«Elşad Abdullayevin videoları virtual aləmi Azadlıq meydanına çevirib»
Zahid Oruc: «Əlinə daş götürən insanlar əslində Kəbirəni yox, iqtisadi strukturları məzəmmət etməlidirlər»
Milli Məclisin üzvü Zahid Orucun bu günlərdə Ramiz Mehdiyevə qarşı hücumlara münasibət bildirməsi və PA rəhbərinin qisasının ağır olacağını deməsi son günləri diqqət çəkən məsələlərindən biridir. Deputat bunu deyərkən nəyi nəzərdə tutub? Bu və gündəmin digər aktual mövzularıilə bağlı Z.Orucla söhbət etdik.
– Ramiz Mehdiyevə hücumlarla bağlı mövqeyiniz, yəni onun qisasının çox ağır olacaq deməyiniz çox ciddi müzakirələrə səbəb oldu. Bəziləri bunu Ramiz Mehdiyevin rəqiblərinə mesajı kimi qiymətləndirdi. Belə bir kəskin bəyanat ortalığa qoymağa nə zərurət var idi?
– Həmin açıqlama mahiyyətcə bir şəxsiyyətin müdafiəsi və qisası kimi şərh oluna bilməzdi və təəssüf ki, çoxları özlərinə lazım olan nəticəni çıxardılar. Hər bir fikir üzərində analizdən çıxış etsək, onda görəcəyik ki, dediyiniz ifadə mətndə yox idi. Bütövlükdə götürəndə hazırki dönəmdə bu kampaniyanı aparan dairələrin mübarizəsinin sonundan bəhs etmişdim. Yekunun amansız olacağından, o qüvvələrin ziyanına tamamlanacağından danışmışdım. Həmin şəxslərin, onların üzərində hakimiyyəti zəiflətmək ssenarisini quranların məğlub olacağını vurğulamışdım. Bu fərdi bir şəxsə qarşı kampaniya deyil ki, məhz Ramiz Mehdiyev tərəfindən cavab zərbəsinin amansızlığından danışım. Bu mənada fikirlərin çox kiçik çərçivəyə salınmasını yanlış hesab edirəm. Ümumiyyətlə, Ramiz Mehdiyev siyasi naturası, dövlətçilik baxışı etibarı ilə elə bir simadır ki, onun rəhbərlik etdiyi məqama uyğun dövlətin mühüm resurslarını-parlamentdən, siyasi aləmdən, partiyalar sistemindən kimlərisə bu prosesə qatmaq və müdafiəsini təşkil etmək imkanına malikdir. Halbuki Ramiz Mehdiyevin əleyhinə kampaniyalar heç vaxt zəif intensivlikdə olmayıb. Burada səbəb Administrasiya rəhbərinin kiminsə maraqlarını təhdid etməsi deyil, yerinə yetirdiyi missiyası ilə bağlıdır. Bir çoxları nəzərə alır ki, idarəçilikdə mühüm qərarlara çıxışı olan, təşkil, siyasi intuisiya və soyuqqanlılıq keyfiyyətlərinə görə seçilən ağır çəkili bir dövlət adamını hakimiyyətdən getməsi iqtidarın müvazinətinə və dayanaqlığına təsir edə bilər, onun qoruyucu zirehini üzərindən götürər. Bu isə Azərbaycan uğrunda savaşanların niyyətlərinə çatmasında əlverişli üstünlük sayılmalıdır. Belə səbəblərə görə Ramiz Mehdiyevlə bağlı olmayan məsələləri də onun əleyhinə yönləndirərək bütün dövrlərdə kompromat müharibəsi, piar kampaniyası, siyasi ittihamlarla linç etməyə çalışmaların şahidi olmuşuq. Lakin bu onun daxili sistemini və iş ritmini heç zaman poza bilməyib. Məhz ona görə indiki hadisələri və onun virtual mediada stimullaşdırmasını dövlət əleyhinə proses saydığımdan kimsə tərəfinfən müvəkkil edilmədən, fərdi təhlillərimi cəmiyyətlə bölüşdüm. Mənii tanıyanlar bilir ki, konkret hansısa şəxsə yönəlik deyil, ölkəmiz üçün önəmli saydığım milli maraqlarla bağlı fəaliyyət göstərmişəm.
Burada yer alan ayrı-ayrı dairələr bir oyunun-hakimiyyət dəyişikliyinə nail olmaq istəyən qüvvələrin həlqələridir. Ona görə dedim ki, bunların deşifrə olunmağı gözlənilir.
“İkili oyulara əl atan qüvvələri nəzərdə tutmuşdum”
– Demisiz ki, indi baş verənlər 2005-ci il hadisələrinin dumanını xatırladır. O zaman baş verənlər hakimiyyətdən qaynaqlanırdı. Indi də buna işarə vurursunuz?
– Bilavasitə nazir ranqında şəxsləri nəzərdə tutmamışdım. Əgər “2005 ifadəsi” siyasi dairələrdə, mediada o dövr nazirlərin itaətsizlik aksiyaları, Fərhad Əliyevin timsalında narıncı dalğa ilə sinxronlaşdırılan prezidentlik uğrunda mübarizə ilə assosiasiya olunubsa, onda əlavə versiyalara yem verməmək üçün deyim ki, həmin dumandan danışarkən kiminsə ranqını, vəzifəsini dəqiqləşdirmədən iqtidar əleyhinə son dərəcə əks siyasi və iqtisadi dairələrin bir araya gətirilməsini və bu fonda xeyli ikili oyulara əl atan qüvvələri nəzərdə tutmuşdum. Onların revanş niyyəti başqa protest kütləsinin məqsədləri elə çulğalaşdırılıb ki, indi belələrinin dəqiq siyasi rəngini, ideologiyasını və yaxın olmaq istədikləri ölkələrin maraqlarını təyin etmək xeyli çətinləşib.
Kəşfiyyat məlumatları məndə olsaydı, adlarını çəkməkdən də çəkinməzdim. Ancaq ayrı-ayrı şəxslərin intiqam hissi, yaxud iqtisadi-siyasi mənfəətlərinə qarantiya almaq kimi mübarizələri də inkar edilə bilməz. Bunlar xüsusilə də virtual məkanda təşkilatlandırılır və konkret hədəflərə istiqamətləndirilir.
Belə fəlsəfəyə sahibdirlər ki, ayrı-ayrı şəxslərin istefaûsına nail ola bilsələr, bu həmin qüvvələrin iradəsinin tanıması demək olacaq, hakimiyyət onlarla hesablaşacaq, çevrələrindəki elektoral baza da bundan cəsarətlənəcək və daha yeni qələbələr uğrunda əminlik yaranacaq.
“Zirehin dağıdılması mübarizəni asanlaşdıracaq”
– Sizdən fərqli olaraq Fəzail Ağamalı baş verənlərə Ramiz Mehdiyevin özünün aydınlıq gətirməli olduğu deyib. Siz necə hesab edirsiniz?
– Buna müxtəlif yanaşma ola bilər. Bir sıra hallarda informasiya məkanında törənən bu qəzalar elə situasiya yaradır ki, bəzən mübarizənin şəxs əleyhinə olduğunu zənn edirsən. Elşad Abdullayev Ramiz Mehdiyevi, hüquq-mühafizə orqanlarını, hökumətin digər simalarını hədəfə çevirir. Bu halda keçmişdə dövlətin qoruyuculuğunda kifayət qədər rolu olan, əsas zirehi təşkil edənlərin üzərinə yerimək üçün ikinci cəbhə açılıb. Burda Ramiz Mehdiyevin, Ramil Usubovun adlarını qeyd etmək olar. Çünki onlar bütün fövqəladə vəziyyətlərdə birmənalı mövqe tutublar. Rəqiblər hesablayır ki, birinci bu zirehin dağıdılması növbəti hədəflərlə mübarizəni asanlaşdıracaq. Prosesin belə cərəyan etməsinə seyrçi qalmaq olmazdı və daşıdığımız əqidə fəal və dəqiq vətəndaşlıq mövqeyi tələb edir. Lakin başqa rəylərin də yaşamağa haqqı var. Bu propaqanda dövlətin mənafelərinin qəsdinədir. Ola bilsin bunu Elşad Abdullayev və onun üstündə əllərini qızdıranlar sona qədər dərk etməsin. Iddia etmirəm ki, bu Rusiyanın layihəsidir, Fransanın 2013-cü il planıdır, yaxud Azərbaycanda tapılmış yeni qaz yataqlarını ələ keçirmək istəyən Qərb dairələrinin, yaxud BP-nin seçki sənədidir. Hər halda dövlətin resursları kifayət qədər böyükdür. Ölkə əleyhinə iqtisadi, siyasi diversiya təşkil edənlərin, başqa mübarizəni aparanların şəxsi kimliklərin müəyyənləşdirməyə və dövlətin mötəbər şəxslərə məlumatları təqdim etmək imkanları var. Əslində bunlar dövlətin birinci simasına da bəllidir. O baş verən proselərdən məlumatlıdır.
“Yekun amansız olacaq”
– Elşad Abdullayevin sözlərindən məlum olur ki, o mandat alveri ilə bağlı hələ iyun ayında prokurorluğa, daha sonra Fuad Ələsgərova müraciət edib. Məsələ diqqətə alınmadığından onu ictimailəşdirib. Bu hərəkətsizliyi necə izah edə bilərsiz?
– Həqiqətən də düşünmək olar ki, bu kimə sərf edib. Bu həlqəni təyin etmək indi çox çətindir. Lakin hakimiyyət çevrələrinə bəllidir ki, bu məsələdə hansı nöqtələrdə tədbirsizlik, cəza sisteminin işləməməsi, hüququn və qanunun aililiyindən çıxış olunmaması başqa hansı belə fəsadlar törədib. Amma Elşad Abdullayevi də mələyə çevirənlərə adamın acımağı gəlir. Axı dünənə qədər minlərlə vətəndaşın haqqının pozulduğunu və burda da dövlətin məsuliyyət daşıdığını bəyan edənlər situasiya dəyişəndə, bu şəxs hakimiyətin düşməninə çevriləndə ondan yararlanmaq fəlsəfəsi ilə hərəkət edirlər.
Elşad Abdullayevin iddiaları cavablandırılmayıb, hardasa yanlışlıqlara yol verilib. Ancaq onun kütləvi cinayətlərini sonradan bir adam oğurluğu ilə pərdələmək elementlərini də görməliyik.
E.Abdullayevin videolarında yer alan Gülər Əhmədovanın da, digərlərinin də birmənalı günahları var. Buna qarşı sərt cəzanın verilməsini istəyənlərdənəm. Lakin virtual məkanda məhkəmə və prokuror kimi çıxış etmək də istəməzdim.
Bunun hər gün şahidiyik. Sanki səlib yürüşü baş verir. Informasiya axınları idarə olunur. Beyinlərin tutulması uğrundakı gündəlik dramatik hadisələrin şahidiyik.
Bir videonun təsiri virtual aləmi sanki Azadlıq meydanına çevirib. Bu əsl mübarizə deyil, sonda onları böyük məyusluq gözləyir. Hökumətin idarəetmə həlqələrində ciddi qüsurlar, problemlər baş verib. Ancaq iqtidar müxtəlif dövlət çevrilişi cəhdlərdən, xarici dövlətlərin diversion fəaliyyətlərindən və qəsdlərdən xilas olmuş iqtidardı.
Seçki mübarizəsinin taleyini başqa məqamlar həll edəcək.
Hüquq mühafizə orqanlarının yanlışlıqları varsa, buna da qiymət verilməlidir. Ancaq proses artıq o səviyyədən çıxıb.
Hakimiyyət əleyhinə çevrilənlərin üzərində başqa iri qüvvələr öz hakimiyyətlərini qurublar. Iqtidarla savaş aparanlar da onlardı. Onların vəzifələrini müəyyən etmək əsas qurumların üzərinə düşür və bundan çoxları məlumatlıdır. Bir az gözləyək. Onda yekun amansız olacaq.
“Prokuror cəmiyyəti məlumatlandırmalı idi”
– Artıq bir neçə aydır istintaq gedir və ortada daşdan keçən faktlar olsa da, məsuliyyətə cəlb edilən yoxdur. Bunu necə qiymətləndirirsiniz?
– Çox mənfi. Bu məsələ ilə bağlı cəmiyyətə daimi məlumatlar təqdim etmək prokurorluğun borcudur. Məhz informasiya qıtlığı səbəbindən proses bütövlükdə iqtidarın əleyhinə stimullaşdırılır. Halbuki onu öz çərçivəsində saxlamaq üçün aparılan istintaq tədbirləri haqqında işləri ictimaiyyətə çıxarmalı idilər. Bu halda kiminsə həyatını itirməsi, onun zəhərlənib-zəhərlənməməsi, prosesin bütövlükdə zəhərlənməsi, yaxud da kiminsə az qala parlament üzvlüyündən sonrakı dövrdə də müəyyən himayə qazanıb-qazanmaması, yaxud onun özünün bunu belə qələmə verməsi suallarına tam aydınlıq gələrdi.
Cəmiyyətdəki çağırışlar daha çox o şəxslərin üzərinədir.
Onlar buna görə məsuliyyət daşıyırlar.
“Orduda hüquqi prinsiplər bərqərar edilməyib”
– Orduda baş verənlərə münasibətinizi öyrənmək istərdik. Bu məsələlər parlametdə müzakirə oluna bilərmi?
– Cəmiyyətin orduya bu cür fəal diqqəti təqdirəlayiqdir. Millət onun təhlükəsizliyini və müdafiəsini təşkil edən ordunun həyatına biganə deyil. Bunun köklü səbəbləri var. Əgər biz parlament üzvü olaraq gündəlik hansısa hissələrdə baş verən hüquq pozuntularını cavablandırmağa aludə olacağıqsa, bu nəticəsiz məşğuliyyətə çevriləcək və prosesin də xeyrinə işləməyəcək. Biz onlarla sualın cavabını tapmalıyıq.
Ikinci məsələ orduda hüquqi prinsipləri bərqərar etməkdir. Orduya yanaşmada fərqli siyasi mövqe yoxdur. Problemlərə göz yummaq olmaz. Bu qədər ordu kütləviliyi halında 3,7 mlrd. dollar vəsait, bir sıra həlqələrdə o vəsaitlərə barmağın uzadılması, qeyri-şəffaflıq bu vəsait real hərbi gücə çevrilməsinə mane olur. Azərbaycanın müxtəlif hərbi və qoşun növləri modern səviyyəyə, yaxşı müdafiə qabiliyyətinə yiyələniblər. Amma Müdafiə Nazirliyi sistemində bu problemlər mövcuddur. Qarşıdakı dövrdə ordunun problemlərinin aradan qalxması, qeyri-döyüş itkilərinin olmaması, vətəndaşın orduya güvənc yeri kimi baxması, övladını mükəmməl sistemə göndərəcəyinə inanması vacibdir.
“Binədə həbs edilənlərə cəza verilməsi qüsurlu addımdır”
– Binə ticarət mərkəzində baş verən etiraz aksiyasına münasibətinizi öyrənmək istərdik. Yəqin səbəbləri Sizə də bəllidir. Vəziyyəti bu həddə çatdıranları günahlandırmaq əvəzinə heç bir siyasi tələbi olmayan şəxslərin tutulması, cəzalandırılması nə dərəcədə normaldır?
– Bunu yalnış qiymətləndirirəm. Onlara cəza verilməsi çox qüsurlu addımdır. Bu həmin məsələni iqtidarın əleyhinə çevirməyə əsas yaradır. Bu gün cəzalandırılanlar sabah məhbus kimi başqa qüvvənin barrikadasında yer alacaq. Dövlət başçısının yürütdüyü siyasət vətəndaşın iqtisadi hüquqlarını tanımağa xidmət edən addımlardı.
Bu kursun mahiyyətini təhrif edənlər, onu əngəlləməyə çalışanlar da zamanında qanunun sərt üzünü öz üzərlərində görəcəklər. Müxtəlif iqtisadi həlqələrdə, sahibkarlıq mühitində belə spamlar yaradırlar. Həmin sahibkarların üzərində işini aparan şəxsin özü də, onu himayə edən başqa adamlar da fərqində olmalıdırlar ki, əldə etdikləri milyonları məhz bu aksiyaçıların hesabına qazanıblar. Vətəndaşın mülkiyyət haqqına toxunmaq olmaz.
Bu müqəddəs dəyər və qanuni tələbdir. Həmin ticarət mərkəzində bütün münasibətləri hüquqa uyğun təşkil etmək və yeni-yeni öhdəlikləri, subyektiv tələbləri qadağan etmək gərəkdir. Əks halda yeni “planlara” qoşulan adamların etirazı və toqquşmalar qaçılmaz olacaq.
Gedib orda köşk işlədənin hüquqi statusunun hara çatdığını sual etsək, onun qeyri müəyyən olduğu üzə çıxacaq. Belə olmalı deyil. Azərbaycanda ticarət yerlərinə baxış bundan ibarət ola bilməz. Iqtisadi Inkişaf Nazirliyinin borcudur ki, ordakı kontingentin maraq və mənafelərini qorusun. Ora toplaşıb əlinə daş götürən insanlar əslində Kəbirəni yox, iqtisadi strukturları məzəmmət etməlidirlər.
Çünki bu qurumlar onların haqlarının təmin olunmağına çalışmayıblar. Mülkiyyət haqqı tanınmalıdır. Münasibətlər hüquqi müstəvidə olmalıdır. Hər kəs bir aydan bir yeni konyunktura müəyyənləşdirməli deyil. Kassa aparatları vacibdir. Ancaq sahibkarın üzərinə başqa ağır yüklə gəlirlər. Çünki həmin ticarət mərkəzində münasibətlər feodal qaydadadır. Məsələyə belə yanaşma səhvdir.
Hər kəsin tələbləri dinlənilməlidir. Dövlətin müvafiq qurumları da bundan öz mesajlarını götürməlidir. Bunu parlamentdə də gündəmə gətirəcəyik. Əlbəttə zorakılığı bütün hallarda pisləyirik və daşla danışmaq, polisə xəsarət yetirməyi heç kəs məqbul saya bilməz. Ancaq daşlarla danışılmağı istəmiriksə, bu məsələyə hüquqi çərçivədə qiymət verilməlidir. Bu problemləri həll etmək həmin sahəyə baxan qurumların vəzifə borcudur. Indiki halda bu Iqtisadi Inkişaf Nazirliyinə bağlı məsələdir.
Fizzə