Dünənki həbslərdən sonra mən ətrafda tamam yeni ovqat gördüm. Əvvəllər belə olanda ictimai fəallar, həmvətənlərimiz hakimiyyətin qarasınca bir söz deyəndə, ikisini də xalqa deyərdilər. Elə bil hamının şikayətləndiyi, hamının hər sözün ardında tənqid etdiyi xalq daha yoxdur. Həmin diskurs yoxa çıxıb. Artıq az qala heç kəs yazmır ki, “bizim xalqdan heç nə çıxmaz”, “biz belə gəlmişik, belə də gedəcəyik”, “ərəblər də qalxdı, amma biz yatırıq” və s.
Maraqlıdır, hətta xalqımıza təriflər gözə dəyməyə, artmağa başlayıb. Dünənəcən xalqı tənqid etməyə əsas verən personajların hamısı yerindədir. Rejim də həminkidir. Amma sanki 9 milyonun içində bir xalq peyda olub və məhz o xalqı insanlar sevməyə başlayıb. Əslində qəribə heç nə baş vermir də, xalqın içində yeni xalq da yaranmır. Göründüyü kimi, xalq dəyişir, toplum dəyişir. Fərdlərdə isə öz xalqına və toplumuna inam yaranır, təbii ki, həm də özünə inamın artmasıdır bu.
Yəni Ismayıllı hadisələri təcrübi olaraq hər kəsə başa saldı ki, xalq ayağa qalxa bilir, qalxacaq da…
Unutmamısınızsa, “bu xalq Heydər Əliyevin xalqıdır” deyimi yaman dəbdə idi ötən illərdə. Ölkədəki idbar durumdan qəlbi sıxılan az qala hər kəs bu kəlməni deyirdi. Hərə bir məqsədlə. Amma indi kimsə dilinə almır bu sözləri. Mən xalqımızı ideallaşdırmaq üçün demirəm bunu, nə də onu demirəm ki, xalqımız dəyişib ideal olub. Nə də onu tənqid etməyi cinayət və ya qəbahət sayıram. Haqlı məqamlar çox ola bilər bu tənqidlərdə. Tənqidlər hər zaman olacaq. Sadəcə yeni tendensiyanı deyirəm, siyasi anlamda xalqa inamın dirçəlməsini, həmin xalqın özünə inamının güclənməsini yada salıram. Sanki xalq harasa getmişdi, yenidən qayıdır. Bu, sezilməyəcək, deyilməyəcək sıradan bir olay deyil.
Inam bu ölkəyə qayıdır. Düzdür, bu ölkənin arzularımızın vətəni olması üçün hələ daha böyük inama və daha çox şeylərə ehtiyacı var, amma artıq doğrudan da inam bu ölkəyə dönür. Həm gələcəyə inam, həm də özünə inam…
Dünənki həbslərə qayıdaq. “ReAL” sədri Ilqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu qondarma yolla və siyasi məqsədlə həbs edildilər. Düzdür, hələlik haqlarında sadəcə həbs-qətimkan tədbiri seçilib, amma məqsədi indidən anlamaq olar. Onların, eləcə də Ismayıllı olayları ilə bağlı saxlanılan başqalarının haqsız həbs olunduğunun sübuta ehtiyacı yoxdur, çünki bunu hamı bilir. Açıq görünür ki, bu siyasətçiləri həbs etmək və Ismayıllı olaylarını müxalifətin təxribatı kimin qələmə vermək istəyirlər…
Hakimiyyət öz köhnə düşüncəsi ilə hərəkət edir, yeni həbslərlə fəalları, narazıları, potensial etirazçıları, ümumiyyətlə, cəmiyyəti qorxutmaq istəyir. Lakin yuxarıda söz açdığımız ovqat açıqca hiss olundu – bu həbslər hakimiyyətin özünün qorxması kimi qəbul edildi. Belə qiymətləndirmə əvvəllər də olurdu, əsasən müxalif siyasətçilərdən, amma indi sosial şəbəkələrdə daha çox insandan bu cür reaksiya sezildi. Yeni və güclənən tendensiyadır bu, insanlar artıq həbslərdən qorxmur, əksinə, bunu hakimiyyətin qorxması kimi dəyərləndirir.
Internet müzakirələrində bu məzmunda yazılanları nəzərdə tutaraq bəzi dostlarımız deyir ki, təsəlli qeydlərini yığışdırın. Dəyərli dostlar! Təsəlli qeydlərini yığışdıraq, amma bu rejimin tezliklə yox olacağına inam ki yerində qalır. Biz ki buna inanırıq. Toplumda ki bu inam böyüyür. Xalqda inam artır və xalqa inam artır. Burada yığışdırılası heç nə yoxdur.