Cəvahir xala: «Bu müstəqillik olmadı bala, müftəqulluq oldu…»
Doğulub boya-başa çatdığım kəndə əsasən anamı görməyə gedirəm, girəcəkdəki qəbiristanlıqdan çox vaxt içəri keçmirəm də. Ona görə yox ki, doğma kəndimdə açacaq qapım yoxdur, ona görə ki, o qapılardan içəridəki acı həqiqətlərlə üzləşməyə gücüm qalmayıb.
Bizim kəndimiz sovetin vaxtında ucqar kəndlərdən sayılırdı. Rayon mərkəzinə gediş-gəliş üçün avtobus təşkil etsələr də, müştəri üzündən o da çox vaxt işləmirdi. Çünki bizim kəndçilər mərkəzə ən zəruri hallarda, məsələn, uşağın qızdırması qırxa yaxınlaşanda və yaxud toya üç gün qalmış gəlinə pasport almağa gedərdilər. Əslində bu “tənbəlliyin” səbəbini başa düşmək olardı. Belə ki, balaca bir kənddə Rusiya tipli nəhəng cins mal ferması vardı. Əli işə yatan hər kəs həmin fermada işləyirdi. Hər gün evə azı iki-üç litr süd gəlirdi, kolxozun illik əmək bölgüsündən verilən iki-üç ton taxılı da üstə gəlsək, bu adamların kənddən kənara çıxmalarına nə ehtiyac vardı ki? Əlbəttə, bütün bunları adama havayı vermirdilər, ciddidən-ciddiyə çalışmaq lazım idi. Hərçənd o fermada da saxta rəqəmlərlə süni qəhrəmanlar yetişdirilirdi. Bütöv kollektivin göstəricilərini bir adamın adına yazıb əmək qəhrəmanı, qurultay nümayəndəsi düzəldirdilər (Yeri gəlmişkən, H.Əliyev bütün SSRI-də belə əməliyyatların analoqsuz bilicisiydi). Amma hətta o halda belə mənim sevimli Məmmədhəsən əmimin ailə büdcəsində indiki həyəcan siqnalı yanmırdı.
Dünyanın gedişatı SSRI-ni tarixin arxivinə atan ərəfədə bizim kəndin məşhur fermasını da iribuynuzlu məmur sürüsü yağmaladı. Illərlə o fermada alın-təriylə çalışan adamlara o boyda sərvətin milyonda biri düşmədi. Əhaliyə kolxozdan yalnız pay torpaqları qaldı ki… bu gün ondan da məhrum olundular. Uzun illər Kamaləddin Heydərovun sülaləsi, təzəlikcə də Paşayevlər mənim kəndimi ölkənin başqa nöqtələri kimi dilənçi səviyyəsinə gətirdilər.
Işsiz, çörəksiz camaat bu dəfə meşələrə üz tutdu. Hərə bir eşşək alıb odun daşıyaraq kömür düzəltməyə başladı. Kənd yavaş-yavaş kəndliyindən çıxıb ibtidai bir basmaçı meydanına çevrildi. Kömür işbazları dərhal bu əlverişli bazara daraşdılar. Zülm-zillət artdıqca qiymət ucuzlaşdı. Torpaq layının altında korun-korun yanaraq zəhər püskürən basmaların – kömür ocaqlarının insan orqanizmi üçün ölümcül ziyanı barədə hamımız bilirik. Amma bu barədə tüstüdən qap-qara qaralıb, işləməkdən büzüşüb qocalmış bir “cavan gəlinin” fikirləri daha orijinaldır: “Düzdü, zəhərli tüstüdən bütün ailə xəstəlik tapmışıq, amma şükür, uşaqların məktəb xərcini, dəva-darmanımızı, ailənin başqa ehtiyaclarını bu vasitə ilə ödəyirik. Itin-qurdun haqqını verəndən sonra heç olmasa çörək dərdi çəkmirik. Bir ara uşaq pulu düzəltmək istədik, elə şərtlərlə rastlaşdıq ki, bir daha bu sözü ağzımıza ala bilmədik. Onsuz da bundan savayı bir alacağımız yoxdu. Ac qalıb ona-buna əl açmaqdansa, nə zəhər olur-olsun yenə öz əlimizin zəhmətidir. Heç kəsdən heç nə istəmirik, barı buna dəyməsinlər”.
Yazılış dilinə çevirməkdən savayı mən bu fikrə toxunmamışam. Zatən, mənim çarəsiz kəndimin çəkilməz dərdinin bundan yığcam və təbii ifadəsi yoxdur…
Qəbələnin Ismayıllıyla sərhəddindəki sonuncu kənd olaraq mənim kəndimin aqibəti daha ağır olacaqmış. Bu səbəbdən o qürurlu gəlinin “barı buna dəyməsinlər” arzusunun üstündən də kömür kimi qara bir xətt çəkilməyə başlanıb. Heydərovların işğalında olan o “sərhəd” kəndinin üstünə Paşayevlər Ismayıllı tərəfdən Ələkbərovların can-fəşanlığıyla analoqsuz nəhəng layihələrlə gəldilər. Atçılıq, balıqçılıq, camışçılıq təssərrüfatı yaratmaq adı altında yoxsul əhalinin olan-qalan son torpaqlarını su qiymətinə əlindən alıb, zəlil gündə olan kəndin axar suyuna da sahib çıxdılar. Rəqabət meydanına dönən kənd bu gün polis, ekologiya, vergi kimi xüsusi təyinatlıların sərt nəzarəti altındadır. Onların gün-gündən artan haqlarını kömürçülükdən gələn zəhərli vəsait artıq ödəmir. Əkin-biçin, heyvandarlıq barədə isə düşünməyə də dəyməz. Dədə-baba torpaqlar hər iki tərəfdən tikanlı məftillər arasındadır.
Bütün ölkədə əyalət müxtəlif formalı eyni əsarətin altındadır. Çernışevski demişkən, “Nə etməli?”… Hər şeyləri əllərindən alınmış, hər tərəfdən küncə sıxışdırılmış milli “Səfillər”in ağır taleyindən kim yazacaq? Gənc yazarlar paytaxtdan kənara çıxmırlar. Mövzu da, qəhrəman da, nəşriyyat da, imza günü də, saytlar da eyni məkandadır. Küskün orta nəsil seyrçi vəziyyətdədir, bu seyrin içində kədər var, amma bu kədərdən acı-acı tüstülənən Azərbaycan kəndinin dərdinə su səpiləcəkmi?