Ermənistan Milli Məclisində mayın 24-də keçirilən iclasda deputatlar arasında qarışıqlıq olub.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu iclasda Kassasiya Məhkəməsinə hakimlərin seçilməsi müzakirə olunurdu.
Keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasından deputat Artur Sarkisyan hakimliyə namizəd Armen Danielyanı onun hüququnu pozmaqda ittiham edib.
Deputat iddia edib ki, o 2021-ci ilin 15 noyabrında həbs edilərkən danışmasına imkan verilməyib:
“Siz bugün bu tribunada dayanıb fəxrlə deyirsiniz ki, bütün qərarlarınızı qanun çərçivəsində qəbul etmisiniz. Deməliyəm ki, siz qanunsuz qərarlar qəbul etmisiniz. Buna sübut mənim həbsim barədə qanunsuz qərarınızdır. Mən çox düşünmüşəm ki, siz mənə niyə o vaxt danışmaq imkanı verməmisiniz, çünki mənim gözlərimin içinə baxıb məni həbs etməyə kişiliyiniz çatmayıb”.
Çıxışın bu məqamında parlamentin spikeri Alen Simonyan deputatı “ədəbli” olmağa dəvət edib və deyib ki, “kişilik standartları Milli Məclisdə müəyyən edilmir”.
Artur Sarkisyan çıxışın sonunda hakimliyə namizədə üz tutub: “Mənim gözümün içinə bax və mən çıxıb gedim”.
Onun bu sözlərindən sonra deputatlar arasında çəkişmə başlanıb. Spiker mühafizəyə Sarkisyanın zaldan çıxarılması üçün göstəriş verib.
Azadlıq radiosu