Vəkilə qarşı qadağa Sevinc Babayeva ilə bağlıdır
Keçmiş deputat Gülər Əhmədovanın vəkili istintaq prosesindən uzaqlaşdırılıb. Bu barədə “Azadlıq”ın əldə etdiyi məlumatda bildirilir ki, Türkel Süleymanlı vaxtilə mərhum Sevinc Babayevanın vəkili olduğundan o, bu işdə müdafiəçi kimi iştirak edə bilməz. Çünki Gülər Əhmədova Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevdən deputat olmaq üçün 1 milyon dollar alıb qaytarmamaqda təqsirləndirilərək həbs olunub ki, bu mandat alverində vasitəçi kimi mərhum Sevinc Babayevanın da adı keçir.
Üstəlik, keçmiş deputata Sevinc Babayevanın ağır cinayətə görə barəsində axtarış elan olunduğunu bildiyi halda, onun ölkəni tərk etməsinə, Türkiyədə yaşamasına yardım etməklə bağlı da ittiham irəli sürülüb.
Türkel Süleymanlı “Azadlıq”a açıqlamasında təsdiqləyib ki, Gülər Əhmədova ilə bağlı işdə artıq vəkil kimi iştirak etmir. Eyni zamanda, onu da əlavə edib ki, onu kimsə uzaqlaşdırmayıb: “Ötən dəfə də sizə açıqlama verərkən bildirmişdim ki, mənim sadəcə, Gülər xanımın barəsində həbs-qətimkan tədbirinin seçildiyi məhkəmədə vəkil qismində iştirakla bağlı müqaviləm olub. Qeyd etmişdim ki, bundan sonrakı istintaq prosesində iştirak edib-etməyəcəyim məlum deyil. Yəni, bununla bağlı müqavilə bağlanmayıb. Bu mənada, Gülər Əhmədova ilə bağlı işdən məni heç kim uzaqlaşdırmayıb”.
Vaxtilə Sevinc Babayevanın vəkili olub-olmadığı sualına isə Türkel Süleymanlı belə cavab verib: “Onun bu işlə heç bir əlaqəsi yoxdur”.
Gülər Əhmədovanın digər vəkili Eldar Qədimi dünən istintaq təcridxanasında keçmiş deputatla görüşüb. Bu barədəÿAPA-ya məlumat verən vəkil G.Əhmədovanın səhhətinin yaxşı olmadığını deyib: “Gülər xanım təcridxananın sanitar tibb hissəsindədir. Vəziyyəti yaxşı deyil. Ürəyi, başı ağrıyır. Beynində problem var. Həkimlər deyirlər ki, dalağında da genişlənmə var”.
Aytən Məmmədova