Ölkə başçısı Ilham Əliyev ötən gün Bakı Biznes Mərkəzində – sosial-iqtisadi inkişafla bağlı ikinci Dövlət Proqramının yekunlarına həsr olunmuş toplantıda – çox böyük mətləblərə toxundu. Əlbəttə, bu çıxış çox geniş və əhatəli araşdırma tələb edir; məsələn, “Azərbaycan iqtisadiyyatının neft amilindən asılı olmadığı barədə tutarlı dəlillərin ortaya qoyulması” ilə bağlı prezidentin dedikləri.
Növbəti iqtisadi-statistik manipulyasiya
Dövlət büdcəsi 20 milyard civarındadırsa, bunun ortalama 12 milyardı (59,9 faizi) Neft Fondundan transfert hesabınadırsa və 2013-cü ildə ediləcək bu transfert Neft Fondunun illik gəlirini artıq 500 milyon üstələyirsə; yerdə qalan büdcənin də əhəmiyyətli hissəsi neft və neft məhsullarının satışından büdcəyə ödənilən vergilər hesabınadırsa, Ümumi Daxili Məhsul ötən il cəmi 1,1 faiz artıbsa… hansı düzgün iqtisadi siyasətdən danışmaq olar?
Hər ay bəzi ərzaq məhsullarının, gündəlik tələbat mallarının qiyməti 5-7 faiz arasında qalxırsa və sonda illik inflyasiya 1,1 faiz yalanı ilə göstərilirsə, bu, o demək deyil ki, ÜDM artımı səviyyəsinə yuvarlaqlaşdırılan (daha doğrusu, eybəcərləşdirilən) inflyasiya məhz belədir – məgər, əhali bunu hiss etmirmi?
2012-ci ilin yekunlarına görə, xarici idxal-ixrac əməliyyatları toplam 10 faiz, xarici ticarət dövriyyəsinin həcmi ümumilikdə 7 faizdən də çox aşağı düşürsə, neft gəlirlərindən kənar olan büdcə gəlirlərimiz Azərbaycandan ərazi və əhali baxımından iki dəfə kiçik olan Gürcüstandan elə 2 dəfə azdırsa, iqtisadiyyatımızın təbii sərvətlərimizin satışı və gələn pulun dağıdılması üstündə qurulmadığını Ilham Əliyev necə və hansı haqla iddia edir?
Ancaq Ilham Əliyev bu çıxışında artıq öyrəşdiyimiz statistik manipulyasiyadan əlavə ölkənin ictimai-siyasi gündəmini əks etdirən “sui-istifadə, harınlıq, qudurğanlıq” məsələlərinə də toxundu ki, 10 ildən sonra ilk dəfə söylənilən bu problemə diqqət çəkək.
Əliyev bilir: sahibkarlar incidilir
Ilham Əliyev deyir: “Sahibkarları bu işlərə (abadlıq – red.) cəlb etmək lazım deyildir. Kim istəyir, kömək etsin, amma bəzi hallarda onları məcbur edirlər, onlar böyük həcmdə xərc çəkirlər, sonra da pulunu vermirlər. Əgər kimsə fikirləşirsə ki, mənə bu məlumatlar çatmır, səhv edir”.
Deməli, cənabımız vəziyyətdən xəbərdar imiş: mətbuatın dəfələrlə yazdığı reallıqları – bir çox icra başçılarının sahibkarlara iş gördürüb, büdcədən ayrılan (ayrılanmı?) vəsaiti mənimsədiyini bilirmiş. Bəs, bu cinayətlərə niyə son verməyib? Axı, bu səhv deyil, qüsur deyil – cinayətdir, korrupsiyadır, vəzifədən sui-istifadədir və Azərbaycan qanunvericiliyi ilə cinayət məsuliyyəti doğurur. Ilham Əliyev məmurlarını cinayət məsuliyyətindən qorumaqla niyə cinayətə imza atır?
Deyir: “Hər bir rayonun öz büdcəsi vardır, hər bir rayona mütəmadi qaydada dövlət tərəfindən, Prezidentin Ehtiyat Fondundan vəsait ayrılır və o vəsaitlə iş görmək lazımdır”.
Ayrılırmı o vəsait? Yerlərə çatırmı, yoxsa yalnız kağız üzərində bəyan edilir və o məbləğ dərhal kimlərinsə şəxsi hesablarına yatırılır? Icra başçıları həmin vəsaitləri doğurdanmı mənimsəyir?
Əgər həmin vəsaitlər təyinatı üzrə xərclənmirsə, niyə yoxlamalar aparılmır? Kəndarası yollara ayrılan milyonlarla vəsaitin qarşılığında sovet dövründən çəkilən yollara yamaq vurmaqla pulun silindiyini prezident bilmirmi?
Bilir, çünki bildiyini deyir; yəqin, onu da bilir ki, sahə icraçıları ayrılan 3-5 milyon vəsaitdən əllərinə cəmi 10 min manat çatmasından ahu-fəğan edirlər, dad çəkirlər…
Korrupsiyanın əlamətləri: təmtəraqlı yaşayış
Ilham Əliyev məmurlarının təmtəraqlı toylar, ad günləri, yubileylər keçirdiyini, bahalı hədiyyələr qəbul etdiyini də bilirmiş – özü dedi: “Kim bunu edir, mən kimi nəzərdə tuturam, özü bilir”.
Xatırladım ki, 2011-ci ilin yanvarında, antikorrupsiya tədbirlərinin gücləndirilməsi ilə bağlı prezident “iradə ortaya qoyanda” Baş prokuror Zakir Qaralov korrupsiyanın əlamətləri sırasında “təmtəraqlı həyat tərzini, dəbdəbəli villaları” göstərmişdi. Üstəlik, 50 manatdan artıq hədiyyə qəbul etmək artıq qanunvericiliklə cinayət kimi təsbit olunub.
Ilham Əliyev korrupsiyaya uğramış, rüşvətxor məmurlarının kim olduğunu da əla bildiyini bütün xalqa bəyan etdi. Dedi ki, bilirəm rüşvətxor, korrupsioner, bahalı hədiyyə qəbul edənlər kimlərdir. Bəs, onları niyə cəzalandırmır? Ilham Əliyevin saydığı bütün faktların hamısı – cinayət məsuliyyəti doğurur, axı! Prezident isə “bilə-bilə hüquq-mühafizə orqanlarına məlumat verməməyə”, “cinayəti ört-basdır etməyə” və sairə görə məsuliyyət daşıdığının fərqində olmalıdır, məncə. Çünki hüquq sahəsi üzrə elmi dərəcəsi var – əgər səhv etmirəmsə!
Vəzifə və pul – sinonimdir?
Ilham Əliyev daha bir dəhşəti etiraf etdi. Harınlayan, quduran, xalqa yuxarıdan aşağı baxanlara barmaq silkələyərkən dedi ki, “Sənin vəzifən var, pulun var, sən özünü fərqləndirirsən?”.
Ilham Əliyevin təsəvvüründə vəzifə – həm də pul deməkdir, konfortdur, xüsusi imtiyazdır. Belə olmasaydı, cənabımız vəzifə və pul ittihamlarını məmurlarına yönəltməzdi. Niyə məmurların bu yekəlikdə pulu olmalıdır? Niyə onların övladları, Əhəd Abıyevin sözü olmasın, üstlərində qanunsuz silah gəzdirmək dərəcəsində qudurğanlığa, harınlığa imza atmalıdırlar?
Çünki dövlət sistemi, idarəetmə metodu bundan ibarətdir: vəzifə və pul düz mütənasibdir və sənin vəzifən nə qədər böyük olarsa, pulun da o qədər çox olmalıdır.
Vəzifəli şəxsin pulunun çox olması isə birbaşa rüşvət və korrupsiyanın nəticəsidir və Ilham Əliyev bunu açıq-açığına etiraf etdi.
Amma möhtərəmimiz tədbir görməyə tələsmir, “son xəbərdarlıq” edir.
“Lazım” – Əliyev gedəndən sonra gələcək
Ismayıllı hadisələri ilə bağlı bircə dəfə də olsun danışmayan Ilham Əliyev dolayısı ilə bu olaya da işarə etdi, harınlarına üz tutdu: “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Onların güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə, mən də çıxaracam – lazım gəlsə”.
Ismayıllıda faciə yaşanmalıdır, qudurğan məmur balalarına görə insanlar əziyyət çəkməlidir, 150-dən artıq vətəndaş yalnız bu qudurğanlığa dözmədiyinə görə türmələrə doldurulmalıdır, ancaq “Lazım” hələ gəlməməlidir?
Bu “Lazım” nə vaxt gələcək? Ölkənin hər yerində qudurğanlar təbii yolla, xalqın iradəsi ilə cəzalanandan sonra?
20 il müddətində Əliyevlər xalqa “lazımı” gözlətməklə məşğuldur. Artıq hamı bilir ki, Lazımın Əliyevlərdən qətiyyən xoşu gəlmir: O, Əliyevlər hakimiyyətdən gedəndən sonra gələcək…
Prezidentin plyonka dərdi!
Cənabımızın dünənki barmaq silkələmələri, hədələri Heydər Əliyev idarəetməsindən nəşət tapan teatrallaşmış səhnədir və Ilham Əliyev bu rolu çox uğursuzluqla oynadı. Çünki Heydər Əliyevin bu barmaq silkələmələrində, sərt çıxışlarında “nümunə üçün” – gözə soxmaq və xalqa göstərmək üçün – mütləq bir-iki nəfər cəzalandırılırdı. Ilham Əliyevin “sərt, amansız, qəti” mövqeyindən isə bütün məmurlar daha geniş impuls alaraq iş başına döndülər.
Üstəlik, Ilham Əliyevin yumruq silkələməyində də ürək yanğısının olmadığını hiss etmək mümkün idi: ənənəvi olaraq, əl jestləri sözündən bir neçə saniyə sonra görünürdü.
Yəni konkret heç bir addım atılmadı: yalnız “plyonkadan” başqa.
Xatırlayırsızsa, “Yumurta müşavirəsi” keçirən cənabımız yumurtanın qiymətini mələdəndən sonrakı açıqlamasında “bəzi ərzaq məhsullarının süni qiymət artımının qarşısını aldıq” tipində bir açıqlama verməklə, konkret hədəflər üzərində siyasət yürütdüyünü nümayiş etdirmişdi. Yumurta – dönüb oldu bu xarabanın “bəzi ərzaq məhsulları”, əsas hədəfi, taleyüklü məsələsi…
Indi də “avtomobil plyonkaları”ndan elə konkretliklə bəhs etdi ki, guya ölkənin bütün iqtisadi-siyasi-sosial-ictimai dərdi yalnız bunun başındadır; plyonkalar sökülsə, dərdlərimizin hamısı sağalacaqmış, demə!
Prezident üç ildir bir neçə dəfə plyonkanı gündəmə gətirir – həm də qanunvericiliyə zidd olaraq. Axı, qanunvericilikdə avtomobil plyonkalarından ön, arxa və yan şüşələrdə faizlə istifadə mümkünlüyü göstərilib!
Anlada bilirəmmi? Möhtərəmimiz cəmi bir konkret tapşırıq verir, o da qanunvericiliklə qətiyyən uyğun gəlmir.
Korrupsiya və rüşvətdən narazılıq
2004-cü ildən bu xarabada antikorrupsiya tədbirləri aparılır, ildən-ilə gücləndirilir, bir neçə dövlət proqramı, qanunlar, maddələr yazılır, təkmilləşdirilir, amma heç bir faydası yoxdur. Guya Ilham Əliyev də bundan narazıymış – özü dedi.
Nədən narazıdır? Korrupsiyaya qarşı Mübarizə Komissiyasının sədri haqqında o yekəlikdə iddia ortaya çıxırsa və sürüm-sürüm sürdürülən istintaq 5 aydır başa çatmırsa, Antikorrupsiya sədrinin otağında 1 milyon manatlıq rüşvət çamadanının “otvyorka” ilə açılması xalqın gülüş-lətifə hədəfinə çevrilirsə və Ilham Əliyevin heç bir reaksiyası yoxdursa, onun bu sözlərinin səmimiyyəti necə qəbul olunmalıdır?
Hələ mən bu sözləri deyən şəxsin Azərbaycandan son illər 48 milyard dollar vəsaitin çıxarılması, Dubaydakı villalar, ölkədəki şirkətlərin böyük əksəriyyətinin Ailəyə məxsus olması barədə yerli və xarici medianın yazdıqlarına heç bir reaksiya verməməsi fonunda səmimiyyət dərəcəsini müəyyənləşdirmək məsələsinə toxunmadım.
Çünki ehtiyac yoxdur; çünki ötən gün prezidentin qudurğan və harın məmurlara barmaq silkələməsi bir “göstəri” idi, seçkiyə hesablanmışdı, xalqın etirazının üstünə su səpməyə yönələn səhnə idi…
Anar Mahmudoğlu