Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti mayın 1-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda gedən danışıqlarının birinci gününün sonunda optimizm ifadə edib.
Mətbuat katibinin müavini Vedant Patel gündəlik brifinqində “Sülh mümkündür… Biz inanırıq ki, birbaşa diplomatiya ilə dialoq baş tutur” deyib.
“Turan”ın xəbərinə görə, Dövlət Departamentinin Vaşinqton yaxınlığındakı Təlim Mərkəzində keçirilən bu danışıqların dörd gün çəkəcəyi gözlənir.
Agentliyin “Vaşinqton uğurlu nəticəni necə təsəvvür edir” sualına Patel deyib ki, “bu, iki ölkədən asılıdır”.
“Nəhayət, biz Cənubi Qafqazda sülhün mümkün olduğuna inanırıq… Bizim axtardığımız budur – Dağlıq Qarabağ regionunda bu iki ölkə arasında sülh və sabitlik”, – o, sözlərinin sonunda vurğulayıb.
Azərbaycan və Ermənistan nazirləri ABŞ-da görüşüb
Mayın 1-də Amerika Birləşmiş Ştatlarında bu ölkənin dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb.
“Turan” Agentliyinin xəbərinə görə, ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmiləri onlara bildiriblər ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında mayın 1-də səhər Vaşinqton yaxınlığında başlayan müzakirələr “çox konstruktiv olub”.
Xəbərdə vurğulanır ki, Dövlət katibi Entoni Blinken mayın 1-i səhər onlarla ayrı-ayrılıqda, eləcə də üçtərəfli formatda görüşüb.
Xəbərə görə, Dövlət Departamentin adının çəkilməsini istəməyən yüksək rütbəli rəsmisi agentliyə deyib ki, ABŞ-ın öhdəliyi “Cənubi Qafqaz üçün dinc, demokratik və firavan gələcəyi təşviq etməkdir”.
“Biz uzun müddətdir deyirik ki, birbaşa dialoq davamlı sülhə nail olmaq üçün problemlərin həllinin açarıdır. Biz müzakirələrin həftə ərzində davam edəcəyini gözləyirik”, – deyə rəsmi “Turan”ın danışıqların vaxtı ilə bağlı sualına cavab verib.
Azadlıq radiosu