Isa peyğəmbərin bir günahkarı daşqalaq etmək istəyən insanlara dediyi söz yadınızdadırmı? Demişdi: kimin günahı yoxdursa, ilk daşı da o atsın.
“Daş yuxular”ına görə Əkrəm Əylisliyə daş atanlar, onu Azərbaycandan qovmaq istəyənlər, bunlara da baxın:
1. Stepan Şaumyan Bakı qırğınları ilə bağlı öz xatirələrində yazır: “Biz ələ düşən ilk bəhanədən istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Yaxşı silahlanmış 6 min əsgərimiz vardı, Daşnaksütyun partiyasının 4 min nəfərlik silahlı milli hissələri də bizim sərəncamımızda idi. Sonuncuların vətəndaş müharibəsində iştirakı bu müharibəyə milli qırğın xarakteri verdi…”
Ötən əsrin 18-ci ilində Bakıda on minlərlə müsəlman-türkün soyqırımını etiraf edən Stepan Şaumyanla “eyni ananın südünü əmdiyinə görə” 70-ci illərdə fəxr eləyən kim idi?
2. 1992-ci ilin ikinci yarısından başlayaraq Azərbaycan milli hökumətinin Qarabağda apardığı uğurlu əməliyyatları və ermənilərin, hətta Xankəndidən böyük köçünün başlanmasını hamı xatırlayır. Həmin ərəfədə – 1992-ci ilin sonlarına doğru – Ermənistanla Naxçıvan arasında bir-birinə hücum etməmək barədə “sülh sazişi” imzalayan və ermənilərin Sasun David ordusunu Qarabağa gətirməsinə, beləliklə də itirilən mövqelərini bərpa etməyə şərait yaradan azərbaycanlı kim idi? Ermənilər bu siyasi liderin sülh sazişinə niyə bu qədər əmin oldular? Naxçıvandan qəfil hücumun edilməyəcəyinə niyə arxayın idilər?
3. 1994-cü ildə Ermənistana qarşı başlayan uğurlu əməliyyatları Levon Ter-Petrosyanın bir zəngilə dayandıran və ermənilərin özünə gəlməsinə şərait yaradan kim oldu? Azərbaycan ordusunun polkovniki Isa Sadıqovun bu yekəlikdə ittihamına qarşı niyə bir vətənşüvən səsini çıxarmır?
4. 1993-95-ci illərdə Ermənistan iqtisadiyyatını ayağa qaldırmaq üçün bu ölkəyə Gürcüstan üzərindən neft və neft məhsullarının satışını kimlər həyata keçirirdi?
Azərbaycandan ermənilərə neft satışının ən yüksək səviyyədə himayə olunduğundan xəbər tutan Afiyəddin Cəlilov, Şəmsi Rəhimov və nəhayət, Ziya Bünyadovu kimlər aradan götürdü? Bu cinayətlər niyə bu vaxta qədər açılmayıb?
5. Hətta 2001-ci ildə Ermənistana neft daşıyan qatarların mövcudluğunu “Azadlıq” qəzeti aşkara çıxardı və qaimələri – vaqonların nömrəsinə qədər – dərc etdi. Hansı araşdırmalar aparıldı? Kimlər cəzalandırıldı? Bu araşdırma niyə aparılmadı, Ermənistanı iqtisadi baxımdan ayaqda saxlayan Azərbaycanın yüksək çinli məmurunun cəzalanmasına kim imkan vermədi?
6. Göyçə gölünün ətrafındakı turizm obyektlərinin Azərbaycan məmurları tərəfindən tikilməsi və öz qayınlarına verilməsi barədə Ermənistan mətbuatının yazdığı materiallar ətrafında hansı araşdırma aparıldı? Qaynı erməni olan hansı azərbaycanlı məmur vəzifədən götürüldü və yaxud onun ətrafında ajiotaj yaradıldı?
7. Bu ölkədə nə qədər iri məmur var ki, ailəsi ermənidir? Onların öz qayınlarına ən kritik məqamda güzəştə getməyəcəyinə kim qarant verir? Yoxsa, məhz “kritik məqamda” ermənilərə dəstək vermələri üçün onlar vəzifələrində saxlanılır?
8. Bakıda yaşayan 30 min erməni ailəsini (100 minə yaxın ermənini) kim himayə edir?
9. Qarabağ döyüşlərində şəhid olan azərbaycanlının ailəsini Bakıda məskunlaşdığı evindən çıxarıb, erməniyə verən məhkəməyə kimlər göstəriş vermişdi?..
Saymaqla, deməklə bitəndirmi ermənipərəstliklər? Xocalı soyqırımında günahkarlar sırasına Azərbaycan rəhbərliyinin adını dürtüşdürməklə ermənilərə bu və ya digər formada bəraət qazandıranların hüquqi-mənəvi-siyasi varisləri indi Əkrəm Əylislini nə deyib qınayırlar?
Öz xalqını zillət içində yaşadan, onun adi insan haqlarını verməyənlərin ermənilərə heç bir hüquq tanımayacağı rəyini beynəlxalq aləmdə kimlər formalaşdırır? Demokratiyanın olmadığı ölkədə etnik azlıqların hüquqlarının pozulacağı barədə yekdil fikir yaradan və bu fikirdən ermənilərin sui-istifadəsinə imkan tanıyan kimlərdir?
Hər halda, Əkrəm Əylisli deyil, Azərbaycanın bugünkü hakimiyyətində təmsil olunanlardır. Bəs, o şəxslərin Azərbaycandan qovulmasını, aldıqları orden və medalları geri qaytarmasını niyə tələb etmirsiniz? Bəs, onların evinin qarşısında niyə piket keçirmirsiniz?
“Fırıldaqçıların ən son sığınacaq yeri vətənpərvərlikdir”. Bütün cinayətlərini vətənşüvənliklə ört-basdır etmək istəyənlər necə gülünc göründüklərinin fərqindədirlərmi?