Nazirlər ABŞ milli təhlükəsizlik müşaviri ilə görüşüblər
Bugün, mayın 3-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına (ABŞ) işgüzar səfəri çərçivəsində Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, əsas müzakirələrin Ermənistanla normallaşma prosesinə həsr olunduğu görüşdə həmin ölkənin xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib.
XİN-in bildirməsinə görə, görüş zamanı Ceyhun Bayramov sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyətini vurğulayıb:
“Bununla yanaşı, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının ölkənin daxili məsələsi olduğunu, bu istiqamətdə səylərə Ermənistan tərəfinin müdaxiləsinin qəbuledilməz olduğunu diqqətə çatdırıb.”
XİN-in məlumatına görə, o, eyni zamanda, “erməni silahlı qüvvələrin hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmamasının ciddi təhdid mənbəyi olduğunu vurğulayıb”.
Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan isə bölgədə sülh və sabitliyin təmin olunmasında, sülh sazişi üzrə danışıqların uğurla nəticələnməsində ABŞ tərəfinin maraqlı olduğunu bildirib.
Bu açıqlamaya və orada qeyd edilənlərə, hələlik, Ermənistan rəsmilərinin münasibəti bəlli deyil. Amma Ermənistanın rəsmi qurumları birqayda olaraq öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmadıqları haqda deyilənləri qəbul etmirlər.Onlar deyirlər ki, Qarbağın “müdafiə ordusu” onlara aid deyil.
Azadlıq radiosu