyev nəzarət edib.
C.Hacıyevin Binəqədi rayonu ərazisində, Binəqədi şossesi üzərində böyük ayaqqabı fabriki var.
BOT MMC adlanan bu müəssisə 1998-ci ildə 4 saylı Bakı ayaqqabı fabrikinin bazasında yaradılıb. BOT MMC Azərbaycanda əsas ayaqqabı istehsalçısıdı və çox yüksək gəlirlə işləyir. Buna səbəb isə BOT MMC-nin müxtəlif çeşidli ayaqqabılar istehsal etməsi ilə yanaşı güc strukturları üçün hərbi və xüsusi təyinatlı ayaqqabılar istehsal etməsidi. Hərbi və xüsusi təyinatlı ayaqqabıların dövlt sifarişi ilə alınmasına dair keçirilən tenderlərin əksəriyyətinin qalibi indiyədək məhz C.Hacıyevin müəssisəsi olub.
Amma K.Heydərovun fabrikinin işə düşməsindən sonra C.Hacıyevin bu bazarda yerinin dar olacağı və getdikcə sıxışdırlacağı proqnozlaşdırılır. Çünki K.Heydərov bu cür rəqabətli məsələlərdə uduzmağı sevmir və hansısa rəqibin onun qarşısında dayanması çox çətindi.
Odur ki, C.Hacıyevin əsas gəlir yeri olan hərbi və xüsusi təyinatlı ayaqqabıların istehsalında bundan sonra əvvəlki kimi uğurlu fəaliyyət göstərə bilməsi çətin olacaq. K.Heydərovun fabrikində hərbi və xüsusui təyinatlı ayaqqabıların da istehsalına hazırlıq gedir.