İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, 4 aydan çoxdur həbsdə olan Afiyəddin Məmmədovun məhkəməsi başlanıb.
İctimai fəal deyir ki, məhkəmə önünə çıxarkən, pencək geyinmək istəsə də, buna imkan verilməyib. Onun sözlərinə görə, Penitensiar Xidmətin əməkdaşları buna hakimin icazə vermədiyini söyləyiblər.
A.Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İctimai fəala Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham verilib.
Yanvarın 23-də məhkəmənin hazırlıq iclasında A.Məmmədov deyib ki, nə kimisə bıçaqlayıb, nə də xuliqanlıq edib. İctimai fəaliyyətinə görə şərlənib həbs olunduğunu vurğulayan A.Məmmədov məhkəmə prosesini izləməyə gələn jurnalistlər və digər şəxslərin buraxılmamasına da etirazını dilə gətirib. Onun etirazından sonra media və ictimaiyyət nümayəndələri məhkəmə zalına buraxılıb.
A.Məmmədovun vəkili Zibeydə Sadıqova müvəkkilinin əllərinin arxadan qandallanmasına etiraz edib. Təqsirləndirilən şəxsə belə davranışın yolverilməz olduğunu deyən vəkil buna yol verənlərin cəzalandırılmasını istəyib.
Vəkilin daha bir vəsatəti A.Məmmədovun ev dustaqlığına buraxılması haqda olub. Müdafiəçinin sözlərinə görə, istintaq dövründə onu ev dustaqlığına buraxmaqdan imtina edən məhkəmələr belə əsaslandırırdı ki, azadlıqda qalsa, istintaqın gedişini əngəlləyə bilər.
“Artıq istintaq yekunlaşıb, göstərilən əsaslar aradan qalxıb. Yaşayış yeri məlumdur. Məhkəmədən yayınmaq niyyəti yoxdur. Xahiş edirik, Afiyəddin Məmmədov ev dustaqlığına buraxılsın”, – müdafiəçi vəsatətini belə əsaslandırıb.
Hakimlər bu vəsatəti təmin etməyiblər.
Jurnalistlərin məhkəmədə videoçəkiliş aparmasına dair A.Məmmədovla vəkilinin daha bir istəyinə də məhkəmə “yox” deyib.
A.Məmmədovun əllərinin arxadan qandallanması, onun məhkəməyə pencəklə gəlməsinə icazə verilməməsi barədə vəsatətlərsə baxılmamış saxlanılıb.
Azadlıq radiosu