Birinci gündüz
Biri var idi, biri yox idi…
Eldəniz Quliyev
Aaa adlı bir ölkə və bu ölkənin Həə adlı yaşlı bir padşahı vardı. Həmin padşah iki ayağını bir başmağa pərçimləməyi xoşladığından və özünü Bağdaddakı kor xəlifəyə oxşatdığından, bir qayda olaraq Aaa əhalisinin hər hansı bir “hə”sinə “yox”, “yox”una isə “ox” deyərdi. Həə həzrətləri Tanrının birdəfəlik həll elədiyi “dəvə-qanad” məsələsinə də, yəni (bəni-insan övladının tikib-qurduğu ev-eşiyi qorumaq naminə) dəvəni qanadsız yaratmaq qərarına, qətiyyən məhəl qoymazdı. Belə ki, sürünmək üçün yaranan öz yaxın qohum-əqrəbasına və uçmaq üçün yaranmamış vəzir-vəkillərinə yekə-yekə qanadlar bəxş eləmişdi: “Unutmayın, dünya beşgünlükdü, beşi də iş gününə düşür, – demişdi, – kefiniz istəyən qədər eninə-boluna pərvaz eləyin!..”
Necə deyərlər, bir dana bir naxırı korladığı kimi, danabaş bir adam da bir mahalı kor qoyar, illah da ki, o danabaş qanadlı ola!.. Indi özünüz deyin, bundan sonra məmləkətdə uçulmamış dam-daş qala bilərdimi?
Nəysə, mətləbdən uzaqlaşmayaq… Günlərin bir günü aaalılar nəhayət ki, Həə padşahın və onun damuçuran qollu-qanadlı qohum-əqrəbasının, vəzir-vəkilinin əməllərindən təngə gəlib, onlara elə bir yağlı YOX dedilər ki, bir göz qırpımında Həə təsdiqdən daha artıq inkara oxşadı.
Həə padşah əvvəl bu YOX-dan yaman tutuldu. Sonra nə fikirləşdisə, beş-altı günün içində beş-altı min günahsız adam tutdurdu. Lap axırda isə öz hirs-hikkəsinə minib, vəzir-vəkillərini başına yığdı və çox ciddi bir məşvərət keçirdi. Nəticədə YOXun qabağına yekə bir XOX çıxartdı. YOXun müqabilinə çıxarılan bu XOX elə yekə və elə zəhmliydi ki, aaalıların dəymişi dura-dura kalı töküldü. Əslində, aaalıların böyük bir hissəsinə aaalıdan daha çox, məəəli demək olardı; yəni onlar özlərini el qəhrəmanı Bığlı aşığın nəvəsi saysalar da, həqiqətdə keçəl gədanın xələfləriydilər. Tökülən “kallar” da elə həmin bu məəəlilər idi.
Əlqərəz, aləm dəydi bir-birinə, ara qarışdı… və Həəsevərlər də bundan əlüstü istifadə edib məzhəbi oğurladılar: “Bu da bir qənimətdir” – dedilər.
Beləliklə, aaalılar məzhəbsiz qaldılar…
Vəziyyətin düyünə düşdüyünü və ictimai-siyasi durumun haçalanıb məmləkətin başında buynuza oxşayacağını anlayan Həəsevərlər də, Həəsevməzlər də (hətta Həənin özü də – işə bir bax ha!) rüsvayçı hala düşərkən üstündə tapılan xəncəri dar günü üçün saxladığını deyən ləzgi kimi, əhvali-şəriflərini pozmadan, qərar verib, “Məsləhətli don gen olar, – dedilər, – gəlin, harada aş, orada baş olan AŞ, eləcə də AT və ƏTin vəhdətini yaradan əcnəbi cənabları çağıraq, buyurub fitva versinlər…”
Bu tarixi qərar, bir güllə ilə iki dovşan vurmaq kimi bir şey idi. Məsələ burasındaydı ki, yaxın günlərlə Həə padşahın şəxsən dirijorluq elədiyi birsəsli tutuquşu xoruna Milli Müğənnilər seçiminin növbəti turu keçirilməliydi – bu işdə əlbəttə ki, onların – AŞ cənablarının və ATla ƏTin əsrarəngiz simbiozunu yaradan serlərin, misterlərin əvəzsiz köməyi ola bilərdi. O üzdən onlara demək olardı ki, ay qağa, biz hər yerdən üzüsulu çıxmışıq ki, öz şəxsi xahişimizlə gəlib Sizə girək…
Nə qədər təəccüblü olsa da, harada aş, orada baş olan AŞçılar arasında da, harada minməli at və yeməli ət olan ölkələr aşiqi AT və ƏTçilər arasında da gözə kül üfürmək üzrə səriştəli mütəxəssislər vardı. Elə həmin o mütəxəssislər əlbəəl, bu çağırışı qəbul edib özlərini toxudular Aaa ölkəsinə. Bir də axı Aaa ölkəsinin qızılı (sarısından da, ağından da, qarasından da) çox idi. Hələ qızıl kimi özgə-özgə nemətlərini, əcnəbi qardaşlardan məsləhətlər almaq və əvəzində, onlara “şapka” dərsi vermək üçün sino gedən saray siyasətçiləri, iqtisadiyyatçıları, işbazları, tayfabazları və qeyri-bazları demirik. Aaa ölkəsinin dünyanın çox qəşəng, alabəzək və barlı-bərəkətli bir məkanında bərqərar olduğunu da söylədiklərimizə əlavə etsək, hər şey aydın olar…
Bir sözlə, AŞistlər də, AT və ƏTistlər də bu “SOS”a səs verib, tökülüşdülər, nə tökülüşdülər!.. Xaşdan, bozbaşdan, ən çox isə aşdan doyunca yeyib-içəndən sonra, oturub dərin fikrə getdilər. Ki, ayə, deyəsən, bu həna o hənadan deyil axı… Yəni, bir tərəfdə camaatın bütün “hə”sinə “yox” deyən, “yox”una “xox” gələn qibleyi-aləm Həə padşahı; digər tərəfdə, Həəyə “YOX” deyib onun həmqafiyəsinə düşən və ac qarnının qurultusuna qulaq asa-asa özünü asmaq üçün kəndir növbəsinə dayanan Aaanın külli-əhalisi, üçüncü tərəfdə isə, ağzına su alıb “nizaşto” “Mustafa” demək istəməyən “mus-mus” inadkarlar. Hələ dördüncü tərəfi – əlində qayçı, torpaq dərziliyi və dəlləkliyi eləyən qonşu dövlətin bir “ölçüb, yüz biçmək” iştahasından yaranan “şaxsey-vaxsey”lərini hesaba almırıq…
Indi di gəl, bu dolam-dolaşıqlıqdan baş aç, görüm necə açırsan?.. Bəli, AŞistlər də, AT və ƏTistlər də çox çətin və mütəqəlqəl bir seçim qarşısındaydılar: ya “hə” deməliydilər, ya da ki, “yox”. Bəs, nə etməli?! “Tobe, or not tobe?!” Bax, budur sual! Nə əldən qoymaq olurdu, nə də ki, aşdan-xaşdan doymaq…
Çox götür-qoydan, çək-çevirdən və dörd bir tərəfə bolluca öhdəlikli-vədəli-xartiyalı kül üfürəndən sonra yekdil məxrəcə gəlib, Aaa əhlinə və rəhbərinə çoox müdrik bir məsləhət verdilər:
– Aaa ölkəsinin padşahı, qibleyi-aləm Həə əlahəzrətləri! Hörmətli, sayğılı Aaalılar! Möhtərəm, izzətli inadkar bəylər! Bilin və agah olun! Sola getsəniz – öləcəksiniz. Sağa getsəniz – sağ qalmayacaqsınız. Qabağa getsəniz – ölməyinə ölməyəcəksiniz, amma sağ da qalmayacaqsınız. Bircə qalır arxa tərəf – yəni Aş və ATla ƏT tərəf. Bax, ora girmək Sizin qarşınızda dayanan ən ümdə vəzifədir. Özgə çarəniz yoxdur!
Bax, belə!
…Nağılın bu yerində gündüzün əbədi düşməni olan qaşqabaqlı Axşam oğrun-oğrun gəlib öz qara tül pərdəsini dünya üzərinə sərməyə başladı…
Elə bu səbəbdən də, burada birinci Gündüzümüzün nağılını itmamə yetiririk…