2015-ci ildə Azərbaycanda genişzolaqlı internet infrastrukturunun inkişafı üzrə üçillik Fəaliyyət Proqramı hazırlanmışdı. Rəsmi açıqlamada bildirilmişdi ki, hökumətin məqsədi 2019-cu ildə genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır. Həmin vaxtdan üç ildən çox zaman ötsə də, açıqlanan bilgilərdən aydın olur ki, hökumət bu hədəfini gerçəkləşdirməyib. Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev indiyədək Azərbaycan vətəndaşlarının 39 faizinin genişzolaqlı internetə çıxışının təmin olunduğunu söyləyib. Bu isə hökumətin 2019-cu ildə çatmaq istədiyi göstəricidən (85 faiz) iki dəfə az faiz deməkdir. Nazirin dediyinə görə, Xəzər dənizinin dibi ilə yeni internet xətti çəkiləndən sonra mənzillərin hamısında genişzolaqlı internetə çıxış olacaq.
Azərbaycanda internetin sürət və keyfiyyət baxımından gərəkli səviyyədə olmaması tez-tez gündəmə gəlir. Müstəqil ekspertlərin fikrincə, bu cür problemlərin başlıca səbəblərindən biri bazarda dövlətin hegemon paya sahib olmasıdır. Dövlət və özəl provayderlər arasında rəqabət ortamının bərabər olmaması da səbəblərdən biridir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycanda internet sürətinin zəifliyinə dair ötənilki açıqlamasında bildirmişdi ki, ölkədə sabit genişzolaqlı internet istifadəçilərinin təxminən 70 faizi interneti ADSL üzərindən alır. Bu texnologiyanın da sürətli olmasından ötrü yeni infrastruktura ehtiyac var. ADSL texnologiyasının saniyədə 10 MB-lıq üst həddi var. Azərbaycanda 19 faiz, Gürcüstanda 93 faiz, Rusiyada 68 faiz istifadəçi sabit genişzolaqlı internet xidmətini fiber-optik xətlərlə alır. İnternetin daha sürətli olması üçün infrastrukturu yeniləmək, gərəkli texnologiyalara iri həcmdə investisiya yatırmaq lazımdır.
Azadlıq radiosu