Cəvahir xala:
– Prezidentin çıxışına qulaq asdınmı, bala?
– Nolub ki, Cəvahir xala?
– Heç ay bala, aylardır hamımız əlimizə düşən qəpiyi, manatı yığıb sonbeşik nəvəmə bir yelsebet almaq istəyirdik. Indi alaq deyəndə bu iclas çıxdı ortaya, prezident asıb-kəsməyə başladı.
– Bunun sizə nə dəxli, Cəvahir xala? Sizdə nə qudurası uşaq var, nə vəzifəli adam.
– Uşaqdı, a bala, bilmək olmaz, birdən yelsebetdən havalanıb qudurar, söyüş söyər, adam döyər…
– Sən lap ayının əmisi oğlu kimi danışırsan, Cəvahir xala, tutaq ki, bir yelsebetin havasından bu uşaq cızığından çıxdı, bəs bunun atası məmur deyil axı.
– Niyə a bala, atası təzəlikcə bunların hansınınsa villasında qarovulçu vəzifəsində işləmirmi? Bəlkə elə prezidentinkidi? Gedib qulağına çatar, tutdurar uşağı, atasını da işdən çıxardar… Güclə başımızı girləyirik…
…Bu ölkədə mövzu qıtlığı yoxdu, seçim problemi var. Bu ölkənin prezidentindən fəhləsinə qədər hər kəs qələmin ucunda yazılmaq sırasını gözləyir. Bu ölkədə sosial ədalətsizlik nə qədər sürətlə artıb yayılırsa, zülmə, haqsızlığa etiraz dalğası da hər şeyə rəğmən eyni sürətlə yetişməkdədir. Çünki, zaman artıq xalqın gözündəki pərdələri qopardıb atıb. Və çox şükür ki, zamanın prezidentə ehtiyacı yoxdu…
Mən bu yazını niyə yazıram? Normalda əyalətdən qırağa çıxmaram. Yəni anlamadığım, acısını çəkmədiyim şeylərdən bəhs etməyi bacarmıram.
Prezidentin bu günlərdəki məşhur çıxışını anlamaq üçün cüzi şüur yetərlidir. Acımaq isə bir qədər düşündürücü məsələdir. Söhbət həm canın acımasından, həm də cana acımaqdan gedir deyə.
Yoxsulluqdan, işsizlikdən və bunların nəticəsi olan yüzlərlə səbəbdən əzab çəkən əhali bundan daha betərinə könülli qatlaşardı o halda ki, ölkənin ürəyi “hər şey cəbhə üçün” şüarıyla çırpınsaydı. Yəqin hər kəsin yaxşı yadındadır ki, müharibə hələ qurtarmayıb, sadəcə onunla məşğul olmağa vaxt yoxdu. Bunun yerinə ölkəmizdə güclü və qətiyyətli “hər şey qələbə üçün” şüarı hökm sürür. Intəhası, bu qələbə yürüşünün məqsədi erməni işğalında olan ərazini azad etməyə deyil, xalqın bu taydakı dədə-baba torpaqlarını, vətənin sərvətlərini talamağa yönəlib. Və bu hücumun “qalib” milyonçuları üstəgəl yüksək vəzifə imtiyazlarından da barınaraq həyatdan daha çox ləzzət almaq üçün baş sındırırlar.
Eyni səviyyəli həmin məmur milləti təxminən eyni dəbli mülklər tikdirir, eyni avtomobillərdə, təyyarələrdə, gəmilərdə gəzib, kefləri istəyəndə bu kimi şeyləri bir-birinə peşkeş edirlər. Ölkənin bütün dilbər guşələrini qamarlayıb öz aralarında bölüşən rəsmi quldurlar həmin yerlərin halal sakinlərinə eyni həqarətlə baxırlar. Son vaxtlar bu həqarətin bariz nümunəsi Ismayıllıda xalqın haqlı üsyanına səbəb oldu.
Hər kəsə məlum bu gerçəklik bizim canımızı acıdan və canımıza acıyaraq bizi yemək həddinə gələn zümrənin uzun illər davam edən gündəlik həyat tərzidir.
Prezident isə hayıf ki, bu rəzalətdən dünən-srağagün xəbər tutub. Insafən, qudurğan məmurların xalqa divan tutduğundan agah olan kimi də onları üstüörtülü danlaq və hədələrə məruz qoydu. Yəni ad çəkib, üz vurub, pərdəni götürmədən ortaya söz atdı ki, hər kəs payını götürsün. Paygötürmə məsələsində həmişə zirək tərpənən məmurlarımız nədənsə bu dəfə xeyli passiv görünürdülər. Sanki bu sözlər onlara deyil də, eşşəklə odun daşıyıb bir tikə çörəyinə əlləşən Məmmədhəsən əmiyə aid imiş. Hətta prezidentin qiymətli ad gününü Ağcabədidə sadə adamlarla keçirtmək barədə təvazökar açıqlamasını da məmurlar sıradan bir əhvalatmış kimi qarşıladı. Halbuki söhbət bu yerə çatanda hər kəs qalxıb könüllü şəkildə günahını etiraf etməliydi. Onlar isə inadla susaraq prezidentin bütün eyham və tənbehlərini qulaqardına vurdular.
Regionların inkişafına həsr olunmuş konfrans əslində bir aktyorun tamaşasını xatırladırdı. Xalqımız bu əhvalatdan böyük zövq aldı…
P.S. Hərdən bütün fantaziyanı toplayıb cənab prezidentin səmimiyyətinə inanmaq istəyirsən. Amma özünü lap çağa yerinə qoysan belə, bu inanmaq istəyi sabun köpüyü kimi o saatca dağılır…
Sabunlar yığışdırılsın!