İsraildə altıncı gündür ki, müharibə davam edir. Bu müharibə oktyabrın 7-də Həmas və İslami cihad Fələstin radikal qruplaşmalarının İsrailə qəfil basqını ilə başlanıb. Ölkə ərazisində islamçıların azı 130 mülkini girov götürdükləri deyilir.
Son məlumatlara görə hücum nəticəsində 1300 israilli həlak olub, daha 3300 nəfər yaralanıb. Onlardan 440-ı xəstəxanalara yerləşdirib və 100 nəfərin vəziyyəti son dərəcə ağırdır.
Buna cavab olaraq İsrail Qəzza zolağına fasiləsiz hava zərbələri endirir. Bu zərbələr nəticəsində 1417 fələstinlinin həlak olduğu xəbər verilib. Bunlardan 772 nəfərinin kişi, 248 nəfərinin qadın və 447-sinin uşaq olduğu xəbər verilir.
Fövqəladə hökumət
İsrailin baş naziri Benyamin Netanyahu oktaybrın 11-də gecə “Milli birlik” hökumətinin təşkil edildiyini bəyan edib. Bu hökumətin tərkibinə müxalif “Milli birlik” partiyasının lideri Beni Qantz da daxil olub.
Netanyahu deyib ki, hazırda ölkənin taleyi həll olunur. O bəyan edib ki, İsrail Həması bir vaxtlar dünya İŞİD-i məhv etdiyi kimi məhv edəcək.
Beni Qantz deyib ki, onun ölkəsi Livandan ediləcək mümkün basqınlara da hazırdır.
İslami cihadın liderləri öldürülüb
İsrailin müdafiə naziri Yoav Qallant bildirib ki, Qəzza zolağı ilə sərhəddə vəziyyət sabitləşib və İsrail radikal cihadçıların məhv edilməsi əməliyyatına başlayıb.
İsrail teleqram kanallarının məlumatına görə Qəzzanın şimal hissəsinə zərbələr nəticəsində İslami cihad təşkilatının liderlərindən biri – Musa Nazir həlak olub.
Bu qruplaşma oktyabrın 7-də İsrail ərazisinə Həmasla birlikdə basqın edib.
Əl-Cəzirə bu qruplaşmaya istinadla bildirib ki, İslami cihadın başqa bir lideri – Rəhman Şəhab da ailəsi ilə birlikdə həlak olub.
İsrail ordusu habelə Qəzza zolağındakı yeraltı tunellərə zərbələr endirdiyini bildirir.
Bu tunellər şəbəkəsi 2007-ci ildə Qəzzada Həmas hakimiyyətə gələndən bəri qazılır. Bölgəyə silah və sursat məhz bu şəbəkə vasitəsilə gətirilir.
Qaçqınlar
Xəbər verilir ki, İsrailin hava zərbələrinə görə Qəzzada 338 min insan evini tərk etməli olub. Bu bölgədə əhalinin ümumi sayı 2.3 milyon nəfərdir.
Misir öz sərhədini Fələstin qaçqınları üçün açmaqdan imtina edib.
İsrailin enerji naziri İsrael Kats deyib ki, Həmas bütün girovları azad etməyənə qədər Qəzzaya nə su, nə də elektrik verilməyək.
Azadlıq radiosu