Ermənistan və Azərbaycan arasında münasibətlərin “çox güman ki, bu il də gərgin qalacaq”, – ABŞ-ın kəşfiyyat cameəsi proqnozlaşdırır, Turan-ın Vaşinqton müxbiri bildirib.
Lakin Azərbaycanın Dağlıq Qarabağı qaytarması “qeyri-sabitliyi azaldıb və hərbi qarşıdurma çox güman ki, məhdud olacaq”. Bu barədə ABŞ kəşfiyyat cameəsinin dünya təhdidlərinin illik qiymətləndirməsində deyilir. Sənəd bazar ertəsi Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Təhqiqat Bürosu, Hərbi Kəşfiyyat Agentliyi və ABŞ Milli Təhlükəsizlik Agentliyinin rəhbərləri tərəfindən Konqresə təqdim olunub.
“Sülh müqaviləsinin olmaması, iki ordunun yaxın dislokasiyası, atəşkəs mexanizminin olmaması və Azərbaycanın Ermənistanla danışıqlarda öz məqsədlərinə nail olmaq üçün hərbi təzyiqdən istifadə etməyə hazır olması ilə əlaqədar gərginlik qalır. Qarabağın nəzarətə götürülməsi və Azərbaycanın Naxçıvana quru dəhlizə çıxış tələbi silahlı qarşıdurma riskini artırır”, – hesabatda deyilir.
Konqresmenlər kəşfiyyat rəhbərlərinə Rusiya, Çin tərəfindən təhdid, Qəzza zolağı və Ukraynada münaqişələr, həmçinin süni intellektin 2024-cü il ABŞ seçkilərinə necə təsir göstərə biləcəyi barədə suallar veriblər.
Mərkəzi Kəşfiyyat İdarəsinin durektoru, bu yaxınlarda Ukraynaya səfərdən qayıdan Bill Berns bildirib ki, ABŞ-ın dəstəyi Ukraynanın strateji uğurunun möhkəmləndirilməsi üçün “real imkan” yaradır.
Turan