Budəfəki dəyirmi masa “Hüquq müdafiə sisteminin hazırkı vəziyyəti” mövzusunda keçirdiyimiz sayca ikincidir. Yenə də müzakirə predmeti hazırda cəmiyyətimizdə böyük ehtiyac duyulan bu institutun fəaliyyətinin zəifləməsi səbəblərini ortaya çıxarmaqla bağlıdır. Belə ki, əgər beş-altı il əvvəl Azərbaycanda bir-biri ilə rəqabət aparan, ciddi fəaliyyət ortaya qoyan bir hüquq müdafiə sistemi var idisə, hazırda bu anlayışdan əsər-əlamət qalmayıb. Eyni zamanda bir xeyli ittihamlar da var ki, hüquq müdafiə təşkilatlarının bir çoxu hakimiyyətlə, yumşaq desək, normadan artıq yaxınlaşıb. Və bu yaxınlaşma insanların hüquqlarının müdafiəsində bəzi çətinliklər yaradır. Budəfəki qonaqlarımız hüquqşünas Ənnağı Hacıbəyli, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlıdır.
– Əslində son günlər baş verənlər onu göstərmir ki, birinci şəxs istəsə, korrupsiyaya qarşı mübarizə mümkündür?
Ə.Hacıbəyli:
– Həqiqətən də siyasi iradə olarsa, korrupsiyanın kökünü kəsməkdə problem yoxdur. Bunu qonşu ölkələrin təcrübəsi də göstərib.
S.Qocamanlı:
– Düzdür, bizim məhkəmələrimiz üzdəniraqdır, ölkədə korrupsiya da var. Amma onu da qeyd etmək yerinə düşər ki, vətəndaşlarımızdan da çox şey asılıdır. Hər bir vətəndaş öz hüquqlarını bilsə, öz hüquqlarını müdafiə etməyə qadir olsa, həmin məmur ikinci dəfə qanunu pozmaqdan qorxar. Bizim vətəndaşlarımız işlərini itirəcəklərindən qorxduqlarından şikayət etmirlər. Uşaq bağçasından gələcək vətəndaşlara hüquqları anlatılmalıdır. Hüquqlarını bilmədiklərinə görə, hüquqları pozulanlar bizə müraciət edirlər.
Ə.Hacıbəyli:
– Məhkəməsinə, dövlətinə inamı olmayan vətəndaşı qınamaq düzgün deyil. Əgər Heydər Əliyev sarayının arxasında evləri sökülən vətəndaşların heç biri hüquqlarını qoruya bilmirsə, deməli, məsələ başqadır.
S.Bənənyarlı:
– Biz iki ildir ki, bu məsələni qaldırırıq. Təqaüdlərin qaldırılması və ümumiyyətlə, onların formalaşması. Qanuna görə, təqaüdçülər əmək haqlarının səksən faizini almalıdırlar və tutduqları vəzifəyə uyğun olaraq əmək haqqı qalxarsa, təqaüd də qalxmalıdır. Amma bu gün baxın nə baş verir. Vətəndaş ən yüksək məvacib alsa belə onun aldığı təqaüd iki yüz manat olacaq. Əksəriyyət isə səksən beş manat alır. Bu insan bu təqaüdlə indiki kommunal xərclərlə necə yaşaya bilər? Biz bu məsələləri qaldırırıq. Amma nəticə yoxdur.
Ə.Hacıbəyli:
– Bütün rayonların sosial müavinət şöbələrində kimlərə ki, sosial müavinət, pensiya verilirsə, onun altı ayı o təşkilatda qalır.
N.Cəfəroğlu:
– Bu gün hər şey siyasi iradədən asılıdır. Əgər prezident siyasi iradə göstərib məmurlara belə göstəriş versə, bu olacaq. Istərdim ki, indiki vəziyyət qalsın və məmurlar prezidentin o sözünə sona qədər riayət etsinlər. Bəlkə də Azərbaycan buna görə böyük uçurumdan qurtaracaq.
Avropa Məhkəməsinin Eynulla Fətullayevlə bağlı qərarı icra olunmayıb
– Neçə illərdir Azərbaycandan Eynulla Fətullayevlə bağlı məsələnin icrası istənilir, bu, baş verməyib. Seçki qanunvericiliyinin təkmilləşdirilməsi başqa bir tələbdir, burada da irəliləyiş yoxdur. Beynəlxalq təşkilatların bəyanatlarında vurğulanan problemlər öz həllini tapmaq əvəzinə daha da kəskinləşir. Hakimiyyətin beynəlxalq aləmlə qarşıdurmaya getməsinin səbəbləri nədir?
S.Bənənyarlı:
– Biz düşünmürük ki, beynəlxalq aləmlə Azərbaycan hökuməti qarşıdurmaya gedir.
– Əgər Avropa Məhkəməsinin qərarı yerinə yetirilmirsə, Avropa Şurasının qarşısında götürülən öhdəliklər icra olunmursa, buna nə ad qoymaq olar?
S.Bənənyarlı:
– Avropa Məhkəməsi icra olunmayan qətnamələr haqda yenidən qərar çıxarıb ki, onlar icra olunmalıdır. Amma onlar icra olunmur. Biz də bundan şikayətçiyik. Amma siz Eynulla Fətullayevin işini misal gətirirsiniz. Eynulla Fətullayevin işində bir nöqtədən baxanda elə görünür ki, o qərar yerinə yetirilmir. Amma Eynulla Fətullayev bu günləri 234.1 maddəsi ilə narkotikə görə həbsdədir. Hesab məsələsində də pul hesaba köçürülüb.
– Siz hesab edirsiniz ki, Avropa Məhkəməsinin qərarı bununla yerinə yetirilib?
S.Bənənyarlı:
– Biz hesab etmirik. Azərbaycan dövləti də hesabatında vurğulayır ki, bu addımları atıb. Qarşıdurmaya getmir.
– Səadət xanım, siz özünüz necə düşünürsünüz?
S.Bənənyarlı:
– Mən düşündüyümü artıq demişəm. Eynulla Fətullayevin narkotikə görə həbsi düzgün deyil. Düşünürəm ki, bu hesab məsələsində də əgər Avropa Məhkəməsinin qərarı varsa, bank hesabından həbs götürülməlidir. Hesab açılarsa, bu məsələ həllini tapacaq.
Ə.Hacıbəyli:
– Avropa Məhkəməsinin maddi və mənəvi ziyana görə, kəsdiyi kompensasiyanı hökumətin başqa istiqamətlərə yönəltmək ixtiyarı yoxdur. Avropa Məhkəməsinin Eynulla Fətullayevlə bağlı qərarı icra olunmuş hesab oluna bilməz. Hökumətin vəsaiti bağlı hesaba yönəltməsi də, narkotik maddəsi ilə yenidən onun həbsdə saxlanması da qanunsuzluqdur. Bu da Avropa Məhkəməsi və Avropa qurumları ilə qarşıdurmaya getmək sayıla bilər.
Işçi Qrupunun dağılması düzgün deyildi?
N.Cəfəroğlu:
– Eynulla Fətullayev qeyd-şərtsiz buraxılmalıdır. Bu, Monitorinq Qrupunun yekdil mövqeyidir. Ondan başqa, Müşfiq Mədətov, Ruslan Bəşirli, Anar Namazova da azadlıq verilməlidir. Hazırda siyasi məhbus kimi qəbul olunan iyirmi nəfər azadlığa çıxarsa, siyasi məhbus probleminin həll olunduğunu demək olar.
S.Qocamanlı:
– Azərbaycan bu gün Qərb üçün cazibəli ölkədir. Burada həm təbii resurslar, həm mədəniyyət xüsusi rol oynayır. Amma demokratik dəyərlərə münasibətlə bu ölkəni daha cəlbedici etmək olar. Bu baxımdan elə məqamlar var biz gərək onları öz ölkəmiz daxilində çözməyi bacaraq. Iqtidar, müxalifət, vətəndaş cəmiyyəti Azərbaycanın cəmiyyətini düşünməlidir. Yaxşı olardı ki, Azərbaycan Demokratik Respublikasının 100 illiyində bu birlik baş versin. Nə üçün bir masa arxasında əyləşib bu günü anmayaq? Biz bunu etsək, Qərb bizi daha da cazibədar görər. Bizim Qərbdə böyük bir dostumuz var, Andres Herkel. O, Azərbaycanı çox sevir və Işçi Qrup yarananda o çox sevindi ki, nə yaxşı siz bu problemləri bir masa arxasında həll edəcəksiniz. Biz qısa vaxt ərzində yetmişə yaxın adamı azadlığa buraxdıra bildik. Sonda bu proses dağıdıldı. Xüsusi məruzəçi təyin olundu. Baxmayaraq ki, Monitoriq Komitəsi buna etiraz etdi. Herkel də demişdi, qoymayın təyin etsinlər. Biz məruzəçilər bu problemi həll edəcəyik. Çünki hər dəfə məruzəçilər gələndə bizlə, daha sonra prezidentlə görüşürdü və müəyyən məsələləri qaldırırdı. Mən yenə təkrar edirəm. Bizə çox ağrılı idi ki, biz Strasburqda olanda xüsusi məruzəçi yalnız Azərbaycana təyin olundu. Baxmayaraq ki, Ermənistanda o müddətdə çox ciddi hadisələr baş verirdi. Rusiyada və Gürcüstanda siyasi məhbus problemi var. Amma bu ölkələrə təyin olunmadı. Yalnız müsəlman ölkəsi olan Azərbaycan buna layiq görüldü. Ştrasser təyin olundu. Bir dəfə də Azərbaycana gəlməyib. Işçi Qrupu dağıldı və problem də hələ açıq qalır. Ştrasserin də noyabra qədər Azərbaycana gəlməsi gözlənilmir. O, necə hesabat hazırlayacaq? Ona görə biz sessiyadan qabaq Strasburqa dəvət olunacağıq ki, Monitorinq Komitəsinin iclasında siyasi dustaqlar və Azərbaycana dair məsələ ilə bağlı çıxış edim. Deməli, biz Ştrasseri əvəz edən şəxslərik…
– Belə çıxır ki, yenə də proseslərdə günahkar Azərbaycan hökumətidir. O zaman Səidə xanım, sizin mövqe ilə hakimiyyətin mövqeyi üst-üstə düşmürmü?
S.Qocamanlı:
– Bu, mənim şəxsi fikrimdir. Məni hökumətə bağlamayın. Bir vətəndaş kimi mən bu cür düşünürəm. Məgər mənim mövqeyim ola bilməz?!
Ə.Hacıbəyli:
– Səidə xanımın çıxışındakı iki fikirlə razı deyiləm. Bəli, biz məsələləri ölkə daxilində həll etməliyik. Bu, məsələnin daha optimal yoludur. Amma ölkə daxilində məsələləri həll edə bilmiriksə, bunun günahı kimdədir? Mən on ildi məhkəmələrin monitorinqini aparıram və beynəlxalq təşkilatlara məhkəmələrin vəziyyəti ilə bağlı hesabat yazmışdım. Ədliyyə Nazirliyi qrant verən təşkilata “danos” yazdı. Bu gün isə Məhkəmə Hüquq Şurası hakimlərin üçdə birini intizama cəlb edir. Mən də eyni şeyi yazırdım. Amma biz öz daxilimizdə problemləri həll etmək istəmirik və buna görə məsuliyyəti hökumət daşıyır. Xüsusi məruzəçi məsələsinə gəlincə, əgər Azərbaycanda siyasi məhbus problemi həll olunmayıbsa, xüsusi məruzəçinin təyinatı ilə bağlı sizin arqumentlərinizlə razılaşa bilmərəm. Başqa ölkədə siyasi məhbus məsələləri üzrə məruzəçi təyin olunmayıbsa, bunun Azərbaycana nə aidiyyəti var? Qarabağ probleminin də siyasi məhbus probleminə aidiyyəti yoxdur. Əgər bu problem varsa, beynəlxalq təşkilat bunu məruzəçi təyin etməklə həll etmək istəyirsə, əksinə, biz ona kömək etməliyik.
S.Qocamanlı:
– Qoy Avropa Şurası bütün üzv dövlətlərə eyni gözlə baxsın. Nəyə görə ayrı-seçkilik olmalıdır.
Ə.Hacıbəyli:
– Avropa Şurası ən yumşaq gözlə Azərbaycana baxır. Niyə etiraz etmirsiniz? Avropa Şurasının seçki, siyasi məhbuslarla bağlı, Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı mövqeyi kifayət qədər yumşaqdır. Əgər siyasi iradə yoxdursa, heç bir beynəlxalq təşkilat əksini hakimiyyətə sübut etdirə bilməz.
Aytən Məmmədova,
Xəyal Şahinoğlu