Sumqayıtın icra başçısı YAP-çının obyektini ələ keçirmək istəyir
Tunis və Misirdə baş verən inqilabi proseslərdən sonra Azərbaycan hakimiyyəti korrupsiya, məmur özbaşınalığı, dövlət qurumlarında vətəndaşlarının hüquqlarının kobud surətdə pozulmasına qarşı “mübarizəyə” start verib. “Mübarizə” sözünü ona görə dırnaq arasında yazırıq ki, antikorrupsiya tədbirləri sadəcə Tunis və Misirdəki hadisələrdən doğan narahatçılığın təzahürüdür və müvəqqəti xarakter daşıyır. Hakimiyyət düşünür ki, indiki həssas dönəmdə xalqın səbr kasasının daşıra biləcək addımların qarşısını almaqla Tunis və Misir hadisələrinin Azərbaycanda təkrarlanmasının qarşısını almaq mümkündür.
Qısası, Ilham Əliyev korrupsiya, məmur özbaşınalığı və bu kimi digər problemlərin aradan qaldırılmasında səmimi deyil.
Əgər səmimidirsə, onda daha bir faktı dövlət başçısının diqqətinə çatdırırıq. Baxmayaraq ki, bundan əvvəl diqqətə çatdırdığımız faktlar hələ də araşdırılmayıb.
Növbəti fakt Sumqayıtın icra başçısı Vaqif Əliyevin qanunsuz əməlləri ilə bağlıdır. Vaqif Əliyev Heydər Əliyevin 2003-cü il aprelin-3-də keçirdiyi məşhur “Sumqayıt müşavirəsi”ndən sonra “taxt”a çıxıb. Beləliklə də Vaqif Əliyev 8 ildir ki, Sumqayıtın icra başçısı vəzifəsində çalışır. Sumqayıtlılar Vaqif Əliyevin icra başçısı olduğu müddətdə şəhərin inkişafı üçün bircə işini belə xatırlamırlar. Hər kəs onun Sumqayıtda hansı ərazini neçəyə satmasından danışır. Fəaliyyəti yalnız şəhərdə gözünə dəyən yerləri satmaqdan ibarət olan Vaqif Əliyevə buna görə “Metrə Vaqif” deyilir. O, həm də Nəsimi parkında ağacların məhv edilərək yerində tikilən “Park” restoranının sahibi kimi tanınır.
Vaqif Əliyev YAP-çıya qarşı
Icra başçısı artıq bütün yerləri satdıqdan sonra xırda sahibkarların obyektlərinə göz dikib. Bir neçə sahibkarın mağazası müxtəlif bəhanələrlə sökülərək başqasına satılıb. Indi də icra başçısı YAP üzvü Anar Ismayılovun obyektini sökdürmək istəyir. Anar Ismayılov “Azadlıq”a bildirib ki, kafe kimi fəaliyyət göstərən obyektinin bütün sənədləri qaydasındadır. Lakin icra başçısı yaxınlıqda idman kompleksinin restavrasiyasını bəhanə edərək obyekti sökməyə çalışır: “Halbuki mənim obyektim həmin idman kompleksinin restavrasiyasına heç bir maneə yaratmır. Zatən, restavrasiya işləri artıq bitib. Idman kompleksi təhvil verilmək üzrədir. Lakin mənə bəlli olmayan səbəblərdən Sumqayıt şəhər Icra Hakimiyyəti obyekti sökməyə çalışır”.
Kafenin yerinə boş torpaq
Anar Ismayılov deyir ki, Sumqayıt Şəhər Icra Hakimiyyəti obyektin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırıb. Məhkəmə iddianı təmin edib: “Lakin buna baxmayaraq obyekti hələ sökməyiblər. Çünki mənim sənədlərim qaydasındadır. Məhkəmənin çıxardığı qərar qanunsuzdur. Həmçinin mən müxtəlif dövlət qurumlarına, o cümlədən Prezident Administrasiyasına çoxsaylı şikayətlər yazdığım üçün bir müddət bu məsələ səngidi. Amma indi yenidən mənə qarşı hücuma keçiblər. Bildirirlər ki, obyektin sökülməsilə razılaşmasam, məni şərləyərək həbs etdirəcəklər. Lakin mən bütün təzyiqlərə baxmayaraq geri çəkilmirəm”.
Anar Ismayılovun sözlərinə görə, icra hakimiyyəti onun geri çəkilmədiyini görüb, obyektin köçürülməsi təklifi ilə çıxış edib: “Icra başçısının müavini Akif Zeynalov məni yanına çağıraraq dedi ki, Vaqif Əliyev sənə 30 kvadrat metrlik yer ayıracaq. Lakin mən razılıq vermədim. Çünki mən hazırkı obyekti işlək vəziyyətə gətirmək üçün külli miqdarda vəsait xərcləmişəm. Indi bunun əvəzində mənə boş torpaq verirlər. Mən də bu boş torpaqda obyekt tikməliyəm. Məndə bu qədər vəsait haradadır ki?”
Məhkəmə icraçısı YAP-çının üstünə qoşun gətirir
Şikayətçinin sözlərinə görə, Akif Zeynalovun təklifini qəbul etmədiyinə görə, yenidən ona qarşı təzyiqlərə başlanılıb: “Təsəvvür edin, Elşən adlı məhkəmə icraçısı mənə deyir ki, əgər Akif Zeynalovun təklifilə razılaşmasan üstünə qoşun gətirəcəm, obyektini darmadağın edəcəm. Bir tərəfdən dövlət başçısı Ilham Əliyev sahibkarlara qarşı yaradılan problemləri tənqid edir, bəyanat verir ki, dövlət qurumları sahibkarları incitməsin.
Digər tərəfdən Vaqif Əliyev, Akif Zeynalov sənədlərim qaydasında ola-ola mənim obyektimi sökmək istəyir və Elşən kimi məhkəmə icraçısı yox, ”reket”lərlə mənə hədə-qorxu gəlir. Görün, bu adamlar nəyə əl atıblar?! Mənə deyirlər ki, obyektin sənədləri saxtadır. Əgər saxtadırsa, bəs obyekt bu neçə ili necə fəaliyyət göstərib?! Mən vergi ödəmişəm, sosial sığortam var və s. Dəfələrlə obyektdə yoxlamalar aparılıb. Bəs onda niyə sənədlərin saxta olduğu üzə çıxmayıb? Sadəcə bu adamlar bütün vasitələri işə salaraq obyekti əlimdən almaq istəyirlər.
Mən qəzetiniz vasitəsilə dövlət başçısı Ilham Əliyevə, daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edirəm. Qoy, onlar bu məsələni ciddi nəzarətə götürsünlər”.
Anar Ismayılov obyektinin sənədlərini də redaksiyamıza təqdim edib. Şikayətçi bildirib ki, ona qarşı qanunsuzluğa son qoyulmasa, intihar etməkdən başqa çarəsi qalmayacaq.
Azad