Isa Qəmbərin Cənub səfərlərinin iyrənc şəkildə önlənməsinin səbəbini düşünməyə dəyər. Hakimiyyət seçkiöncəsi Müsavat başqanının piarını aparmaqla nəyə nail olmaq istəyir? Bir az daha dərinə getsək, əbədi namizədlik statusu almış Ilham Əliyev özündən güclü namizədin olmasında nə üçün bu qədər maraqlıdı? Yoxsa, kürsüdən bezib?
Yoxsa dayaqları laxlamış dövlətin maraqlarınımı düşünməyə başlayıb? Hakimiyyətin resursları hesabına Isa bəyi daha da populyarlaşdırmaq və təbii yolla seçkidə ona məğlub olmaq istəyir yoxsa? Nəzərə alanda ki, hakimiyyət xalq arasında bütün maddi və mənəvi dayaqlarını itirib, azca demokratik seçki, seçicilərin siyasi fəallığının artırılması, haqsızlığa uğrayan bir siyasi lider obrazının formalaşdırılması və nəticədə səslərin önəmli çoxluğunun ona doğru yönəlməsi gerçəkdən ciddi sonuca, yəni yapistlərin namizədinin məğlubiyyətinə səbəb ola bilər, o zaman bu piar kampaniyası haqda daha dərindən düşünməyə dəyər. Bir tərəfdən ümid doğuran bu məzhəkə bir yandan da gələcək üçün çox ciddi vahimələr yaradır. Olmaya 2013 üçün yeni 2003 ssenarisi hazırlanır? Iraq olsun…
Artıq bütün əski dəngələr pozulub. Xalq həmin xalq deyil. Xalq ayaqdadı. Xalqın qorxusu hər gün bir az daha azalır, nə qədər acı olsa da, yerini qəzəbə verir. Necə deyərlər, xalq artıq qılınca çapır. Ancaq çox ləng. Zənnimcə, bu ləngimənin də bir əsas səbəbi var: informasiyasızlıq. Inanın ki, bu səbəb aradan qalxsa, bir bölgədə başlayan iğtişaş bir gündə taun kimi bütün ölkəni cənginə alar və heç bir hakimiyyət bunun öhdəsindən gələ bilməz. Ismayıllı qiyamı ilə bağlı informasiyaya aktiv çıxışı olmayan çeşidli zümrələri təmsil edən onlarla vətəndaşla söhbət elədim. Ismayıllıda nə baş verdiyini soruşdum. Təsəvvür eləyirsizmi, Ismayıllıda hadisələr müharibə səviyyəsində yatırılandan, daha doğrusu, olayın üstü küllə basdırılandan sonra belə, bəziləri ümumiyyətlə bu haqda heç nə eşitmədiklərini söylədilər. Xəbərsiz olmaq hardasa keçmişdə qalmaq deməkdi. Yəni başqa bölgə camaatı bu hadisədən xəbərsiz olmaqla keçmiş xof məngənəsində qalmış olur. Lakin xəbər tutanlar, məsələn, yaxın bölgələrdən, Qəbələdən, Şəkidən olanlar Ismayıllıya doğru axışır, ismayıllılarla həmrəylik göstərirdilər. Əslində, hər bölgə, hər rayon, hər qəsəbə, hər kənd elə Ismayıllının, Qubanın günündədi. Nə bir artıq, nə bir əskik. Demək ki, birinci növbədə nə şəkildə olur olsun, bu informasiya blokadasını yarmaq lazımdı. Biz ərəb deyilik, biz qana susamış millət deyilik, bizim hər hansı silahlı üsyana meylimiz yoxdu, bizim bir silahımız olmalıdı – informasiya. Hər kəs hər şeyi anında biləndən sonra kimsə bu xalqın qarşısında dayana bilməz.
Prosesi uzadan daha bir əngəlləyici səbəb var. Xalqın iki cəbhədə inamsızlığı. Bəli, xalqın mövcud hakimiyyətə inanmaması, onun yırtıcı və gözüboş mahiyyətini anlaması faktdı. Lakin bu xalq inanmadığı və artıq yaxşı heç nə gözləmədiyi hakimiyyəti dəyişməyə az da olsa çalışırmı? Zənnimcə, yox. Hakimiyyət ona qarşı 100 faizlik inamsızlığı bilir, lakin narahat deyil, çünki xalq kütlələrinin onu dəyişdirmək istəmədiyini də bilir. Bəs xalq niyə dəyişiklik istəmir? Çünki bu xalqın özünə zərrəcə inamı yoxdu. Onun beyninə belə yeridilib ki, sən heç kimsən, heç nəyi dəyişdirmir, həll eləmirsən. Hər şey hakimi-mütləq prezidentin əlindədi. Xalq düşünür ki (mən konkret söhbətlərə əsaslanıram), yeni gələn prezident də ölkəni özü üçün talamağa başlayacaq və yenə də xalqın əlindən heç nə gəlməyəcək. Bax, bu inamsızlığı qırmaq, dəyişmək lazımdı öncə. Yeni prezident gəlib bunları eləyənə qədər. Xalq bilməlidi ki, istənilən prezidentin taleyi onun əlindədi.
Daha bir inamsızlıq müxalifətədi. O müxalifətə ki, həm xalqın o özünəinamını qaytarmalı, həm hakimiyyətə olan inamsızlığını müxalifətə inama çevirməlidi. Əks halda Azərbaycanda mövsümi, ala-tala meşə yanğınlarından başqa heç nə gözləməyə dəyməz. Baharınsa adını tutmaq belə yersiz…