Ştrasserin məğlubiyyəti daha bir dərs oldu. Doğrusu, mənim bu məsələyə münasibətim bir qədər fərqli və mürəkkəbdir. Məsələ bundadır ki, kimin siyasi məhbus olub-olmaması haqda sonsuzluğa qədər mübahisə etmək olar. Amma bu, daha çox kəmiyyət məsələsidir. Keyfiyyətə gəldikdə isə, mən də razıyam ki, bu ölkədə siyasi məhbus var, özü də bir nəfər yox, lap bir neçə nəfər. Ən əsas məsələ isə odur ki, artıq on ili adlamasına baxmayaraq mövzu tükənmir. Hər dəfə obyektiv olaraq bir siyahı çıxır ortaya və hamı da həmin siyahıdakıların sonuncu siyasi məhbus dəstəsi olduğunu düşünərək bütün gücü ilə onların azad olunmasına çalışır.
Amma görək bu, sonuncu siyasi məhbus dəstəsidirmi? Buna böyük şübhəm var, çünki neçə illərdir siyasi məhbus adlanan şəxslər böyük əziyyət sayəsində bir tərəfdən azad edilir, o biri tərəfdən də hakimiyyət heç bir əziyyət çəkmədən azad edilmişlərin yerinə yeni siyasi məhbuslar dəstəsi yaradır, ölkədə siyasi məhbus “istehsalı” davam edir. Düşünürəm ki, Avropa Şurası öz öhdəliklərinin monitorinqinə bir az da diqqətlə yanaşsaydı daha yaxşı olardı. Zaman göstərdi ki, öhdəliklərə nəzarət mexanizmi effektiv olmadı. Biz demokratik siyasi sistemin əvəzinə yaxşıca maskalanmış psevdo-demokratik siyasi sistem aldıq.
Bəli, ölkədə azad seçki keçirilmir, insan haqları pozulur, insanların özünü ifadə hüquqları məhdudlaşdırılır və biz formaca demokratik, məzmunca isə avtoritar, bəlkə də feodal qarışıqlı bir siyasi sistemdə yaşayırıq. Insanlar belə siyasi sintez qarşısında çox vaxt aciz qalırlar, çünki formal olaraq ölkədə bütün azadlıqlar var, amma reallıqda isə onlar yoxdur. Bunu necə ifşa etməli? Bu sistemin mahiyyətini necə açıb göstərməli? Açığı belə cəhdlər zamanı bəzən bizə qərəzli subyektlər kimi də baxırlar, guya ki, biz hansısa subyektiv siyasi maraqların prizmasından çıxış edirik. Hətta bunu da qeyri-adi bir hal kimi qəbul etmirik.
Ölkədə həqiqətən də adamı çaşdırmaq gücündə olan çox ciddi siyasi nüanslar var. Dünənə qədər prinsipial hüquq müdafiəçisi rolunu ifa edən şəxs bu gün heç bir tərəddüd yaşamadan, öz əvvəlki fəaliyyətinin məsuliyyətini hiss etmədən hakimiyyət üçün işləyir. Dünənə qədər özünü də siyasi məhbus hesab edən və vur-tut bir-iki il öncə məhbəs həyatının məşəqqətlərindən bəhs edən şəxs bu gün dolayı yolla siyasi məhbus probleminə qarşı çıxır. Biz faktiki olaraq hakimiyyət üçün siyasi aktyorlar yetişdiririk. Ona görə də adam kiməsə siyasi dəstək verməyə ehtiyat edir, çünki fikirləşirsən ki, sabah həmin bu adam hakimiyyət üçün işləyməyə başlayacaq. Belə hallar bəzən özümüzü çaşdırır, ondan qala əcnəbilər ola. Özü də belə təcrübə son vaxtlar total xarakter almağa başlayıb, nümunə bir deyil, iki deyil, çoxdur. Çox adamın ağır mübarizə yolunu axıra qədər keçməyə nəfəsi çatmır. Həm də şirnikləndirici məqamlar çoxdur, nəzərə almaq lazımdır ki, hakimiyyət üçün azacıq səxavətli olmaq elə də problem deyil və yaxşı ifaya görə çox yaxşı da mükafat nəzərdə tutulur. Ona görə də ölkə getdikcə eybəcər bir məzmun kəsb etməyə başlayır. Belə şəraitdə siyasi məhbus olmaq deyil, əksinə olmamaq təəccüblü görünür.
Bir detal da var. Onu burada qeyd etməyə dəyər. Bəzən bir çox adama elə gəlir ki, siyasi məhbus olmaq üçün mütləq əsas və tanınan partiyaların sırasında olmalısan. Amma belə deyil. Siyasi mübarizə heç vaxt əsas partiyaların sərhədləri ilə məhdudlaşmayıb, hər adam öz müstəvisində mübarizə aparır. Məsələn, öz hüquqları uğrunda mübarizə aparan dindarlar olub və indi də var. Nə edək? Onları siyasi məhbus saymayaqmı? Ikinci ciddi məqam isə budur ki, bir çox hallarda insan haqlarının müdafiəsini şəxsi simpatiya kimi qəbul edirlər. Amma belə deyil, bu, çox primitiv yanaşmadır. Bir az əvvəl indi hakimiyyət üçün tər tökən keçmiş qəhrəmanlardan danışdım. Onların bəzisini vaxtilə mən də müdafiə etmişəm.
Təbii ki, bu adamların indiki fəaliyyətinə baxanda bir peşimançılıq hissi yaşayıram. Amma özümə onunla təskinlik verirəm ki, mən indi siyasi rol ifa edən şəxsi yox, siyasi məhbusu müdafiyə etmişəm, onunla hüquq müstəvisində davranmağa çağırmışam…
Kiçik sözardı
Bəzən deyirlər ki, filankəs nə tez “sındı”? Amma mən buna da bir qədər fərqli baxıram. Bəziləri elə əvvəldən “sınıq” idilər. Bəs onda niyə onları müdafiə etmişik? Bəzən belə təəssürat yaranır ki, guya biz mələkləri müdafiə etmişik və bizim müdafiə etdiklərimizin hamısı bir mələk olub, təkcə qanadları olmayıb. Amma belə deyil. Biz sadəcə insan haqlarını müdafiə edirik, bu haqlardan isə heç kim məhrum edilməyib və onların selektiv tətbiqi haqda bu vaxta qədər heç bir sənəddə xüsusi göstəriş və ya qeyd olmayıb…