“Bakıya girişlə bağlı 6 əməliyyat planı təklif olundu. İngilis qoşunlarının ən böyük gücü “Qurd qapısı”na toplanmışdı. İngilislər bu qapıdan başqa hər yerdən hücum gözləyirdilər. Ancaq Süleyman İzzət paşa məhz “Qurd qapısı”na hücum etməyi təklif etdi və Nuru paşa razılaşdı. Çünki Bakıya əsas qapıdan, ancaq qəhrəman kimi girmək lazım idi!”.
Böyük şəhərlərin də ikinci doğum günü olur.
Hər il sentyabrın 15-də -Bakının ikinci doğuluşu -qurtuluşu qeyd edilir.
Bir əsrin uzaqlığında dayanıb geri baxanda adama hər şey dumanlı gəlir.
O dövrün ziyalılarını, adi insanlarını yad edirsən.
Onlar nə düşünür, nə daşınır, nəyə ümid edirdilər?
Belə Vətəndə, belə şəhərdə necə yaşayırdılar?
Qurtuluş öncəsi Bakı hansı durumda idi?
Və Bakı onun qanına-neftinə susamış yadellilərdən necə qurtuldu?
Bu sualları cavablamaq üçün Bakının qurtuluşuna müxtəlif baxış bucağından baxmağa çalışacağıq.
Bakının qurtuluşu Nağı bəy Şeyxzamanlının gözündə
Osmanlı ordusunun Azərbaycana çağrılması məsələsi Gəncədə həll edilib. Bu dəvəti gerçəkləşdirən, bu tarixi gəlişin baş qəhrəmanı sonralar cümhuriyyətin naziri olmuş Nağı bəy Şeyxzamanlı olub. Nağı bəy mühacirətdə qələmə aldığı xatirələrində yazır: “Azərbaycanın qəlbi və mərkəzi Bakı rus və erməni əsgərlərinin işğalı altında idi. Bakını düşməndən təmizləmək lazım idi. Ancaq bu xalq qüvvələri ilə başa gələcək iş deyildi. Vəziyyətə bir çarə arayan Milli Komitə Gəncədə bir toplantı keçirdi. Toplantıya Milli Komitə üzvlərindən başqa şəhərin adlı-sanlı üzvləri də dəvət edilmişdilər. Bu tarixi toplantını açan Nəsib bəy vəziyyəti izah etdikdən sonra nitqini bu cümlələrlə bitirdi: “Xalqın içindən toplanmış xalq qüvvələrinin gördüyü işlər xalqın gözünün qabağında cərəyan etmişdi. Hər hərəkətimiz zəfərlə nəticələnmişdi. Ancaq bu qəhrəman hərəkatlar nəticəni əldə etməkdən çox uzaqdır. Bu dəfə Azərbaycanın mərkəzi Bakı düşməndən təmizlənməlidir. Əslində başsız bədən olmaz və yaşaya bilməz. Gerçək olaraq böyük bir yardıma ehtiyacı vardır və bu yardımı da bizə ancaq Osmanlı İmperiyası edə bilər. Burada Osmanlı İmperiyasına bir səlahiyyətli nümayəndə heyətinin göndərilməsini və hərbi yardım istənilməsini qərara alaq”.
Niyə Nuru paşa?
Elə də edirlər. Nümayəndə heyətinin başçısı kimi Nağı bəy Şeyxzamanlı yardımı təmin etmək üçün Türkiyəyə göndərilir. Sonralar mühacirətdə yazdığı xatirələrində Nağı bəy bu səyahəti geniş təsvir edib. Həm də Qafqaz İslam Ordusuna niyə Nuru paşanın komandan təyin olunmasının ilginc bir səbəbini açıqlayıb:
“Paşam, komandan o şahzadə olmasın”
Türkiyədə saysız məqamlara baş vuran, hətta “Yıldız Sarayı”nda Sultanla belə görüşən Nağı bəy Hərbiyyə naziri Ənvər paşa ilə bir dialoqunu belə anladır: “…görüşdüyüm siyasi xadimlərdən “İttihat və Tərəqqi” Partiyasının mərkəzi qərargahında yalnız Tələt, Ənvər və Camal paşaların Türk ordusunun Qafqaza getmələrini istədiklərini, digərlərininsə buna razı olmadıqlarını öyrəndim. Mən, demək olar, hər gün Ənvər paşa ilə görüşdüm. Görüşümüzün birində özümü topladım və Ənvər paşanın mənim xətrimi istədiyindən istifadə edərək dedim: “Paşam, sizinlə açıq danışmaq istəyirəm. Biz Qafqaz türkləri iki qüvvəyə inanırıq. Yuxarıda Allah, aşağıda Ənvər paşa. Eşitdiyimə görə, sizin Nuru adlı bir qardaşınız vardır. Sizdən xahiş edirəm, Qafqaza gedəcək hərbi qüvvənın başına Nuru Paşanı təyin edin. Paşam, ölkəmiz dünyanın ən zəngin yerlərindən biridir. Qocaman div olan Rusiyanı qudurdan, sağa-sola hücum etdirən Bakı neftidir. Bu neftin 70 faizi biz Azərbaycan türklərinindir. Xalqı zəhmətkeş və çalışqandır. Eyni zamanda olduqca qəhrəmandır”.
Azadlıq radiosu