Azərbaycan
Dövlət İqtisad Universiteti (UNEC) bakalavr tələbə sayına görə ölkədə ən böyük üçüncü universitetdir. Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlərə görə, 2022-2023-cü təhsil ilində UNEC-də 13 min 611 bakalavr tələbəsi təhsil alıb. Lakin yeni məzun olan gənclərin iş tapmaqla bağlı çətinlikləri tez-tez qeyd olunur. Bəs rəsmi rəqəmlər yeni məzunların işlə təminatı ilə bağlı nə göstərir?
Dövlət Məşğulluq Agentliyinin hazırladığı “Məzunların məşğulluq reytinqi” platformasında ölkənin 11 universitetindən məzun olan şəxslərin məzun olduqdan sonra rəsmi əmək müqaviləsi ilə işə qəbul olmaları ilə bağlı rəqəmlər yer alır. 2018-2021-ci illərdə həmin 11 universitetdən məzun olmuş və məlumatları sistemlə daxil edilmiş 45 min 649 nəfərin 56.8 faizinin rəsmi əmək müqaviləsi mövcuddur. Hesablama şəxslərin məzun olduqdan sonra iki il ərzində əmək müqaviləsi bağlayıb-bağlamadığı əsasında aparılıb.
İqtisad Universitetində tədris edilən ixtisaslar iqtisadiyyatın müxtəlif sahələri ilə birbaşa bağlı olduğundan, bu universitetin göstəriciləri müəyyən mənada ölkə iqtisadiyyatı və əmək bazarı haqqında da təsəvvürlər yaradır. Rəqəmlərə baxarkən nəzərə almaq lazımdır ki, əmək müqaviləsi olmayanların heç də hamısı işsiz deyil və onlar arasında qeyri-rəsmi çalışanlar, eləcə də sahibkarlıq fəaliyyətli ilə məşğul olanlar və ya ölkə xaricində olanlar ola bilər. Lakin, açıqlanan rəqəmlər hansı ixtisaslardan məzun olanların rəsmi əmək müqaviləsi ilə iş tapmaq imkanının nisbətən daha çox olduğunu göstərir.
Cədvəl 1: 2018-2021-ci illərdə UNEC-dən məzun olanlar arasında rəsmi əmək müqaviləsi ilə çalışanların sayı
2018 | 2019 | 2020 | 2021 | |
Məzun sayı | 2 737 | 2 716 | 2 960 | 2 993 |
İşlə təmin olunanların sayı | 1 587 | 1 612 | 1 841 | 1 986 |
İşlə təmin olunma faizi | 58% | 59.4% | 62.2% | 66.4% |
Cədvəl 1-dən göründüyü kimi, 2018-2021-ci illərdə UNEC-dən məzun olanların cəmi 61.5 faizinin əmək müqaviləsi mövcuddur. Son 4 il ərzində işlə təmin olunanların xüsusi çəkisində nisbi artım müşahidə edilir. Bu müddət ərzində işə qəbul olan 7026 nəfər ümumilikdə 3242 işəgötürən tərəfindən işə qəbul edilib. Məzun olduqdan sonra rəsmi əmək müqaviləsi ilə işləməyə başlayanların 87 faizi özəl sektorda, 13 faizi dövlət sektorunda çalışmaqdadır. 2018-2021-ci illərdə UNEC-dən məzun olan kişilər arasında işlə təmin olunma göstəricisi 59.6 faizə, qadınlar arasında isə 64.7 faizə bərabər olub.
Cədvəl 2: Məzun sayına görə UNEC-dəki Top-10 ixtisas üzrə işlə təmin olunma göstəricisi
İxtisas | İşlə təmin olunan məzunların xüsusi çəkisi |
Kommersiya | 67.8% |
Sənayenin təşkili və idarə olunması | 67.1% |
Mühasibat uçotu və audit | 65.3% |
Menecment | 63.0% |
İstehlak mallarının ekspertizası və marketinqi | 62.8% |
Maliyyə | 61.3% |
Qida məhsulları mühəndisliyi | 61.0% |
İqtisadiyyat | 59.7% |
Biznesin idarə edilməsi | 58.6% |
Dünya İqtisadiyyatı | 57.8% |
Rəqəmlərdən görünür ki, məzun sayına görə TOP-10 ixtisas arasında 2018-2021-ci illərdə ən çox kommersiya ixtisasına yiyələnənlər əmək müqaviləsi ilə işə qəbul olub. Ən aşağı göstərici Dünya iqtisadiyyatı ixtisası üzrə qeydə alınıb.
Cədvəl 3: UNEC məzunlarını ən çox işə qəbul edən işəgötürənlər:
İşəgötürən | İşçi sayı (nəfər) |
Kapital Bank | 232 |
Unibank | 136 |
Araz Supermarket | 103 |
Azərbaycan Beynəlxalq Bankı | 101 |
ABC-Telekom (Kontakt Home) | 79 |
Express Bank | 66 |
Yelo Bank | 65 |
Dost İş Mərkəzi | 58 |
Accessbank | 58 |
Bravo Market | 58 |
Cədvəl 3-dən göründüyü kimi, 2018-2021-ci illərdə UNEC-dən məzunları ən çox işə götürən ilk 10 şirkətin (qurumun) altısı banklardır. Ancaq, ilk onluqda 2 ərzaq və 1 elektronika mağazasının olması xüsusi diqqət çəkir. Bu şirkətlərin işəgötürənlər arasında ön sıralarda olması o deməkdir ki, məzunların heç də hamısı yüksək ixtisaslaşma tələb edən işlərdə çalışmır və ölkədə ali təhsilli satıcıların sayı kifayət qədər çoxdur. Bankların siyahıda çox yer tutması isə ölkədə maliyyə sektorundan kənar böyük şirkətlərin sayının məhdudluğunun göstəricisi hesab edilə bilər.
Cədvəl 4: 2018-2021-ci illərdə məzun olub əmək müqaviləsi ilə iş tapan UNEC məzunlarının əmək haqqı bölgüsü:
Kişi | Qadın | |
500 manatadək | 81.1% | 81.4% |
500-950 manat | 15.6% | 15.1% |
951-1550 manat | 2.3% | 2.7% |
1550 manatdan çox | 1.0% | 0.8% |
Açıqlanan rəqəmlərdən aydın olur ki, iş tapan məzunların böyük hissəsi minimum əmək haqqı səviyyəsində gəlir əldə edir. Əmək müqaviləsi ilə çalışan UNEC məzunlarının 81 faizinin rəsmi əmək haqqısı 500 manatadəkdir. Rəsmi iş tapan 7026 nəfər məzundan cəmi 54 nəfərin rəsmi gross əmək haqqısı 1550 manatdan çoxdur. Bu göstərici həm də ölkədə yüksək gəlir imkanı olan iş yerlərinin sayının məhdudluğunun göstəricisidir.
agora-az.org