Leyla Yunus: «Aydın məsələdir ki, bu, Əli Kərimliyə təzyiq üçündür»
Ştrasserin Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabatının keçməməsi dərhal öz mənfi nəticəsini verdi. Hesabatın AŞPA deputatları tərəfindən qəbul edilməməsindən cəmi bir gün sonra siyasi məhbus – “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidova yeni maddələr verildi.
Buna qədər E.Seyidov Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə dələduzluqda ittiham olunurdu. Bu yaxınlarda isə ona Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 308.2, 313 və 320.2-ci maddələri ilə yeni ittihamlar irəli sürüldü.
Göründüyü kimi, Ştrasserin hesabatının keçməməsi insanları əqidəsinə görə həbsə atmaq baxımından hakimiyyətin əl-qolunu əməlli-başlı açmış oldu.
Hüquq müdafiəçisi Leyla Yunus da hesab edir ki, E.Seyidova yeni ittihamların irəli sürülməsi Ştrasserin hesabatının Azərbaycan üçün nə dərəcədə önəmli olduğunu bir daha ortaya qoydu: “Ştrasserin siyasi məhbuslarla bağlı siyahısında Elnur Seyidovun da adı var. Hesabatın keçməməsinin acı nəticəsini tez bir zamanda gördük. Məhz bundan sonra Elnur Seyidova yeni maddələr verildi. Elnur Seyidov ağır xəstəlikdən əziyyət çəkir. Onu MTN-nin təcridxanasında faktiki olaraq girov saxlayırlar. Halbuki onun təqsirini 10 aydan çox davam edən istintaq müddətində sübuta yetirə bilmədilər. Bu azmış kimi, indi də yeni maddələr irəli sürüblər. Aydın məsələdir ki, Elnur Seyidovun hakimiyyətin girovluğunda olması AXCP sədri Əli Kərimli ilə bağlıdır. Bu yolla Əli Kərimliyə təzyiq edirlər. Bu, həm də onun əyani sübutudur ki, AŞPA-da Ştrasserin hesabatına qarşı çıxan deputatlar Azərbaycan hakimiyyəti tərəfindən ələ alınıblar. Siyasi motivli həbslər bundan sonra da davam edəcək. Bu, Ştrasserin hesabatının keçməməsinin cavabıdır”.