Dərsliklərin monitorinqi biabırçı faktlar üzə çıxardı
Bildiyimiz kimi, ölkə başçısının 19 aprel 2012-ci il tarixli fərmanına əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumtəhsil məktəbləri dərsliklərinin monitorinqini aparır. Qurumun rəsmi məlumatına əsasən artıq 1-ci sinif dərsliklərinin monitorinqi başa çatıb. Dünən “Azərbaycan dili-1″ və ”Riyaziyyat-1″ dərslikləri haqqında ekspert qruplarının gəldiyi yekun rəylər TQDK-nın www. tqdk.gov.az saytında yerləşdirilib. Maraqlı olacağını nəzərə alaraq “Nəticə” bölümünü oxucuların diqqətinə çatdırırıq.
“Azərbaycan dili-1″ dərsliyi:
1.Dərslik məzmun baxımından qüsurludur: əlifbanın öyrədilməsi, oxu və yazı texnikası üzrə ilkin bacarıqların mənimsənməsi, şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsi, ən zəruri qrammatik qaydaların öyrədilməsi, tətbiq olunması, dövlət rəmzləri, xalqımızın dili, tarixi, əxlaqi-mənəvi keyfiyyətləri, mədəniyyəti, adət-ənənələri haqqında şagirdlərdə ilkin anlayışların yaradılması və təbliği baxımından dərslikdə bir sıra ciddi qüsurlara yol verilib. Dərslikdə Azərbaycançılıq, türkçülük və milli-mənəvi dəyərlər epizodik verilib, çox hallarda isə “unudulub”.
2.Fənlərarası inteqrasiyaya bir çox məqamlarda əməl edilməyib, keçilməyən hərflərdən və ədədlərdən istifadə olunub. Hərf və səs anlayışları bəzi çalışmalarda qarışıq salınıb. Mətnlərin düzülüşündə sadədən mürəkkəbə doğru təqdimat prinsipi pozulub.
3.Əxlaqi, etik məsələlərin əks olunmasında da çoxsaylı qüsurlar var. Demək olar, bütün mətnlərdə sonda birincilər ya polisdən, ya nənədən, ya babadan, ya müəllimdən, ya da hansısa heyvandan qorxur, utanır, qızarır və pərt olurlar (səh.53, 59, 61, 90, 146, 149, 155-dəki mətnlər). Əksinə, indiki uşaqlarımız daha hazırcavab, çevik və məntiqlidirlər, yaxud biz onların buna nail olması üçün çalışmalıyıq. Dərsliyə elə mətnlər salınmalıdır ki, onların bu keyfiyyətləri daha qabarıq görünə bilsin.
4.Dərslikdə dil və üslub cəhətdən bir sıra nöqsanlar var: mətnlərin dili və üslubu şagirdlərin yaş səviyyəsinə uyğun deyil, mütənasiblik gözlənməyib: ya daha azyaşlı uşaqlar üçün, ya da yuxarı yaşlı uşaqlar üçün mətnlər seçilib. Cümlələrin quruluşu bir çox hallarda Azərbaycan dilinin praktiki işlənməsinə və quruluş xüsusiyyətlərinə uyğun gəlmir. Şifahi xalq yaradıcılığımızdan həddən artıq az istifadə olunub. Vətənpərvərlik haqqında şəkil və mətnlər, demək olar, yoxdur.
5.Dərsliyin bədii tərtibatı, dizaynı şagirdlərin yaş psixologiyası baxımından kifayət qədər qüsurludur: vətənpərvərlik mövzusunda şəkil və mətnlər, demək olar, yoxdur. Mətnlərə uyğun gəlməyən, aydın seçilməyən şəkillərdən geniş istifadə olunub. Əksər hallarda şəkillər karikaturaya bənzəyir.
6.Dərslikdə verilmiş tapşırıqların şərti bir sıra hallarda düzgün deyil, tam qavranmır.
“Riyaziyyat-1″ dərsliyi:
1.Dərsliyin forzas səhifəsində Dövlət Himni “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı (“Azərbaycan marşı”) ixtisar olunub. Himnin musiqisinin müəllifinin soyadı (Hacıbəyov) redaktə ilə (Hacıbəyli) verilib. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri “Dövlət Gerbi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb.
2.Dərslik təhsil proqramını (kurikulumu) tam əhatə etmir:
a) proqramdakı 49 standartdan 20-si, yəni 40 faizi ya tamam, ya da ki, normal şəkildə əksini tapmayıb;
b) proqramdan çoxlu sayda kənaraçıxmalar var.
3. Dərslikdə çoxlu sayda struktur xətaları var:
a) tədris vahidlərinin (bölmələrin) yaradılması zamanı ciddi nöqsanlara yol verilib;
b) fəndaxili və fənlərarası inteqrasiyalar düzgün aparılmayıb;
c) materialların verilməsi zamanı intensivlik gözlənilməyib.
4.Anlayışların təqdimatı və materialların verilməsi zamanı bir çox hallarda şagirdlərin yaş və fizioloji xüsusiyyətləri nəzərə alınmayıb.
5.Çoxlu sayda elmi-pedaqoji səhvlər və dil-üslub xətaları var.
6.Dərsliyin tərtibatı nöqsanlıdır.
7.”Müəllim üçün metodik vəsait” qüsurludur.