«Gənclərin aksiyası göstərdi ki, insanlar artıq qorxmadan dəyişiklik istəyir»
Fuad Qəhrəmanlı: «Bizdə lider boşluğu olmayacaq»
«İddiada deyil, mübarizədə öndə olmağa üstünlük veririk»
Gündəmin əsas mövzuları ilə bağlı “Azadlıq”ın suallarını AXCP sədrinin müavini Fuad Qəhrəmanlı cavablandırır.
– Artıq seçki ilinə daxil olmuşuq. AXCP-ni bu mərhələdə əsas hədəfləri nədir?
– AXCP-nin seçkilərlə bağlı siyasətində üç istiqamət prioritet təşkil edir. Birinci Ictimai Palata da daxil olmaqla müxalifətin, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə cəmiyyətin dəyişikliklər istəyən bütün kəsimlərini təmsil edən birlik modelinin yaradılması. Ikinci vacib məsələ bu birlik çərçivəsində səyləri ölkədə demokratik seçki mühitinin yardılmasına yönəltməkdir. Demokratik seçki mühiti yaratmaq dəyişikliklərə tərfdar olan hər kəsin maraqlarına uyğun olduğu üçün, biz həm də buna birləşdirici bir motiv kimi baxırıq. Üçüncü prioritet isə sadaladığım bu iki məqsədin necə yerinə yetrilməsindən asılı olaraq, əgər seçkidə iştiraka qərar verəcəyiksə, o halda geniş birlik formatı çərçivəsində vahid namizədin müəyyən olunmasıdır. Vahid namizədə bəziləri əsas namizəd də deyirlər. Bu fərq etməz, əgər aparıcı qüvvələrin müəyyənləşdirdiyi namizəddən söhbət gedirsə, bunu həm vahid namizəd, həm də əsas namizəd saymaq olar. Burada vacib olan əsas məsələ aparıcı qüvvələr formatının reallığa uyğun müəyyənləşdirilməsidir. Çünki namizədin statusu bu dəstəyə görə müəyyənləşəcək. Ancaq biz hesab edirk ki, əsas aparıcı qüvvələr deyəndə onların tərkibini təkcə IP-də təmsil olunan qüvvələrlə məhdudlaşdırmaq olmaz və biz dəyişiklik istəyiriksə mütləq daha geniş birliyə ehtiyacımız var.
– Bu baxımdan Ziyalılar Formunun rəhbərlərindən Rüstəm Ibrahimbəyovun Milli Şura yardılması ilə bağlı təklifini necə qiymətləndirirsiniz?
– Rüstəm bəyin təklifi AXCP-nin birlik və vahid namizədlə bağlı mövqeyinə uyğundur. Ümumiyyətlə, demokratik potensialın konsolidasiyası və birgə fəaliyyət istiqamətində səyləri müsbət qiymətləndiririk. Bu baxımdan vahid namizədin daha geniş formatda müəyyən olunması prinsipi ən çox iddialını deyil, ən güclünü seçməyə imkan verə bilər.
AXCP olaraq biz bu məsələdə həm də öz liderimizin şansına güvənirik. Bu, təkcə bizim fikrimiz deyil, son aylar ərzində internetdə keçirilən sorğuların hamısında Əli Kərimlinin qalib olması, təkcə bizim partiyanın deyil, həm də cəmiyyətimizin şansıdır. Çünki bu o deməkdir ki, Rusiya müxalifətindən fərqli olaraq, bizdə hamının qəbul edə biləcəyi vahid lider boşluğu olmayacaq. Bununla belə, bu bir reallıqdır ki, heç bir partiyanın gücü ilə bu gün ölkədə dəyişiklik yaratmaq, iqtidarın saxtakarlığının qarşısını önləmək mümükün deyil. Odur ki, birlik çağrışlarının artması və ziyalıların da bu mövqeyi müdafiə etməsi məncə, demokratik düşərgənin konsolidasiyası prosesinə müsbət təsir göstərəcək. Biz nəzərə almalıyıq ki, seçki institutuna inamını itirmiş vətəndaşı sandıq başına gətirmək üçün ilk növbədə onu inandırmalısan ki, bu dəfə əvvəlkilərdən fərqli nəticə gözlənilir. Bu gözləntini yaratmağın yolu isə birlikdən keçir. Əks təqdirdə xalq bu seçkini boykot edəcək. O zaman seçkiyə qatılan namizədlərdən iqtidar istifadə edərək alternativlərin iştirakı ilə rəqabətli seçki keçirdiyini iddia edəcək.
– Maraqlıdır ki, bir çoxları artıq seçkidə iştirak edəcəklərini bildirdiyi halda Əli Kərimli hələ öz qərarını verməyib. Ancaq bir çox tanınmış insanlar da media vasitəsi ilə onu vahid namizəd görmək istədiklərini açıqlayıblar. Əli bəyin qərarını açıqlamaması bir çoxlarında belə fikir yaradır ki, deyəsən AXCP boykota meyllənir.
– Əsla belə deyil. Bu gün ölkədə normal seçki kampaniyası aparmaq üçün şərait varmı? Minimum şərtlər belə yoxdur. Bu halda demək, qüvvələri bir araya gətirib öncə seçki şərtlərinin dəyişdirilməsi uğrunda mübarizə aparmaq gərəkdir. Namizədliyini verənlər bütün bunlara baxmayaraq diqqəti alternativ kimi özlərinin təbliğatıına yönəltməyə üstünlük verirlər. Əli Kərimli isə hesab edir ki, öncə heç olmasa ilkin demokratik şərtlər təmin olunmalıdır. Bizim məqsədimiz seçki şərtlərini nəzərə almadan namizəd statusunda təqdim olunmaq deyil, istəyimiz ölkədə dəyişikliklərə nail olmaqdır və bu səbəbdən də iddiada deyil, mübarizədə öndə olmağa üstünlük veririk.
– İllərdir dəyişməyən şərtlərin qarşıdakı bir neçə ayda dəyişəcəyinə hansısa təminat varmı? Bu halda nə düşünürsünüz?
– Bax, bu fikrə görə bəzilərinə elə gəlir ki, biz boykota üstünlük veririk. Halbuki belə deyil. Siyasətdə qərarlar zamana və şərtlərə görə verilir. Əli bəyin seçkidə iştirak edib-etməmə qərarı havadan götürülməyəcək, şərtlər və imkanlar dəyərləndirilərək zamanı gələndə veriləcək. Bu baxımdan tələsməyə lüzum yoxdur, çünki bizim qarşımızda namizədliyə qədər görüləsi işlər var. Rəsmi seçki kampaniyası başlayana qədər biz əlimizdən gələni edək, sonra da seçki ərəfəsi situasiyaya uyğun qərarımızı verərik. Bu zaman biz iki variantı əsas götürəcəyik. Birincisi seçkidə iştirak o zaman real sayılacaq ki, demokartik mübarizə yolu ilə hakimiyyət dəyişikliyi imkanı yaransın. Ikinci variantda isə əgər seçki yolu ilə dəyişiklik real görünməyəcəksə, cəmiyyəti səfərbər edib saxtalaşdırılmış seçkinin legitimliyini sual altına almaq və kütləvi etiraz zəminində siyasi böhran yaratmağın mümkün olub-olmadığı nəzərə alınacaq. Bu iki halda AXCP-nin seçkilərdə iştirakı real sayıla bilər. 12 yanvar etiraz aksiyasında minlərlə gəncin meydana çıxması, “Binə” ticarət mərkəzində baş verənlər göstərdi ki, cəmiyyət siyasətin subyektinə çevrilir və demək, AXCP olaraq biz 2013-cü il seçkilərində bu iki hədəfədən birinə nail olacağıq.
Qərbin indiyə qədərki mövqeyi yanlış olub
– Son vaxtlar beynəlxalq təşkilatların Azərbaycan hökumətinə təzyiqləri artıb. Avropa Birliyinin demokratiyanın dəstəyi üçün yaratdığı xüsusi fond Azərbaycana da yardım edəcəyini vurğulayıb. Ümumiyyətlə, seçkidə beynəlxalq ictimaiyyətin, təşkilatların mövqeyindən nə gözləyirsiniz?
– Azərbaycanın qoşulduğu beynəlxalq təşkilatlar, Qərb dövlətləri indiyə qədər Azərbaycanda demokratiyanın inkişafı məsələsində yanlış strategiya seçiblər. Onlar düşünüblər ki, hökumətlə işləmək, onu islahatlara təşviq etmək yolu ilə Azərbaycanda demokratiyaya keçidi təmin etmək mümkün olacaq. Nəticə də o oldu ki, bu siyasətin sonu kimi Azərbaycan beynəlxalq hesabatlarda yarım azad ölkədən, azad olmayan ölkəyə çevrildi. Əgər iqtidar heç bir beynəlxalq çağırışı dinləmirsə, o zaman əks düşərgənin – müxalifətin, medianın, vətəndaş cəmiyyəti qrumlarının gücləndirilməsi, dəstəklənməsi yolu ilə effektiv müqavimət yaratmağa ehtiyac var. Mənasız QHT layihələrinə xərclənən vəsaitlər susuz qumsallığa səpilən toxum kimidir. Bu günə qədər ABŞ və Avropa Birliyi tərəfindən demokartiyaya konkret, təyinatlı dəstəyin göstərilməməsi tənqid olunmalıdır. Məsələn, iqtidarın ciddi maliyyə təzyiqlərinə qarşı güzəştli şərtlərlə müstəqil mətbuatın nəşrini həyata keçirən bir mətbəə yaradılasaydı, bu, azad medianı təhdidlərdən qoruya bilərdi. Və ya mitinqdə cərimələnənlərin dəstəklənməsi, peyk televizyasının yardılması və s. Ancaq bununla belə, görünür ki, son illər beynəlxalq medianın iqtidarı korrupsiya və insan haqları pozuntusuna görə kəskin tənqid etməsi artıq Qərb dövlətlərinin və beynəlxalq təşkilatların mövqelərinə də ciddi təsir göstərib. Ona görə də qarşıdan gələn seçkilərdə beynəlxalq qurumların baş verənlərə daha prinsipial və adekvat münasibət göstərəcəkləri gözlənilir. Bu baxımdan Avropa Şurasının və Avropa Birliyinin mövqeləri indi daha prinsipial görünür. Təəssüf ki, hələ ki, ABŞ barədə bunu demək olmur. Ancaq xalq olaraq bilməliyik ki, hər şey özümüzdən asılıdır.
İlham Əliyevin kimisə qurban vermək imkanı qalmayıb
– Cəmiyyətdə ciddi təpkiyə səbəb olan əsgər ölmündən sonra çoxları belə düşünürdü ki, Ilham Əliyev buna reaksiya verəcək. Amma gözlənilənlərin tam əksinə oldu. Ilham Əliyev o hadisədən sonra keçirdiyi müşavirədə günahkarları deyil, bu barədə informasiya yayanları hədəfə götürdü, onlara “ünsür” dedi. Bu cür yanaşmaya münasibətiniz necədir?
– Siz bir anlığa düşünün ki, Heydər Əliyev eyni situasiyada nə edərdi. Yəqin ki, hamıdan daha çox özünün kədərləndiyini göstərib, yaxşı səhnələşdirilmiş bir tamaşa qurardı. Ancaq Ilham Əliyev nə etdi? Bütün ölkəni narahat edən məsələyə münasibət belə bildirmədi. Bu yetmirmiş kimi, əsgər ölümünə görə narahat olan on minlərlə siyasi mənsubiyyəti olmayan insanı qarşısına alıb, onları “ünsür” adlandırdı və onlara göstərdi ki, kimsəni saymır, nəinki siyasi tələblərin, heç insanların acısının, dərdinin də ona heç bir təsiri yoxdur. Bu, cəmiyyətə meydan oxumaq idi. Bu çıxışdan sonra internet müzakirələrindən də görünür ki, dünənə qədər loyal olan, məsələləri siyasiləşdirməyin deyən insanlar müxalifəti artıq haqlı sayırlar, bu iqtidarla dil tapmağı mümkünsüz hesab edirlər.
– Yeri gəlmişkən, gənclərin bu aksiyada cərimələnənlərlə bağlı “5 qəpik” aksiyasını necə qiymətləndirirsiniz?
– Avtoritar rejimlərin süqutunun göstəricilərindən bir də onların cəza üsullarının əks effekt verməsidir. Baxın, böyük cərimələrlə insanları qorxutmaq istədilər, əvəzində nə oldu, hakimiyyətin imicini 5 qəpik səviyyəsinə salan bir kampaniya başladıldı və gənclər arsında görünməmiş bir həmrəylik prosesinin əsası qoyuldu. Bu “5 qəpik” kampaniyası təkcə həmrəylik tədbiri deyil, həm də rejimə etiraz aksiyasıdır və qanunsuz cərimə cəzası əks effekt verdi.
– Elşad Abdullayevin videolarında ciddi faktlar ortaya qoyuldu. Amma videolarda adları çəkilən yüksək çinli məmurlar hələ də vəzifələrindədir. Çoxları bu məsələdə dövlət başçısının son söz deyəcəyini gözləyir. Sizcə, Ilham Əliyev buna iradə göstərəcəkmi?
– Hazırkı şərtlərdə Ilham Əliyevin kadr dəyişikliyinə gedəcəyini gözləmirəm. Baxın, əgər Gülər Əhmədova “ağzımı açdırmayın” deyib meydan oxuya bilirsə, demək, oliqarxların daha böyük təhdid imkanları var. Bir də kimsə cinayəti özbaşına etməyib. Kimi qurban vermək istəyirlərsə o, özündən yuxarıdakını da işin içinə qatmaqla təhdid edir. Əslində iqtidardakılar anlayırlar ki, onlar həm də cinayət ortaqlarıdırlar və ona görə də kimsə özünü ayrıca götürülmüş şəkildə günahkar saymır. Buna görə də Ilham Əliyevin kimisə qurban vermək imkanı yoxdur. Bundan əlavə hakimiyyətin idarə olunması forması da artıq dəyişib. Indi bu iqtidarda tək iradə sahibi yoxdur, ayrı-ayrı oliqarxların ittifaqı yaranıb. Bu şəraitdə hansısa ciddi fiquru vurmaq daxili balansı poza bilər. Ona görə də daxildən və xaricdən təzyiqlərin artdığı bir şəraitdə hər hansı dəyişikliyə dövlət başçısı risq kimi baxır.