Nemət Əliyev: «Hakimiyyətdə siyasi iradə varsa, həmin texniki sənədin qəbulu an məsələsidir»
Azərbaycanda məmurların gəlir bəyannamələrinin təqdim edilməsi ilə bağlı layihə hazırlanıb və Nazirlər Kaibnetinə təqdim edilib. “Trend”in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov çərşənbə günü 2012-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. Hüseynov bildirib ki, Azərbaycanda dövlət məmurlarının gəlir bəyannamələri vermələri ilə bağlı məsələlər müzakirədədir və kifayət qədər təkmil mexanizm hazırlanacaq.
Onun sözlərinə görə, lakin bu mexanizmin tam işə düşməsində ləngimə var. Bunun üçün Bəyannamə forması qəbul olunmalıdır. Lakin hələlik bu forma qəbul olunmayıb. Bu səbəbdən bu işin ləngliyi forma ilə bağlı həssas məqamlarla əlaqəlidir. Həmin məqamlar hansı məlumatların ora salınıb-salınmamasıyla bağlıdır.
Əslində məmurların gəlir bəyannamələri ilə bağlı qanunun qəbulu barədə məsələ uzun müddətdir ki, gündəmdə olsa da hakimiyyətdən bu istiqamətdə əməli addım atılmır. Son açıqlamadan isə belə məlum olur ki, qanunun qəbulu hələ bir müddət bəyannamə formasının qəbul olunmasına qədər yubanacaq. Digər tərəfdən, bu qanunda maraqlı olan məqamlar Azərbaycan reallığının orada nə dərəcədə əks olunmasıdır. Belə ki, məmur ona məxsus mülkiyyəti əgər yaxın qohumunun və adamlarının adına rəsmiləşdirəcəksə, belə hallarda qanunvericilikdə hansı təftiş halları olacaq. Bu istiqamətdə beynəlxalq təcrübə nədər ibarətdir?
AXCP Iqtisadiyyat Komissiyasının sədri Nemət Əliyev bildirdi ki, normal inkişaf etmiş ölkələrdə belə bir qanun mövcuddur. Yüksək vəzifəli şəxslərin gəlirləri barədə ictimaiyyəti vaxtaşırı olaraq məlumatlandırdığını deyən N.Əliyev bildirdi ki, Azərbaycanda rüşvət və korrupsiyanın səviyyəsi çox yüksək həddə çatıb: “Azərbaycanda rüşvət və korrupsiya ilə məşğul olanların kimliyi məlumdur. Bunlar yüksək çinli dövlət məmurlarıdır. Onlar dövlətin verdiyi səlahiyyətlərdən şəxsi məqsədləri naminə istifadə edirlər. Azərbaycan cəmiyyəti bu ünvanı dəqiq göstərir. Amma bu addamlar rüşvətxorluqla məşğul olmadıqlarını iddia edirlər. Bu suala cavab tapmağın bircə yolu var. Bu da məmurların öz gəlirləri haqqında məlumat verməsidir. Bu qanunun hələ də qəbul olunmaması cəmiyyəti əla salmaqdır. Əgər Azərbaycan hakimiyyətində siyasi iradə varsa, həmin texniki sənədin qəbulu an məsələsidir. Azərbaycanda siyasi iradə ona köklənib ki, dövlət məmurları gəlirləri haqqında məlumat verməsinlər. Hətta ola bilər ki, qanun qəbul olunsun. Amma həmin qanunun işlək olacağı sual altındadır”.
N.Əliyev vurğuladı ki, qanunu qəbul etmək işin bir tərəfi, onu icra etmək tamam başqa və daha ağır tərəfidir. N.Əliyevin sözlərinə görə, yəni qanunun qəbulu hüquq müstəvisindəki boşluğu aradan qaldıracaq: “Şəxsən mən hətta bu qanun qəbul olunsa belə onun işləyəcəyinə inanmıram. Çünki bizim kağızda gözəl qanunlarımız var. Amma həmin qanunlar bu gün işlək vəziyyətdə deyil. Qanunlardakı bu nihilizm bütün sferalara sirayət edir və cəmiyyətdə xoşagəlməz halların yaranmasına səbəb olur. Beynəlxalq praktikada məmurların gəlirlərini gizlətməsini demokratiya, aşkarlıqla alırlar. Yəni bu qanunun reallaşdırılması köklü dəyişikliklər tələb edir. Azərbaycanda korrupsiyaya qarşı real mübarizə aparılmayacaqsa, seçkilərin nəticələri saxtalaşdırılacaqsa, insan haqlarına hörmət olunmayacaq, inhisarçılıq çiçəklənəcəksə, o zaman biz deklorativ xarakterli qəbul olunacaq bir qanunun işləyəcəyinə ümid bəsləməməliyik”.
Xəyal