AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun baş nazirin ofisinə istinadla yazır ki, Nikol Paşinyan bugün, martın 18-də Tavuş vilayətindəki Voskepar, Bağanis və qonşu kəndlərin sakinləri ilə görüşür.
Ötən həftə keçirdiyi mətbuat konfransında baş nazir Tavuşa səfər edəcəyini və yerli sakinlərlə görüşəcəyini vəd etmişdi.
Elə həmin gün rəsmi Yerevan Azərbaycanla sərhədin qismən delimitasiyasına hazır olduğunu bildirmişdi. Rəsmi məlumatda delimitasiya prosesinin Tavuş rayonundan başlanacağı da istisna olunmurdu.
Rəsmi Bakı Ermənistan silahlı qüvvələrinin nəzarətində olan 4 kəndin qaytarılmasını tələb edib. Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Ermənistanın Tavuş rayonu ilə həmsərhəddir və bilavasitə Azərbaycan ərazisində yerləşir.
Paşinyan bunu da bildirmişdi ki, bu kəndlər de jure Ermənistan ərazisi deyil.
Paşinyan artıq tapşırıq verdiyini deyib
Sözü gedən dörd kənd və Ermənistanın ərazisində anklav şəklində yerləşən Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləri ilə birlikdə 1990-cı illərdə Ermənistan tərəfindən işğal olunub.
Amma Ermənistan bunu da bildirir ki, Azərbaycanın tələb etdiyi kəndlər olan ərazidən Ermənistan-Gürcüstan dövlətlərarası magistralı keçir və qaz kəməri Ermənistana məhz buradan daxil olur.
Mətbuat konfransında bu məsələyə toxunan baş nazir demişdi ki, məhz buna görə indi həmin infrastruktur elementləri – yol və qaz kəməri yenidən qurulmalıdır:
“Mən artıq bu barədə tapşırıq vermişəm və həmin bölgədəki kəndlərimiz sakinlərinə nə düşündüyümü, niyə düşündüyümü izah etmişəm. Yaxın gələcəkdə biz hərəkətə gəlməli və elə etməliyik ki, sərhədlərimizdən kənarda olan kommunikasiyalar yenidən qurularaq Ermənistanın öz ərazisinə düşsün”.
Azadlıq radiosu