Artıq özüm də unutmuşam ki, bu, neçənci siyasi kampaniyadır? Bəli, maşınların plyonkalarının sökülməsi, korrupsiya ilə bağlı hədələr, məmurların danlanması… Demirəm ki, bunlar hamısı sırf teatral xarakter daşıyır. Hakimiyyət çox istərdi ki, siyasət haqqında özünüòn təsəvvürünü saxlamaqla, öz mahiyyətində əsaslı bir dəyişiklik etməməklə ölkəni elə bir vəziyyətə gətirsin ki, insanların hakimiyyətdən narazılığı minimuma ensin. Amma bir şərtlə ki, Dübay mülkləri də qalsın, böyük çinli məmurların “gəlirləri” də yüksək səviyyədə olsun, hakimiyyətin sərbəstliyini məhdudlaşdıra bilən hər hansı addım atılmasın, hər il büdcədən milyonlarla pul “silinsin”…
Fəqət, min təəəsüf ki, bu, mümkün deyil, çox cəhd edirlər, bir-iki ay kampaniya aparırlar, axırda da hər şey yaddan çıxır və növbəti kampaniyaya qədər “yığım” davam edir. Siyasi təhlilçinin peşəsi düşünməkdir. Ona görə də bu sistem haqqında çox düşünmüşük. Bu yaxınlarda bir əcnəbi politoloqun fikrinə rast gəldim. O yazırdı ki, polis dövləti olan yerdə siyasət olmur, ən yaxşı halda o, xarici siyasətdən və bir də saray intiriqalarından ibarət olur. “Polis dövləti” anlayışı da böyük evolyusiya keçib. Bir neçə yüz il bundan əəvvəl bu anlayışın hətta pozitiv yükü vardı. Amma indi həmin anlayış birmənalı olaraq neqativ mənada işlənir.
Bir vaxt düşünürdüm ki, bizim dövlət üçün ən uyarlı tezis “Nə istəyirsiniz düşünün, amma itaət edin!” tezisidir. Fəqət, son günlərdə əmin oldum ki, əslində biz çox ideoloji polis dövlətində yaşayırıq, hətta yaradıcılıq azadlığı bir mif imiş, onun üçün də ideoloji sərhədlər müəyyən edilibmiş. Ölkədəki vəziyyət mənə Fransa polis nazirinin iki yüz il bundan əvvəd dediyi fikri xatırlatdı. O deyirmiş ki, harada ki, üç nəfər toplaşırsa, onlardan biri mütləq mənim xəbərçim olur! Amma onu da deyim ki, bu fikir Böyük Fransa inqilabından bir qədər əvvəl deyilmişdi…
Bu hakimiyyətin qavradığı ictimai nəzarət fəlsəfəsi
Desəm ki, bu hakimiyyət, ümumiyyətlə, nəzarətə biganədir, onu istəmir, bu, yalan olar. Istəyirlər. Ən azı ona görə ki, dəqiq və total nəzarət bunlara daha təhlükəsiz idarə etməyə, hətta öznününkülər haqqında dəqiq məlumata sahib olmağa, hamının nə düşündüyünü bilməyə kömək edir. Kim belə bilgidən imtina edər? Təbii ki, heç kim. Amma bunlar istəyirlər ki, nəzarəti özləri həyata keçirsinlər, nəzarət mexanizmləri özlərinki olsun. Indi prezident yanında ictimai nəzarət şurasının yaradılması haqda təkliflər eşidilir. Hətta onu yada salırlar ki, Rusiya prezidentinin yanında ictimai palata fəaliyyət göstərir. Amma burada dərhal sual yaranır. Həmin ictimai palata nəyə nail olub? Rusiya demokratik və korrupsiyasız ölkə olubmu? Əsla. Elə bu yaxınlarda Soçidə qış idman oyunları üçün vəsaitin miqdarı açıqlandı. Siz təsəvvür edin, başqa ölkələrdə bu məqsədlə bir neçə milyard dollar xərcləndiyi halda Rusiyada 51 milyard dollar sərf etmək niyyətindədirlər!
Sonrasını isə özünüz bilirsiniz… Hələ müdafiə nazirliyindəki yoxlamaları yada salmıram. Qərəz, ictimai nəzarət mexanizmi, birbaşa xalqdan məlumat almaq institutu – ictimai palatası olan Rusiya korrupsiyanın içində boğulur. Ictimai palatanın mövcudluğu isə növbəti imtiyazlı təbəqənin yaranmasına səbəb olub. Dövlət bu duruma (həm Azərbaycanda, həm də Rusiyada) əsl effektiv nəzarət mexanizmlərinin – parlamentin, müstəqil məhkəmənin, mətbuatın məhv edilməsi nəticəsində gəlib çıxıb. Parlament varsa, ictimai palataya nə ehtiyac qalır? Məsələ bundadır ki, parlament həm var, həm də yoxdur. Ictimai palata yaratsalar, o da həmin vəziyyətə gələcək, növbəti imtiyazlı təbəqə, qrup yaranacaq və o başqa dövlət qurumları ilə tez bir zamanda “dil” tapacaq, onlarla birlikdə “işləyəcəklər”.
Ən müxtəlif səviyyələrdə bunlara dəfələrlə deyilib ki, heç bir dövlət institutu özü-özünə nəzarət edə bilməz. Amma bunlar eşitmir. Təsəvvür edin, hökumət özü-özünə nəzarət etməyə cəhd edir! Təbii ki, bunun nəticəsi olmayacaq və necə ki, yoxdur…
Kiçik sözardı
Çox məşhur rus oyuncağı var. Mahiyyəti budur ki, bir oyuncağın içindən onunla eyni, identik onlarla oyuncaq çıxır. Yəqin yadınıza düşdü. Indi mən məmurlarla bağlı kampaniyaya baxıram. Dərhal adamda bir təsəvvür yaranır. Yerlərdəki hakimiyyət böyük hakimiyyətin kiçildilmiş formasıdır, onun bir qədər kiçik miqyaslardakı surətidir. Əslində böyük hakimiyyət özünün kiçik törəmələrinə qarşı savaş açıb. Bunun nəticəsi ola bilərmi? Əsla. Ölkə ciddi dəyişikliklər istəyir. Bu dəyişikliklərə nail olmağın isə bircə yolu var – siyasi sistemi dəyişmək…