«Hakimiyyət özü də bilmir ki, hansı bombanı işə salıb»
Leyla Yunus: “Regionlarda artan etiraz hakimiyyəti təşvişə salıb”
Ismayıllı olaylarının təşkilində təqsirləndirilən Müsavat başqanının müavini Tofiq Yaqublu və Respublikaçı Alternativ (ReAL) Hərəkatının sədri Ilqar Məmmədovun həbsilə hakimiyyət bir daha cəmiyyətdəki etirazları ənənəsinə sadiq şəkildə yatırmaqda qərarlı olduğunu sübut etdi. Hüquq müdafiəçisi Leyla Yunus bu baxımdan hakimiyyətin atdığı son addımlara heç də təəccüblənmir:
– Aydın məsələdir, regionlarda vətəndaşların artan etirazı hakimiyyəti təşvişə salıb. Təsadüfi deyil ki, əyalətlərdə baş verən etirazlara beynəlxalq ekspertlər böyük diqqət ayrırlar. Hətta mən hüquq müdafiəçisi olaraq bu bəyanatların hamısını izləməyə çatdırmıram. Azərbaycanda hazırda insan haqları ilə bağlı vəziyyət olduqca dözülməzdir. Ölkədə sanki quldarlıq quruluşu hökm sürür. Hakimiyyət insanların həyatı, mülkiyyəti ilə bağlı qərar verir. Ona görə də belə bir siyasət aparan hakimiyyət ölkədə baş verənləri görərək panikaya düşüb. Bizim iqtidarın qorxduğu odur ki, insanların pərakəndə etirazları yaxşı təşkilatçılıq olarsa, qarşısıalınmaz gücə çevrilə bilər. Bu işin öhdəsindən isə siyasi partiyalar, ictimai təşkilatlar, cəmiyyətdə nüfuzu olan şəxslər gələ bilərlər. Bu zaman Azərbaycanın başqa regionlarında da etirazlar yarana bilər. Bu, Azərbaycanda baş verən hadisələrin növbəti mərhələsi kimi baş verə bilər ki, hakimiyyət məhz bunların baş verməyindən qorxaraq bu cür isterik addımlar atır. Ona görə hakimiyyət narazı kütlənin siyasətçilərlə əlaqələrinin yaranmasının qarşısını almaq üçün bu cür preventiv addımlar atır. Hakimiyyət hazırda ölkədə sərbəst toplaşmaq, insan hüquqları ilə bağlı demək olar ki, hər şeyi qadağa edir. QHT təmsilçilərinin, siyasilərin regionlara səfəri, ümumiyyətlə, mümkün deyil. Şəhərin mərkəzində hətta 3 nəfərin belə toplanması həbsə aparır. Bu günlərdə “Dalğa” gənclər təşkilatının 3 üzvü həbs olunub. Onlar sadəcə olaraq insanlara kitab oxumağı tövsiyə edirmişlər. Bizim təşkilat qapalı məkanda seminar keçirmək üçün “Diplomat”, “Park INN” hotelinə müraciət etməsinə baxmayaraq nəticə olmayıb. Hakimiyyət “Uzaq sahillərdə” filmindəki kimi şəhərdə üç-üç gəzməyə imkan vermir. Hazırda oxşar vəziyyətdir. Hətta Gestapo küçədə toplaşmağa imkan vermirdi, hazırkı hakimiyyət isə salonları da toplantıya bağlayıb.
Hakimiyyət bununla vəziyyəti daha da kəskinləşdirir
– Hiss olunur ki, hakimiyyət bu metodla xalqın, demokratik qüvvələrin gözünü qorxutmağa çalışır. Sizcə, bu cür üsullarla hakimiyyət niyyətinə nail ola biləcəkmi?
– Hakimiyyətin nəzarəti əlində saxlamaq üçün yeganə üsulu qorxutmaqdır. Bu yalnız o halda effekt verə bilər ki, ümumilikdə insanın durumu cəzalandırılmağın qarşılığında baş verə biləcəklərdən daha yüngüldür. Yəni bir vətəndaşın övladlarını həbs edərək, onlara işgəncə veriblərsə, evin, mülkiyyətin əlindən alıblarsa, körpə uşağı oğurlayıb insan alverçilərinə təqdim ediblərsə, bundan dəhşətli nə ola bilər? Bu zaman insanı nə saxlaya bilər? Belə vəziyyətdə insanlarda artıq qorxu qalmır. Burda hakimiyyətin heç bir qorxu aparatı işləməyəcək, əksinə, hakimiyyət bununla vəziyyəti daha da kəskinləşdirir. Insanların hakimiyyətə qarşı etirazları pərakəndə xarakter daşıyanda və son mərhələsinə çatanda, hakimiyyət danışıqlara getmək istəsə, o zaman heç kimlə danışıqlar aparmaq mümkün olmayacaq və etirazçı kütləni də hakimiyyət dayandıra bilməyəcək.
– Hakimiyyət qorxu və xof siyasətinin bir nəticə vermədiyini və əvvəlkitək etiraz aksiyalarının davam etdiyinə Ictimai Palatanın “2 aprel” aksiyasından sonra əmin oldu. Belə olan halda iqtidarın hələ də eyni siyasətə sadiq qalması nədən xəbər verir?
– Düşünməyin ki, hakimiyyət durumu dəyərləndirmək üçün analitiklərin məsləhətlərinə qulaq asır. Əgər bu belə olsaydı ölkədəki durum tamamilə fərqli olardı. Hazırda hakimiyyətdə intellektual səviyyəsi olmayan şəxslər təmsil olunublar. Bəlkə onlar həyatlarında üst-üstə beş kitab belə oxumayıblar. Bu şəxslər tarixdən xəbərsizdilər. Nə Azərbaycan, nə dünya tarixini bilirlər. Xalqdan oğurladıqları pullara görə cavab verəcəklərindən qorxurlar. Hazırda iqtidar təmsilçilərinin hərəkətləri oğruların addımlarını xatırladır. Oğruya təzyiq edilən zaman o, əldə etdiklərinə görə dalaşmağa üstünlük verir.
Hakimiyyət bütün azadlıqları məhdudlaşdırmağa çalışacaq
– 2013-cü il seçki ilidir. Bu ildə sərbəst toplaşmaq azadlığının kobud şəkildə pozulması və bununla cəmiyyətdəki gərginliyin hər ötən gün artmasına rəvac verilməsi hansı fəsadlara səbəb ola bilər?
– Cəmiyyətdəki gərginlik seçkiyə qədər də olacaq, seçkidən sonra da. Nə mitinqlərin keçirilməsinə icazə veriləcək, nə də toplantıları reallaşdırmağa imkan yaradacaqlar. Müxalifət namizədlərinə də əyalətlərə səfərlər etmək qəti qadağan ediləcək. Əgər ictimaiyyət, ilk növbədə gənclər təşkilatları əhalini fəal etirazlar nümayiş etdirməyə çağıracaqlarsa, bütün ölkə ərazisində mitinqlər davam edəcək. Əyalətlərdə də etirazlar dalğası davam edəcək. Bunların fonunda hakimiyyətin basqısı da artacaq. Həbslər insanları qorxutmaq üçün bir alət kimi istifadə olunacaq. Bütün baş verənlərin nəzarətdən nə vaxt çıxa biləcəyini söyləmək çox çətindir. Tarixdə elə hallar olub ki, tamamilə proqnozlaşdırılmayan situasiyada gözlənilməz hadisələr baş verir. Hazırda isə bəlli olan odur ki, hakimiyyət bütün azadlıqları məhdudlaşdırmağa çalışacaq. Hakimiyyətin özünü necə aparacağı, davranışları bəllidir. Amma ictimaiyyətin, əyalətlərdə yaşayanların, müxalif partiya üzvlərinin baş verənlərə necə reaksiya verəcəyi… əsas budur.
– Hazırda Əkrəm Əylisli olayı ilə bağlı hakimiyyətin geniş təbliğat kampaniyası aparılır. Bu hakimiyyətin vətənpərvərliyindən irəli gəlir, yoxsa bu addımlar gündəmi dəyişmək cəhdidir?
– Hakimiyyət, əlbəttə, gündəmi dəyişməyə başlayır. Hələ sovet vaxtı hakimiyyətə etirazlar bütün ölkəni bürüyən kimi yuxarıdan göstəriş gəlirdi ki, bütün dövlət strukturlarında böyük yığıncaqlar təşkil olunsun. O zaman bu toplantılarda çıxışlar və səsləndirilən fikirlərdə məqsəd diqqəti əsas problemlərdən yayındırmaq idi. Məsələn, bu istiqamətdə vaxtaşırı olaraq istifadə olunan mövzu ABŞ-da hüquq müdafiəçisi Ancela Devisin hüquqlarının müdafiəsi ilə bağlı idi. Hakimiyyətin bir müddət əvvəl Almaniyada insan hüquqlarının pozulması ilə bağlı apardığı kampaniya da eyni məqsədə xidmət edirdi. Ona görə də hakimiyyət insanların zəif damarından, Ermənistanla müharibə məsələsindən istifadə etməyə çalışır. Əgər hakimiyyətdəkilər həqiqətən də Azərbaycanın gələcəyi barədə düşünsəydilər, o zaman Əkrəm Əylislinin kitabından dövlətin maraqları naminə istifadə oluna bilərdi. Hakimiyyət bəyan edə bilərdi ki, “Ermənistan bütün dünyada bizim vəhşi olduğumuza, erməniləri ölüdürdüyümüzə inandırmağa çalışır. Ramil Səfərov olayından Azərbaycana qarşı hücum məqsədilə ermənilər bütün dünyada istifadə etdilər. Amma tanınmış Azərbaycan yazıçısı Əkrəm Əylisli bax belə bir roman yazıb. Indi baxın, Azərbaycan xalqının ziyalıları necə də tolerantdır. Indi ay ermənilər, bizə göstərin görək Ermənistanda belə biz yazıçı varmı?”. Azərbaycan məhz yaranmış olaydan bu cür istifadə etmiş olsaydı beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirə bilərdi. Bu məsələ ilə bağlı ədəbi, siyasi müzakirə açıla bilərdi.
Hakimiyyət atdığı addımların nəylə nəticələnəcəyini görmür
– Nəyə görə hakimiyyət ölkədə bir müddət əvvəl baş verən səsli-küylü olaylara münasibət bildirmədi? Mandat alveri, insan oğurluğu, vəzifəsindən sui-istifadə faktlarına heç bir reaksiya verilmədi. Amma Əkrəm Əylisli olayında hakimiyyət özünü dövlətinə və vətəninə sadiq iqtidar kimi təqdim etməyə çalışır…
– Hakimiyyət bu məsələləri müzakirə etmək marağında deyildir. Azərbaycanda deputat mandatını xalqın deyil, hakimiyyətin verdiyini hamı əvvəlcədən gözəl bilirdi. Bu məqamlar Gülər Əhmədova ilə bağlı Elşad Abdullayevin videoları açıqlanmamışdan qabaq da məlum idi. Azərbaycanda bütün idarəçilyin yalnız korrupsiya üzərində qurulduğu və nazirlərin hamısı istisnasız olaraq korrupsiyaya bulaşıb, kriminal cinayətlərdə iştirak edirlər.
– Hakimiyyətin son addımlarına beynəlxalq aləmin reaksiyası necə olacaq? Artıq I.Məmmədov və Tofiq Yaqublunun həbsi ilə bağlı ilkin reaksiyalar gəlməkdədir…
– Mən bir məqamı vurğulamaq istərdim ki, hakimiyyətin Əkrəm Əylisli ilə bağlı atdığı addımlar və qəbul etdiyi ağılsız qərarlar da sərt reaksiyaya səbəb olacaq. Hakimiyyət özü də bilmir ki, hansı bombanı işə salıb. Hakimiyyətin ölkədə baş verən etirazların fonunda reallaşdırdığı həbslərə gəlincə, artıq bununla bağlı kəskin mövqe sərgilənir. ABŞ Dövlət Departamentinin bununla bağlı bəyanatı gözlənilir. Avropa Şurasının isə siyasi məhbuslar üzrə məruzəçi təyinatı məsələsinə yenidən qayıtması gözləniləndir.
Xəyal